image-2000x150
image-1697716567_jale-2024-2backend

Deputat Jalə Əhmədova: “Qadınlarımız ölkə həyatının bütün sahələrində yüksək səviyyədə təmsil olunurlar”

image-728x90

Azərbaycan qadınları hələ Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamış, sürətlə maariflənmişlər. Azərbaycan qadınları yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı kimi öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşır və ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı. Ulu Öndər tərəfindən əsası qoyulmuş bu siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər hər birimizi qürurlandırır. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır.
Qeyd etmək vacibdir ki, qadınlarımız doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərlərinə düşən ağır vəzifəni də şərəflə yerinə yetirdilər. Onların tərbiyə etdiyi övladlar cənab Prezident İlham Əliyevin Ali Baş komandanlığı altında torpaqlarımızı işğaldan azad etdilər. Bu gün qadınlarımızın həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Təqdirəlayiq haldır ki, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasında qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış Dövlət Komitəsi, həyata keçirilən bir sıra dövlət proqramları, Milli Fəaliyyət Planları, qoşulduğumuz konvensiyalar, qəbul olunmuş qanunlar ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə qorunmasına geniş təminat verir.
1998-ci ildən başlayaraq hər beş ildən bir keçirilən Azərbaycan qadınlarının qurultayları dövlət qadın siyasəti sahəsində ən əlamətdar hadisələrdən biri kimi ölkəmizdə dövlət qadın siyasətinin uğurla davam etdirilməsinin bariz nümunəsidir.

Jalə Əhmədova

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90