Sosial şəbəkələrdə yayılan görüntülər “Dost Estetik Mərkəzi”ndə həyata keçirilən bir əməliyyatla bağlı ciddi suallar doğurub. İddialara görə, mərkəzdə “Dr. Gülü” adı ilə tanınan şəxs, heç bir tibbi etikaya uyğun olmayan davranışlar sərgiləyərək pasiyent üzərində əməliyyat icra edib.
Məlumatlara görə, “Dost Estetik Mərkəzində” həyata keçirilən əməliyyat zamanı tibb sanitariya və təhlükəsizlik qaydaları pozulub. Özünü həkim olaraq təqdim edən Güllbadə Abdullayeva, heç bir ali tibbi təhsili olmadığı halda, tibbi prosedurlar icra edir. Ayrıca, sertifikatsız və lisensiyasız fəaliyyət göstərməsi ciddi narahatlıq doğurur. Sosial şəbəkələrdə yayılan video görüntülərdə, narkoz altında olan pasiyent üzərindəki qeyri-ciddi və əyləncəli davranışları birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
Digər bir iddia isə, “Dost Estetik Mərkəzi”ndə kosmetologiya xidmətləri göstərən şəxslərin tibbi təhsili olmadan və lisenziyasız fəaliyyət göstərməsidir. Bu, qanunvericilik baxımından ciddi bir pozuntudur və tibbi etikaya ziddir. Belə bir vəziyyət, yalnız pasiyentlərin sağlamlığını təhlükəyə atmaqla qalmır, həm də tibbi sahənin ciddiliyini təhdid edir.
Qeyd edək ki, “Dr. Gülü” əvvəllər “Uğur777” estetik mərkəzində fəaliyyət göstərib. Bu cür qeyri-peşəkar və qeyri-qanuni fəaliyyətlərə qarşı hüquq-mühafizə orqanları mübarizə aparır və tibbi sahənin düzgün tənzimlənməsi üçün ciddi addımlar atılmaqdadır.
Hazırda bu məsələ ilə bağlı araşdırmalar davam edir və müvafiq orqanlar tərəfindən ciddi tədbirlər görülməsi gözlənilir.