image-rt-reklam
image-1backend

Dərin kökü olan dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək

image-728x90

Tarixi Zəfərimiz bütün istiqamətlərdə, o cümlədən xarici siyasət sahəsində yeniliklərə yol açdı. Türk dünyasının birliyi daha da möhkəmləndi və bu həmrəyliyin gələcəyinə böyük inam formalaşdı. Türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına hər bir türk dövləti öz töhfəsini verməyə səy göstərir. Prezident İlham Əliyev türk dünyasını böyük ailə kimi dəyərləndirərək yeni dövrün yeni hədəflərini açıqlayarkən bu çağırışı etdi ki, bizim ailəmiz türk dünyasıdır.

Bu həmrəylik hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı məhz Şavkat Mirziyoyevin ötən ilin avqustunda Azərbaycana dövlət səfəri çərçivəsində oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib: “Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir.”

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin xarici siyasətimizin əsas tərkib hissəsi olan türk dünyasının həmrəyliyinin təmin edilməsinə yönələn addımları davamlılığı ilə diqqət çəkir. Prezident İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. Əvvəldə də qeyd etdiyimiz kimi, tarixi Zəfərimizdən sonra türk dünyasının birliyi daha da möhkəmlənib. Bunu türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri, əməkdaşlığın çoğrafiyasının genişlənməsində, həmçinin əlaqələrin daha da dərinləşməsində hüquqi baza rolunu oynayan sənədlərin imzalanması da təsdiqləyir. Əməkdaşlığın ikitərəfli çərçivədə davamlı inkişafı beynəlxalq təşkilatlarda da əlaqələrin möhkəmlənməsində öz sözünü deyir.

Avqustun 22-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri özündə mühüm məqamları ehtiva edir. Ötən ilin bu günlərində isə Özbəkistan Prezidenti Azərbaycanda dövlət səfərində olmuşdur. Azərbaycan və Özbəkistan iki yaxın xalq, iki yaxın ölkədir. Dövlət başçılarının şəxsi münasibətləri əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirir.

Ölkələrimizi qədim tarix birləşdirir. Bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. İki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurlu inkişafı üçün möhkəm baza mövcuddur. Ötən il Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində müxtəlif sahələr üzrə 20-dən artıq sənəd imzalanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” həm ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirdi.

Son dörd ilə yaxın dövrün mühüm və qürurverici hadisəsinin işğaldan azad edilmiş ərazilərimizin böyük quruculuq mərkəzinə çevrilməsi olduğunu, burada inşa edilən beynəlxalq hava limanlarının əməkdaşlıq əlaqələrimizdə yeni səhifələrin açılmasında əhəmiyyətli rol oynadıqlarını nəzərə alsaq bu torpaqlara hər bir səfərin özəlliyi daha aydın görünür. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının qapısını dünyaya açan Azərbaycan qonaqlarını 30 ildən sonra tarixi sahibinə qovuşan torpaqlarda qarşılamaqdan məmnunluq hissi keçirir. Artıq bu ərazilərimizdə yeni həyat başlayır. Dost ölkələrin prezidentlərinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa işləri ilə yaxından tanış olmaq istəyi həmrəyliyimizin, qardaş dəstəyinin göstəricisidir. Ümumilikdə Azərbaycanın bu torpaqlarda tətbiq etdiyi dirçəliş modeli dünyanın diqqətindədir. Şəhərlərin bərpası Baş planlar əsasında həyata keçirilir. Bu planlar görülən işlərin yol xəritəsidir.

Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar. Nəqliyyat sektoru iki qardaş dövlət, bütövlükdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir.

İki dost, qardaş ölkə arasında əlaqələrin təhlili fonunda belə bir əminlik də ifadə edilir ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək. Qeyd etdiyimiz kimi, bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr daha da inkişaf edib.

Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində tarixən mövcud olan əlaqələr möhkəm təməllər üzərində bundan sonra da inkişaf edəcək və zənginləşəcək. Qarşılıqlı səfərlər zamanı müəyyən məsələlər ətrafında aparılan fikir mübadiləsi, ümumi mövqenin ortaya qoyulması, imzalanan sənədlər də bu əminliyə əsas verir.

Göründüyü kimi, tərəflər əlaqalərin inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışır. Ölkələrimiz arasında əlaqələrin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Biznes Forumların keçirilməsi tərəflərin malik olduğu imkanların təqdimatında böyük əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin qardaş ölkəyə reallaşdırdığı dövlət səfəri çərçivəsində keçirlən görüşlər, imzalanan sənədlər, prezidentlərin mətbuata bəyanatları münasibətlərimizin gələcək inkişafının mənzərəsini təqdim edəcək. Prezident İlham Əliyev daim bu məqamı xüsusi qeyd edir ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir. Dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Qeyd edək ki, iki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90