Ulusal.az xəbər verir ki, Susana Məmmədova seçicilərinə deputat seçiləcəyi təqdirdə görəcəyi işlər, Neftçalanın inkişafı istiqamətində müvafiq dövlət qurumları ilə birlikdə atacağı addımlar barədə məlumat verib. Cəmiyyəti, xüsusilə gənclərimizi narahat edən işsizlik, asudə vaxtın səmərəli təşkili istiqamətində də bu sahələrin məsul qurumları ilə səmərəli əməkdaşlıq nəticəsində tədbirlər həyata keçirəcəyini diqqətə çatdıran Susana Məmmədova deputatlığa namizədliyini irəli sürməsinin təməlində də məhz sadaladığı problemlərin dayandığını diqqətə çatdırıb:
“Düzü Neftçalanın hazırkı vəziyyəti məni çox məyus edir. Bir vaxtlar şəhər olan, adı dillər əzbərinə çevrilən Neftçalada bu gün vəziyyət heç də ürəkaçan deyil. Düzdür, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, quruculuq-abadlıq işləri Neftçaladan da yan keçməyib. Ancaq bütün bunlara baxmayaraq hələ doğma rayonumuzda çoxsaylı problemlər qalmaqdadır. Deputatlığa namizədliyimi irəli sürməkdə də məqsədim məhz həmin problemlərin həllinə dəstək olmaq, müvafiq dövlət qurumları ilə birgə Neftçalamızı dirçəltmək, inkişaf etdirməkdir. Əminəm ki, sentyabrın 1-də keçiriləcək səsvermədə mənə dəstək verib, etimad göstərib Neftçalamızın inkişafına, xoşbəxt gələcəyinə səs verəcəksiniz”.
Deputatlığa namizəd onu da diqqətə çatdırıb ki, bir neftçalalı olaraq rayonun problemlərindən kifayət qədər məlumatlıdır, müntəzəm olaraq rayonda keçirdiyi xeyriyyə tədbirləri zamanı həmin problemlərin şahidi olub, onları ümumiləşdirərək platformasında qeyd edib:
“Məlumat üçün qeyd edim ki, 5 ildir şəxsi vəsaitim, eləcə də dostlarımın, yaxın çevrəmin dəstəyi ilə rayonda xeyriyyə tədbirləri keçirir, aztəminatlı ailələrə dəstək oluram. Deməyim odur ki, mən deputatlığa namizədliyimi irəli sürmədən əvvəl də insanlarımızla sıx ünsiyyətdə olub onların problıemlərinin həllinə çalışmışam. Deputat seçiləcəyim təqdirdə isə təbii ki, görəcəyim işlərin əhatə dairəsi daha da genişlənəcək. Bir sözlə hər bir neftçalalının səsi olacam. Buna əmin ola bilərsiniz”.
Sonda Susana Məmmədova hər kəsi sentyabrın 1-də keçiriləcək seçkilərdə fəal olmağa çağırıb və seçicilərindən dəstək istəyib.
70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Susana Məmmədovanın təblğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.