15 iyun – Milli Qurtuluş Günü müasir tariximizin ən əlamətdar günüdür. Çünki Azərbaycanın müstəqillik tarixi böyük ölçüdə məhz bu gündən – 15 iyun 1993-cü ildən başlayır.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
O qeyd edib ki, həmin tarixin müəllifi, qəhrəmanlıq təqviminə daxil olmasının səbəbkarı Azərbaycan xalqıdır.
“Çünki Ümummilli Lider Heydər Əliyev hakimiyyətə məhz Azərbaycan xalqının təkidli tələbi, istəyi və xahişi ilə gəldi. Gəldi və bugünkü firavan, sabit, qalib, başıuca reallığımızın əsasını qoydu. Biz 2020-ci ilin sonundan etibarən zəfərli günlərimizi yaşayır, ordumuzla fəxr edir, qazilərimizlə öyünür, şəhidlərimizə rəhmət diləyirik, hər gün keçmiş məcburi köçkünlərimizi bərpa olunmuş, yenidən tikilmiş şəhər və kəndlərimizə yola salırıq. Düşünürəm ki, biz daha miqyaslı baxarkən bir xalq olaraq özümüzlə fəxr etməliyik. Çünki bu qələbəyə doğru bizi aparan zəncirvari proseslər, olaylar var. Hadisələrin isə əsas aparıcı qüvvəsi Azərbaycan xalqıdır. Fikrimcə, başlanğıc nöqtə isə 15 iyun Qurtuluş Günüdür. Həmin gün ki, xalqımız tariximizi, taleyimizi, müqəddəratımızı “bir dövlət olaraq qalacağıq, ya məhv olacağıq” deyərək, Ulu Öndərə etibar etdi”, – deputat söyləyib.
Dünyada cərəyan edən prosesləri xatırladan E. Allahverdiyev xüsusilə, qonşu dövlətlərdəki hadisələrin narahatedici, təəssüfləndirici olduğunu söyləyib: “Çünki müharibə, qan-qada, aclıq, səfalət, dördrəqəmli inflyasiya, qıtlıq – bütün bunlar nədir, biz yaxşı bələdik. Gerçəklikdə biz bir xalq olaraq özümüzlə bir daha fəxr edirik. Qürurlanırıq ki, bizim Heydər Əliyev kimi müdrik, qətiyyətli, zəngin siyasi düha sahibi olan liderimiz, rəhbərimiz olub.
Deputatın fikrincə, Azərbaycan xalqının tarixinin, azadlıq mübarizələrinin məcmusu Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan zəfərdir:
“15 iyunda Heydər Əliyevin imzası və xalqımızın dəstəyi ilə uzun və şərəfli yola çıxmış müstəqil dövlətçiliyimizin əsası qoyulub. Prezident İlham Əliyev bu təməl üzərində qurulmuş dövlətimizi iqtisadi, diplomatik, hərbi qələbələrə çatdırıb. Hesab edirəm ki, hər birimizin bu şanlı yolda növbəti qələbələrə, xalq və dövlət olaraq qarşımıza qoyduğumuz məqsəd və hədəflərə çatacağımıza inam və əminliyimiz hədsizdir”.