image-rt-reklam
image-1backend

Donbasda QARABAĞ SSENARİSİ – Kiyev uzunmüddətli atəşkəsə GEDƏCƏK?

image-728x90

“Dünənki görüşün Ukrayna böhranını aradan qaldıra biləcək nəticələri haqqında danışmaq hələ çox tezdir. Çünki müzakirələr və səsləndirilən fikirlər, əsasən, danışıqlar prosesinin davam etdirilməsinin zəruriliyini ehtiva edir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Siyasi təhlilçi ötən gün ABŞ-nin paytaxtı Vaşinqtonda baş tutan Tramp-Zelenski görüşü və savaşın bitməsi ilə bağlı səslənən informasiyaları şərh edib.

Onun sözlərinə görə, indiyədək, istər Alyaska görüşündə, istərsə də dünən keçirilən görüşdə ən vacib və müsbət məqam Ukraynanın təhlükəsizliyi və bundan sonrakı təhlükəsizlik zəmanətləri ilə bağlı ortaq mövqenin formalaşmasıdır:

“Hətta Alyaskada Putin də bəyan etmişdi ki, Ukraynanın təhlükəsizliyi hansısa formada təmin olunmalıdır. Bu istiqamətdə Avropa liderlərinin yaxın günlərdə təqdim edə biləcəkləri təhlükəsizlik zəmanətlərinin qiymətləndirilməsi barədə razılaşma əldə olunmuşdu. Növbəti vacib məsələlərdən biri isə ərazi mübadiləsi idi. Zelenski açıq şəkildə bildirib ki, o, istəsə belə, bu məsələ referendum yolu ilə xalqın iradəsi ilə həll olunmalıdır. Çünki Konstitusiya ərazi güzəştlərinə qadağa qoyur. Deməli, əgər belə bir addım atılacaqsa, bu, Konstitusiya dəyişikliyini də tələb edəcək”.

R. Bayramovun fikrincə, bütün bunlara baxmayaraq, Tramp-Zelenski görüşünün və üçtərəfli görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunması müsbət məqam hesab edilə bilər:

“Amma şəxsi qənaətim odur ki, mövcud şərtlər daxilində – yəni Putinin və Ukrayna tərəfinin sərt tələbləri fonunda bu danışıqlardan real nəticə çıxarmaq faktiki olaraq mümkün görünmür. Hazırda Ukrayna böhranının həlli yalnız belə bir ssenaridə mümkündür: təmas xətti əsas götürülməklə atəşkəs elan edilməsi, paralel olaraq Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin olunması və bundan sonra diplomatik prosesin başlaması. Başqa sözlə, münaqişənin tam həlli yox, onun dondurulması variantı gündəmə gələ bilər”.

Müsahibimiz xatırladıb ki, Birinci Qarabağ savaşı təcrübəsi də göstərir ki, 1994-cü ildə atəşkəs elan olundu, uzunmüddətli danışıqlar dövrü başladı:

“Lakin danışıqlar nəticə vermədiyi üçün sonradan hərbi əməliyyatlara qayıdıldı. İndi də Ukraynanın nəfəs ala bilməsi, hərbi sənayesini inkişaf etdirməsi üçün təmas xəttinə əsaslanan atəşkəs və ardınca diplomatik mərhələnin başlaması məqbul görünə bilər. Amma Donbasın işğal olunmamış 25 faizinin belə Rusiyaya güzəştə gedilməsi fonunda müharibənin dayandırılması Zelenskinin əlində deyil. Üstəlik, Kursk istiqamətində Ukrayna ordusunun müəyyən ərazilərə nəzarət etdiyi məlumdur. Ən yaxşı halda həmin ərazilərin mübadiləsi mümkündür: yəni Ukraynanın Kurskdan geri çəkilməsi müqabilində Rusiyanın başqa bölgələrdən çıxması”.

“Hazırda işğal altında olan ərazilərin Rusiyanın ərazisi kimi tanınması şərtilə sülh sazişi imzalanması isə faktiki olaraq mümkünsüzdür. Azərbaycan-Ermənistan nümunəsində olduğu kimi, Ermənistan işğal altında saxladığı əraziləri heç bir beynəlxalq birlik tərəfindən öz ərazisi kimi tanıda bilmədi. Bu isə Azərbaycana möhkəmlənmək, güc toplamaq və torpaqları azad etmək imkanı verdi. Ukrayna üçün də bu yanaşma daha realist görünür”, – deyə o, fikirlərini tamamlayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90