image-rt-reklam
image-5backend

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

image-728x90

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağın təsis edilməsi birdən-birə baş verməyib, bunun zəngin tarixçəsi var. Azərbaycan bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da rəsmi olaraq elan edilib. Nazirlər Şurasının 1918-ci ildə iki qərarı elan olunub: birinci qərar mətbuatda senzuranın aradan qaldırılması, ikinci qərar isə 3 rəngli dövlət bayrağı haqqında olub.

Həmin vaxta qədər biz qırmızı rəndə olan və səkkiz guşəli bayrağı dövlət bayrağı kimi istifadə edirdik. Bayrağımızın qərarlaşma tarixi buradan başlayır. Dövlət bayrağının siyasi mənasını Məhəmməd Əmin Rəsulzadə verib. İdeya və fikir kimi Əli bəy Hüseynzadə “Füyuzat” jurnalında ilk dəfə olaraq islamçılıq, türkçülük, müasirlik məsələlərinə toxunub. Bu fikri Ziya Göyalp genişləndirib. Rəsulzadə isə ideyanı daha da dərinləşdirib. İstər Ziya Göyalpın, istərsə də Əli bəy Hüseynzadənin fikirlərində birinci yerdə mavi rəng, ikinci yerdə yaşıl rəng, üçüncü yerdə müasirlik rəmzi olan qırmızı rəng yer alırdı. Rəsulzadə bu düsturu pozdu. O, qırmızı rəngi ikinci yerə, yaşıl rəngi isə üçüncü yerə qoydu. Rəsulzadə yazırdı ki, biz bütün dünya dövlətlərinə sübut etməliyik ki, müasir, çağdaş dövlət qururuq.

Ona görə də bizim bayrağımızda qırmızı rəngin yeri dəyişdirildi. Yaşıl rəngi ikinci yerə qoysaydıq, belə çıxacaqdı ki, islam və dini dövlət qururuq. Amma Rəsulzadə dedi ki, biz islam deyil, müasir, Avropa dövləti qururuq. Buna görə də belə yerdəyişmə oldu. Rəsulzadə bu addımını 1915-ci ildə rəsmi şəkildə öz yazılarında əsaslandırmışdı.

M.Ə. Rəsulzadə 1915-ci ilin oktyabrın 2-də “Açıq söz” qəzetində nəşr olunan “Tutacağımız yol” məqaləsində qeyd edib: “Bizim tutduğumuz yol nə yol olmalıdır? Biz hansı yolu tutmalıyıq? Özü də cavab verirdi: “Biz müasirləşmək, yeniləşmək, əsrləşmək yolunu tutmalıyıq. Çünki bütün bəşəriyyət müasirləşməyə, əsrləşməyə gedir. Biz də o yolla getməliyik. Əks halda biz o biri millətlərdən geri qalacağıq”.

3 rəngli bayrağımız ilk dəfə 1918-ci ilin noyabrın 16-da İranın Ənzəli şəhərindən Bakıya gələn general Tomsonun qarşılanma mərasimində istifadə olunub. Bunun başqa mənaları vardı. Çünki ingilislər bizim əvvəlki bayrağımıza etinasız yanaşırdılar. Deyirdilər ki, bu, türk bayrağıdır, Türkiyənin formalaşdırdığı dövlətdir.

Bayrağı dəyişməklə onlara sübut etmək istəyirdik ki, bizim qurduğumuz dövlət Türkiyənin qurduğu dövlət deyil. Bayrağı fərqli etdik ki, onları inandıraq.

1918-ci ilin dekabr ayında Azərbaycan parlamentini formalaşdıran zaman Bakıda yaşayan ruslar və ermənilərin təhriki ilə general Tomson qərar vermişdi ki, bayraq iclas olmayanda binanın üzərindən götürülsün. Deməli, həftənin birinci, dördüncü günləri indiki Əlyazmalar İnstitutunda Azərbaycan parlamentinin iclasları keçirilirdi. Saat 1-də iclas başlayırdı, bayrağı taxırdılar, axşam saat 7-də iclas bitən kimi ingilislər deyirdi ki, bayraqları götürün. Rəsulzadə yazırdı: “Biz min müşkülatla bayrağı xalqımızın başı üzərində dalğalandırdıq”.

Qeyd edək ki, Azərbaycanda bayrağımız daim təbliğ olunur, ona sevgi aşılanır. 2007-ci ilin noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı meydanı yaradılması barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2007-ci ilin dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyuldu.

2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının İlham Əliyevin iştirakı ilə açılışı olub. 2024-cü ildə yeni bayraq dirəyinin quraşdırılma prosesi aparılıb və yeni bayraq dirəyi qurulub. Meydan 2024-cü ilin noyabrın 8-də yenidən açılıb. 2024-cü ilin noyabr ayından dünyanın ən böyük bayrağı bu Meydanda dalğalanır. Bayrağın dirəyi ən hündür bayraq dirəyi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90