Qardaş Türkiyə tarixinin daha bir ağrılı-acılı günlərini yaşayır. Bir neçə gün əvvəl Kahramanmaraş başda olmaqla qardaş ölkənin 10-a yaxın vilayətində baş verən dağıcı zəlzələ indiyə qədər 13 minə qədər can alıb. Həmçinin, 60 mindən çox bacı və qardaşımız zəlzələ zamanı xəsarət alıb. Təbiət hadisəsinin əhatə etdiyi bölgələrdəki əhali sayının milyonlarla ölçüldüyünü nəzərə alsaq, təəssüf hissi ilə qeyd edə bilərik ki, həm ölü, həm də yaralı sayının artma ehtimalı böyükdür.
Hazırda qardaş ölkə dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması ilə məşğuldur. Bu prosesdə ona ilk dəstəyi verən isə təbii ki, Can Azərbaycandır. Canı, qanı bir qardaşlarının dar günündə, acılı zamanında onların ilk yanına qaçan məhz Azərbaycan dövləti və Azərbaycan xalqı olmalı idi.
Hadisə baş verən ilk andan etibarən Azərbaycan dövlət başçısı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyə dövləti və xalqının dərdinə şərik çıxdığını bildirdi və qardaş ölkəyə yardımların, xilasedicilərin göndərilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi. Zəlzələ baş verən gündən Azərbaycandan qardaş ölkəyə göndərilən yardımların ardı-arası kəsilmir, hər kəs Türkiyəyə dəstək olmaq, onu bu acı günlərdə yalnız buraxmamaq üçün səfərbər olub. Təbii ki, Azərbaycan vətəndaşının bu nümunəvi davranışı dövlət başçısının eyni jesti və davranışından irəli gəlir. Türkiyənin istəyi olmadan Azərbaycan Prezidentinin qardaş ölkəyə yardım göndərməsi dünyaya, beynəlxalq aləmə bir nümunə olmaqla yanaşı, həm də xalqa nümunə idi. Və xalq da bu nümunədən örnək götürərək əlindən gələn hər bir yardımı etməyə çalışır.
Azərbaycan-Türkiyə dostluq və qardaşlığının digər bir nümunəsi ötən gün dövlət başçısı İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək Türk xalqının kədərinə şərik çıxması oldu. Bu həm də dünyaya bir qardaşlıq, dostluq nümunəsi idi ki, dostluq-qardaşlıq məhz belə olar.
Elə Milli Məclisin deputatları da hesab edirlər ki, xoş günlərdə olduğu kimi, dar gündə də hər zaman iki qardaş ölkə bir-birinin yanında olub, bir-birinə dəstək nümayiş etdirib. Bunun əksini fikirləşmək, düşünmək isə Bakı-Ankara qardaşlığına uyğun olmayan tendensiyadır. Milli Məclisin deputatı Nəsib Məhəməliyevin sözlərinə görə, bu gün Azərbaycan xalqı Türkiyənin kədənini öz kədəri kimi yaşayır, o ağrı-acını özündə hiss edir: “Bu gün kimliyindən aslı olmayaraq hər bir azərbaycanlının Türkiyə ilə birlik nümayiş etdirdiyini deyən millət vəkili də hesab edir ki, başqa cür ola da bilməz: “Minlərlə insan tələfatı və böyük dağıntılara səbəb olan təbii fəlakətdən sonra dünyanın bir çox ölkələri Türkiyəyə öz kömək və yardımlarını təklif etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə yardım barədə çağırış gözləmədən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrindən ibarət heyətin göndərilməsi barədə tapşırıq verdi. Şəxsi heyətlə yanaşı, zəlzələ bölgəsinə böyük həcmdə xilasetmə avadanlıqları, humanitar yardımlar göndərilib”.
Hazırda da Azərbaycandan qardaş ölkəyə yardımların göndərilməsinin davam etdiyini diqqətə çatdıran Nəsib Məhəməliyev diqqətə çatdırıb ki, Türkiyə də hər zaman Azərbaycana dəstək olub: “Hesab edirəm ki, qardaşlıq məhz bu cür olmalıdır. İndiki vəziyyətdə də dövlətimizin Türkiyəyə operativ dəstəyini yüksək qiymətləndirirəm. Eyni zamanda xalqımızla fəxr edirəm və qürur duyuram ki, hər hansı təbliğ kampaniyası aparmağa ehtiyac olmadan hər kəs öz üzərinə düşən qardaşlıq borcunu yerinə yetirməyə çalışır”.
Millət vəkili İqbal Məmmədov da deyib ki, hər zaman olduğu kimi bu dəfə də bu ağrılı-acılı günlərdə qardaş Türkiyənin yanında ilk yer alan ölkə Azərbaycan oldu. Millət vəkili qeyd edib ki, dağıdıcı zəlzələnin baş verməsi barədə xəbər yayılan kimi Azərbaycan dövlət başçısı cənab İlham Əliyev türkiyəli həmkarına zəng edərək türk xalqının dərdinə şərik oldu, qardaş ölkəyə yardım istəyi açıqlanmadan belə tapşırıq verərək yardım və xilasedici dəstələr göndərdi: “Bu günlərdə vətəndaşlarımızın atdığı addımlar, Azərbaycan xalqının nümayiş etdirdiyi yardımsevərlik də hər birimizdə qürur hissi yaratdı. Vətəndaşlarımızın 7-dən 77-yə əlindən gəldiyi qədər Türkiyədə zəlzələdən zərər görənlərə yardım aksiyasına qoşulması ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tarixi kəlamının əyani sübutidur”.






















