image-2000x150
image-img_20230329_173423backend

“Deputatın sözü həm də seçicinin sözüdür…”  

image-728x90

Milli Məclisin deputatı Səbinə Xasayeva belə deyir…

Uşaqlıqdan işıqda qüdrət görmüşəm. Müəllimlərimizdən eşitdiyim, sonralar ədəbi, elmi məqalələrdə oxuduğum “işıqlı insan” ifadəsi də düşüncələrimə hopub. İşıqlı insanlara hamının ehtiramı olduğunu da görmüşəm, bu ehtiramın dünyəvi ehtiram kimi yaşadıldığını da…

Tanıdığımız işıqlı insanları heç zaman unutmuruq, unutmarıq. Hər sadə, mürəkkəb cümləmizin mübtədası” işıqlı insanlar olub. Müəllimlərim, tələbə yoldaşlarım, hərbi xidmət yoldaşlarım, Hərbi Akademiyada iş yoldaşlarım, … bəzən mənə elə gəlir ki, yaddaşım işıqlar qalereyasıdır…

İşıqlı insan təyini üçün yaş amili olmur; gənc də, orta yaşlı da, yaşlı da Vətənə sevgisiylə, insanlara münasibətiylə, işıqlı düşüncələriylə, xeyirxahlığıyla, mərhəmətiylə, … tanınır, sevilir, işıqlı insan olur. Qaranlıqlara qənim olduğuna görə belə sevgilərə həmişə bəyaz sevgi demişəm. Son illərdə tanıdığım gənc siyasətçi Səbinə Səməd qızı Xasayeva da işıqlı insandı. Bu işıq onunla qoşa gəlib dünyaya. Yaşı ilə yaşıddı. Ona görə belə dönməzdi. Özü də, düşüncələri də.

1993-cü il martın 30-da Bakı şəhərində anadan olub. S.Məhərrəmov adına orta məktəbi bitirib. Ədəbiyyatımızı, tariximizi sevib, bu sevgi, obrazlı şəkildə desək, onun gələcəyinin Dan Ulduzu olub. Bu biliklərin zəmanəti ilə son illər niyyətinə dönmüş bir arzuya qənşər gedib: Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər və Regionşünaslıq” fakültəsini “Skandinaviyaşünaslıq” ixtisası üzrə bitirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İdarəetmədə informasiya sistemləri” ixtisası üzrə magistr təhsili alıb.

Həmişə Vətəni daha çox sevənlər, sevgisi ilə bir sırada mühakimə yürütmə qabiliyyəti olanlar həm də qəlbinin hökmü ilə “siyasət əsgəri” olur. Siyasi prosesləri  hamı kimi izləyə bilmir, hamının arzuladığı səviyyədə izləyir, ona bu səviyyədə də münasibət bildirir. Səbinə Xasayeva bir ömürü bu dünyəvi ülgü ilə yaşamağa qərarlı idi…

Səbinə xanımın da ruhunda bir torpaq harayı var: atası Səmədin, anası Roza xanımın xatirələrindən qopan haraydı, ata yurdunun, ana yurdunun harayıdı, tarixi haraydı, “Göyçə!” deyən, “Şişqaya!” deyən, Şərqi Zəngəzur deyən haraydı bu haray. Bu harayda inam da var. Bu inam dövlətə inamdı, dövlətçiliyə inamdı, dövlətin dönməz xarici siyasətinə inamdı: Əzəli torpaqlarımıza qurtuluş nəfəsi dəyəcək! Mütləq dəyəcək! Onda torpağı isindirəcək bu nəfəs. Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş atası Səmədə də, Kəlbəcər uğrunda döyüşlərdə iştirak etmiş əmisi Zakirə də  gözaydınlığı olacaq… Qubadlı uğrunda gedən döyüşlərdə 1993-cü il avqustun 30-da qəhrəmancasına şəhid olmuş dayısı Ramiz Hüseynovun da ruhu şad olacaq…

2014-cü ildə də, 2019-cu ildə də bələdiyyə seçkilərində iştirak edib. Seçicilər gənc siyasətçinin dünyaduyumuna, erudisiyasına, ən əsası, Vətən sevgisinə bələdmiş, bu sevgiyə inanırmış. Səbinə Xasayeva Lökbatan bələdiyyəsinin üzvü seçilib, bələdiyyə sədrinin müavini olub. “Sən seçicilərin kadrısan. Onların problemlərini ruhən yaşaya bilməlisən. Onda seçicilərinə təəssüf yaşatmayacaqsan…”, – Səbinə Xasayeva belə düşünür, bu gözəl düşüncədə milli-mənəvi dəyərlərimizin işığı da görünür. İşıqlı insan olmağın bir şərti də budur!..

