Elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə rüşvət alması ilə bağlı səs yazısı yayılan 45 nömrəli məktəbin direktoru Nəcibə Axundovaya növbəti dəfə şans verərək 34 nömrəli məktəbə direktor təyin etməsi müzakirəyə səbəb olub. Nazirin bu addımı birmənalı qarşılanmayıb. Hətta bir qrup təhsil eksperti rüşvət alan şəxsi vəzifədə saxladığına görə Emin Əmrullayevin istefa verməsini tələb edir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı isə Pravda.az-a açıqlamasında deyib ki, nazirin üstünə düşmək düzgün deyil.
“Məktəb direktorunun fəaliyyəti, eyni zamanda onun rüşvəti hansı şəraitdə alması barədə məlumatım yoxdur. Nazir direktora şans verirsə, yəqin, onun bu addımını həmin dəqiqə hədəf almaq lazım deyil, nəsə fikirləşib, hansısa fikirləri var. Bəlkə, hazırda həmin direktoru işdən çıxarmaq istəmir, ya da bu məsələyə bir azdan baxacaq. Emin Əmrullayev məktəb direktorunu elə-belə bağışlayıb, vəzifəsində saxlamayıb ki. Buna bənzər faktlar olub və görmüsünüz ki, nazir hamısında radikal qərar verib. Bəlkə, rüşvət həmin məktəbdə total bir vəziyyət alıb, ya da başqa faktlar var? Hər halda nazir bu sahədə birinci şəxsdir. İnanmıram ki, Emin Əmrullayev kor-koranə hansısa qərar qəbul edə. Sadəcə, bir az gözləyək. Əlbəttə, direktor bir dəfə rüşvət alıbsa, ikinci dəfə də ala bilər. Bu, artıq xasiyyətdir – rüşvətdən uzaq qala bilmir. Amma nazirin hansı fikirlərlə nə qərar verdiyini gözləmək lazımdır. Hər halda onun hansısa mülahizələri, planları var. Görək nə olur?! Hamımız Azərbaycanda yaşayırıq, hadisələrin necə cərəyan edəcəyini də görəcəyik. 45 nömrəli məktəbdə başqa müəllimlər də var. Bir az səbir etməyə ehtiyac var. Dərhal nazirin üstünə düşmək, “direktoru bu dəqiqə işdən çıxarsın” demək düzgün fikir deyil. Vaxt verək…”






















