image-2000x150
image-11backend

Deputatlardan vətəndaşlara çağırış: Ayıq-sayıq olun

image-728x90

Xarici ölkələrin xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını müxtəlif vədlər və şantaj yolu ilə məxfi əməkdaşlığa cəlb etməsi faktları ölkənin təhlükəsizlik orqanları tərəfindən ifşa olunur, qanunazidd addımlar atan şəxslər aşkarlanaraq məsuliyyətə cəlb edilir. Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı Ermənistana casusluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Rəsmi məlumata görə, DTX tərəfindən görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Müəyyən edilib ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirib.

Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılan və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “Youtube” kanalları və digər sosial şəbəbəkələrdə paylaşılıb.

Bundan öncə də oxşar faktların üzə çıxması, eyni zamanda ölkəmizdə kök salmış İran casus şəbəkəsinə qarşı xüsusi əməliyyatların keçirilməsi təhlükəsizlik məsələsini yenidən aktuallaşdırıb.

Azərbaycan vətəndaşlarının xarici xüsusi xidmət orqanları tərəfindən hansı yollarla əməkdaşlığa cəlb olunması sual doğurur. Soydaşlarımız düşmənlərin sosial platformalarda qurduğu casus tələsinə düşməmək üçün nə etməlidirlər?

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin, Ermənistan kəşfiyat orqanları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşlarını ifşa etməsi cəmiyyətimiz tərəfindən müsbət qarşılanıb.

“İstənilən xarici ölkənin xüsusi xidmət orqanlarının casus şəbəkəsi dərhal məhv edilməlidir. Son 100 ildən artıq bir müddətdə ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərdən sonra onlarla əməkdaşlıq edən vətən xainləri ən ağır cəzaya məhkum olunmalıdır. Heç bir maddi maraq və yaxud digər səbəb Azərbaycan xalqının milli maraqlarından üstün ola bilməz. Müasir dünyanın reallıqlarından biri də informasiya-kommunikasiya texnologiyaların (İKT) sürətli inkişafıdır. İnsanlar sayılı saniyələr ərzində planetin istənilən nöqtəsində tanımadığı şəxslərlə əlaqə yaratmaq, münasibət qurmaq imkanı əldə edirlər. Təbii ki, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları İKT-nin verdiyi imkanlardan istifadə edərək, agentura şəbəkələrinin genişləndirilməsi üçün çalışırlar. Azərbaycanın yerləşdiyi regionun tarixən müxtəlif dövlətlərin geosiyasi maraqlarının toqquşduğu, rəqabət apardığı yer olduğu bəllidir. Həmin ölkələrin siyasətinin kökündə təbii ki, informasiya təminatı durur. Opponentlərin əleyhinə istifadə olunan informasiya təminatı əsasən kəşfiyyat vasitəsilə alınır”,- deyə o bildirib.

N.Məhəməliyev vurğulayıb ki, müharibə təkcə döyüş meydanında aparılmır. İndi daha geniş arealda, informasiya müstəvisində savaş davam edir.

“Əsas düşmənimiz olan erməni diasporu geniş təcrübəyə, maddi imkanlara, bir çox aparıcı ölkələrin siyasi elitasını təşkil edən güclü lobbi təşkilatlarına malikdir. Ona görə də vətəndaşlarımız ayıq-sayıq olmalı, düşmənin toruna düşməməlidir. Sosial şəbəkələrdə şübhəli xarici ölkə vətəndaşları ilə tanışlıqdan yayınmalıdırlar. İnsanlarımızın bir çoxu qanunları bilməyə, təcrübəsiz ola bilər. Yaxşı olar ki, belə məsələlərdə həyat təcrübəsi olan, bilikli insanlarla məsləhətləşsinlər. Hətta özündən asılı olmayan səbəblərdən erməni kəşfiyyatının toruna düşənlər dərhal, fikirləşmədən hüquq-mühafizə orqanlarını məlumatlandırmalıdır. Bilməlidirlər ki, zamanında edilmiş səmimi etiraf, ehtimal olunan cinayətlərin qarşısının alınması ilə yanaşı, vətəndaşın cinayət məsuliyyətindən azad olunmasını şərtləndirir”.

“Mənə demək olar ki, bir çox ölkələrdən, müxtəlif insanlardan çoxsaylı dostluq təklifləri olur. Heç vaxt qəbul etmirəm. Nəzərə almaq lazımdır ki, sosial şəbəkələrdə dostluq təklif edənlərin əksəriyyəti əsl simalarını gizlədən, cəlbedici təkliflərlə çıxış edən saxta profillərdir. Hər kəs dərk etməlidir ki, insan bu dünyada müvəqqəti varlıqdır, gəldi gedərdir. Vətən isə müqəddəsdir. Vətənin toxunulmazlığını qorumalı, gələcək nəsillərə bütöv şəkildə ötürməliyik”.

Deputat Arzu Nağıyevin fikrincə, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlar bir daha göstərdi ki, Ermənistan xüsusi xidmət orqanları Azərbaycana qarşı təxribatları davam etdirir:

“Təbii ki, ölkəmiz bunun qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirir. DTX-nin peşəkar əməkdaşlarının fəaliyyəti nəticəsində bir neçə qrup ifşa olunub. Bunlardan biri Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı tərəfindən sosial şəbəkə vasitəsilə əməkdaşlığa cəlb edilmiş və üçüncü ölkələrin ərazisində təxribat dolu məlumatların ötürülməsi ilə əlaqəlidir. Eyni zamanda onların əlaqələrinin ifşa olunması təqdirəlayiq addımdır. Çünki onların məqsədi Azərbaycan dövlətçiliyinə qarşı terror aktlarının törədilməsi, müxtəlif hərbi hissələr və dövlət obyektləri haqqında məlumatların toplanaraq ötürülməsi idi”.

A.Nağıyev diqqətə çatdırıb ki, hüquq-mühafizə orqanları belə halların qarşısını almaq üçün çox ciddi işlər görür:

“Əlbəttə, bunlar adi əməliyyatlar deyil. DTX-nin əməliyyatı peşəkarların təhlili və icraçıların çox ciddi əməyi hesabına həyata keçirilir. Gənclər başa düşməlidir ki, bizim düşmənlərimiz var. Sosial şəbəkədə tanımadığınız adamlarla ünsiyyət qurmaqdan çəkinmək, müəyyən maddi vədlərə şirnikləşməklə məxfi məlumatları hansısa qüvvələrə ötürməkdən yayınmaq lazımdır. Başa düşməliyik ki, bizim Vətənimiz, şəhadəti şərəf sayan Azərbaycan anası var. 3000 min şəhidin qarşısında baş əyməli və öz vətənimizi düşünməliyik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90