Böyük siyasətin böyük sevgidən keçdiyinə inanıban düşünürəm ki, kifayət qədər yüksək savada, erudisiyaya, inandırıcı məntiqi düşüncəyə maliksənsə, tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə bələdsənsə, siyasi düşüncən müasir siyasi proseslərlə uzlaşacaq, onda bəyənilən siyasi fəaliyyət göstərə bilərsən; dəniz ona görə dənizdi ki, hər gəmi onun coşqun dalğalarını yarıb keçə bilmir…

2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinə keçirilən seçkilərdə Səbinə Xasayeva da iştirak edib. Vətən sevgisinin zəmanəti ilə, dövlətə, dövlətçiliyə sədaqətinin zəmanətiylə. 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi millət vəkili seçilib, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvüdür.

Milli Məclisin üzvü kimi seçiciləriylə vaxtaşırı görüşən, onları dinləyən, bu və ya digər probleminin qanun müstəvisində həllinə nail olan, bunu özünə böyük könül xoşluğu bilən Səbinə xanım deyir: “bir ömürdə ömürlər yaşatmaq üçün səmimi olmalısan, xeyirxah olmalısan, cəfalara qatlaşmalısan-əsl vətəndaş olmalısan…”…

Səbinə xanım mütaliəni sevib, indi də sevir. Bu sevginin nəticəsidir ki, zamanında norveç dilini öyrənib, universitetdə bildiklərini sistemləşdirib, Osloda müvafiq kurs keçib. İndi bu sahənin –norveçşünaslıq mütəxəssislərindən biridir. Qobustanı “açıq səma altındakı muzey” adlandıran, “Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından da qədimdir” deyən norveçili tanınmış səyyah, etnoqraf  və alim-antropoloq Tur Heyerdalla daha da möhkəmlənən Azərbaycan – Norveç ikitərəfli əlaqələrini parlament xətti ilə siyasi etiket qaydalarını dərindən öyrənən, beynəlxalq qanunlara daha dərindən bələd olmağa çalışan Səbinə Xasayeva davam etdirir…

Milli Məclisin kifayət qədər təcrübəli deputatları ilə birlikdə fəaliyyət göstərmək məsuliyyəti də var və bu məsuliyyət savadla, erudisiya ilə, qanunçuluğa əsaslanan fəaliyyətlə, təcrübəli deputatların tövsiyələri ilə tənzimlənir. Belə tövsiyələri dinləmək, fəaliyyəti bu tövsiyələr əsasında qurmaq öyrənmək anlayışı ilə səsləşir. Səbinə xanım Milli Məclisin deputatı kimi parlamentlə cəmiyyət, parlamentlə seçici arasında münasibətlərin gerçək səmimiyyətinin cəfakeşlərindəndir. “Deputatın sözü həm də seçicisinin sözüdür”, – Səbinə Səməd qızı belə düşünür. Belə düşüncənin dövlətçiliyə, dövlətçiliyə görə seçicilərə ehtiram olduğunu düşünənləri kimsə qınamaz…

Deputat seçicilərin səsi ilə təmsil olunan nümayəndədir. Seçicilərin arzularını, istəklərini parlamentdə o ifadə edir, təklifləri həm də onların adından səsləndirir. Səbinə Xasayeva seçicilərinin istəklərini ümumiləşdirir, xırda, cəmiyyət üçün o qədər də əhəmiyyətli olmayanları ayırd edir, bunları seçicilərə izahlayır. Seçicilər deyilənləri səmimiyyətlə qəbul edirlər. Seçicilərin “Niyə?”lərinə verilən məntiqli, əsaslandırılmış cavablar qarşılıqlı münasibətlərin səmimiliyinə zərrəcə xələl gətirmir. Fərdi xahişlər seçicilərlə deputat arasında müəyyən anlaşılmazlıqlar, bəzən narazılıqlar da yarada bilir. Nə etməli? O xahişlərin mahiyyəti hərtərəfli, qanunçuluq müstəvisində inandırıcılıqla izah edilərsə, seçici bu xahişə əməl edilməyəcəyinin səbəblərini dərk edərsə, nə anlaşılmazlıq yaranır, nə də narazılıq.

Bəzən fərdi xahişlər sosial mahiyyətlə hüdudlanır. Onda belə xahişlər əlaqədar qurumlara ünvanlanır…

Bir fakt duyğusallığı ilə səciyyəvidir: Ailə imkansız ailədir. Yeniyetmə yaxşı oxuyub, qəbul imtahanlarından yüksək bal toplayıb. Qəbul olunub. Ancaq ödənişli əsaslarla. Ailənin buna imkanı yoxdur. Son çarə kimi Səbinə xanıma müraciət edib. Ümidlə gəlib onun qəbuluna. Nəyə gəldiyini deyib, cavab alana kimi nələr çəkdiyini sözlə ifadə etmək mümkün olmayacaq. Ailənin xahişi nəzarətə götürülüb. Qısa müddətdə tələbə qızın ödəniş problemi həll olunub… Həmin gün ailədə yaşanılan ovqat dünyəvi ovqat olub, şübhəsiz. Gənc qız ali təhsil alacaq, hansı dövlət qurumundasa işləyəcək. Məqamında xeyirxahı olmuş insan kimi o da xeyirxah olacaq. Milli-mənəvi dəyərlər, azərbaycançılıq fəlsəfəsi belə yaşadılır…

Seçicilər Milli Məclisin deputatı Səbinə Xasayevaya Lökbatan, Korgöz, Puta, Xocəsən, 28 May və Sulutəpə qəsəbələrindəki yeni yaşayış massivlərində içməli su şəbəkəsinin yenidən qurulması və mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması, Qaradağ və Yasamal rayonlarında qəzalı evlərin problemi, tamamilə yararsız vəziyyətə düşdüyü üçün Yeni Yasamalda 10 saylı yaşayış binasının sökülməsi, qanunsuz tikilmiş fərdi evlərin sənədləşdirilməsi, qəsəbələrdə qəsəbədaxili yolların asfaltlaşdırılması,məhəllədaxili küçələrin işıqlandırılması, ünvan lövhələrinin quraşdırılması, Çiçək yaşayış massivində telefon xətlərinin, Lökbatan qəsəbəsində istilik sistemlərinin təmir edilməsi və yenidən qurulması, gənclərin işlə təmin edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi,yaşayış məhəllələrində narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, maddi yardım, sığorta kimi problemlərlə bağlı müraciət edir. Millət vəkili bu problemlərin həlli istiqamətində əlaqədar dövlət qurumları qarşısında məsələlər qaldırır, onların böyük əksəriyyəti həll olunur. Bu, hər bir millət vəkili üçün böyük könül xoşluğu deməkdir.

Yaxşı, gərəkli məsləhət də xeyirxahlığın təzahürüdür. Müraciət edənin emosional durumunu, sosial vəziyyətini, təhsilini, və s. nəzərə almaqla onunla səbrlə söhbətləşmə insanlara rəğbətdir, insanlığa sevgidir, səmimiyyətdir. Səbinə Xasayeva belə deputatdır. “Mənə səs vermiş hər seçicimin sirdaşıyam, onlar bu və ya digər çətinliyini mənimlə bölüşəndə əzizimi dinləyir kimi dinləyirəm. Ata tövsiyələrini, milli-mənəvi dəyərlərimizin tələblərini heç zaman unutmamışam, unutmaram…”, – Səbinə Xasayeva bu əqidəylə yaşayır.

Millət vəkili Səbinə Xasayeva təmsil etdiyi rayonların ictimai həyatında da yaxından iştirak edir. Bu, həm seçici-deputat münasibətlərinin şəffaflığıdır, həm də deputatın seçicilərinə rəğbətinin təzahürüdür; seçicilərin iştirakı ilə keçirilən tədbirlərdə iştirak, müəyyən mənada, seçicilərlə görüş olur. Seçicilərlə görüşlərin intensivliyi həm də belə artırılır, seçici istəyi deputata bilavasitə daha operativ çatır.

Rayonlarda müxtəlif mövzularda müxtəlif tədbirlər də keçirilir ki, bunlar da istər yeniyetmələrin, istərsə də gənclərin vətənpərvərlik duyğularının daha da yüksəlməsində müstəsna əhəmiyyətə malik olur. Gənc yazıçı-publisist, Leyla Əsədullayevanın “Azərbaycan xarici səfirlərin gözü ilə” kitabının təqdimatı belə tədbirlərdəndir.  Bu tədbirdə yazıçının cəmiyyətə, deməli, xalqa bu qədər yaxın olmasını təqdir edən deputat Səbinə Xasayeva bədii yaradıcılığın da mahiyyət baxımından Vətənə xidmət olduğunu xatırladıb. Bu da deputatlıq missiyasının tərkib hissələrindəndir: fəaliyyət dövlətçilik üçündür, dövlət üçündür, seçici üçündür.

Səbinə xanım Qarabağ müharibəsi əlillərinin problemlərinin də həll edilməsində deputat kimi, azərbaycanlı gənci kimi, vətəndaş kimi fədakarlıq göstərir.

İkinci Qarabağ müharibəsi günlərində Milli Məclisin deputatı Səbinə Xasayeva seçiciləri ilə müntəzəm görüşür, onları dinləyir, onlara gerçək informasiyalar verirdi. Belə görüşlər seçicilərin ordumuza inamını daha da artırırdı. Səbinə xanım seçicilərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi kəlamları bir daha xatırladırdı: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”. Sonralar – Zəfər ərəfəsində Milli Məclisin deputatı Səbinə Xasayeva məqalələrindən birində yazmışdı: “…hər bir azərbaycanlının 30 ildir səbirsizliklə gözlədiyi artıq gəlib çatıb. Doğma Şuşamızda, Qarabağımızda üçrəngli bayrağımızın ən qısa zamanda dalğalanacağına heç kəsin şübhəsi yoxdur. Çünki hər bir Azərbaycan vətəndaşı bu qətiyyəti Prezident, Ali Baş Komandan İlham Əliyevin baxışlarında görüb…”. Vətənin istəyi gerçəkləşdi. Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində tarixi Zəfər qazanıldı, işğal sonlandırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə işğaldan azad  edilmiş ərazilərdə quruculuq işlərinə başlanıldı. İndi Böyük Qayıdış ərəfəsindəyik. Səbinə Xasayeva seçiciləri ilə görüşlərdə quruculuq işlərinin də Zəfərlə başa çatacağına əminliyini bildirir. Bu əminlik dövlətə, dövlətçiliyə sevginin ifadəsidir. “Hər bir vətəndaş tutduğu vəzifədən asılı olmayaraq Vətənin əsgəridir. Hamımız Vətənin istəyiylə quruculuq işlərində iştirak edəcəyik…”, – Səbinə xanım seçiciləri ilə görüşlərin birində belə dedi. Onda seçicilər böyük qürurla deputatın dediklərinin Azərbaycanın hər bir vətəndaşının mənəvi borcu olduğunu bildirdilər; Səbinə xanım dövlətin siyasətini seçicilərinə yüksək vətəndaşlıq məsuliyyəti ilə çatdırır…

Səbinə Xasayevanın düşüncələri də, siyasi fəaliyyəti də azərbaycançılığı əhatələyir. Bir deputat kimi, bir Azərbaycanlı gənc kimi ölkə başçısının gənclər siyasətini cəmiyyətin daha aydın, daha işıqlı sabahlarının zəmanəti bilir. Bu qənaətlə də yazır ki, “…qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun tarixi zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, yüksək vətənpərvərlik hissinə , milli düşüncəyə malik gənc nəsil formalaşıb…”.

Milli Məclisin deputatı Səbinə Xasayevanın iki övladı var. Onlar azərbaycançılıq işığında Azərbaycanın yüksək mənəviyyatlı vətəndaşı olacaqlar– işıqlı bir insanın öyüdləriylə böyüyürlər…

 

Bayram MƏMMƏDOV,

Əməkdar müəllim

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90