Bu gün Azərbaycanın müstəqillik salnaməsinin ən önəmli hadisələrindən olan Milli Qurtuluş Gününün 31-ci ili tamam olur. Xalqımızın və dövlətimizin indiydək əldə etdiyi bütün uğurların, nail olduğu yüksəlişin, dinamik inkişafın təməli 1993-cü il iyunun 15-də əbədiyaşar şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə qoyuldu.
Həmin günlərdə haqlı olaraq hər kəs, o cümlədən ölkədəki böhranlı vəziyyətə bais olmuş siyasi qüvvələr də vəziyyətdən çıxış yolunu məhz Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Ona görə 1993-cü il iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycan xalqının və dövlətçiliyinin nicat və qurtuluş yolu oldu. Heydər Əliyevin gəlişi ümumxalq bayramına çevrildi, çünki həmin gün ürəklərdə kök atmış ümidsizlik və iztirablara son qoyuldu.
Heydər Əliyev Bakıya gəldiyi ilk gündən xilaskarlıq missiyasını öz üzərinə götürərək Gəncəyə səfər etdi, baş vermiş hadisələrlə yerində maraqlandı. Ulu Öndərin müdrik siyasətçi və ağsaqqal kimi, ilk növbədə, vətəndaş qarşıdurmasının, qardaş qırğınının qarşısını aldı. Bununla da qısa müddət ərzində faciələr həkk olunmuş müstəqillik tariximizə növbəti qanlı səhifənin yazılmasına imkan vermədi. Elə bu amillər də Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsində əsas rol oynadı. Eyni zamanda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi xalqın əsas tələb və istəyi olmaqla, sosial sifarişə və siyasi zərurətə çevrilmişdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etmişdir.
1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Heydər Əliyevin qətiyyətinin, xarizmasının, siyasi uzaqgörənliyinin qarşısında həlli mümkün olmayan problem yox idi.
Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığınd , qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında idi.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı müstəqil, azad, ərazi bütövlüyü təmin olunmuş, bütöv görmək idi.
Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. .Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanıdıb.
Milli Qurtuluş Gününü hər birimiz fəxarət hissi ilə qarşılayır, bu tarixlə bağlı dərin iftixar və qürur hissi keçiririk. Çünki Azərbaycanın ötən 31 ildəki bütün nailiyyətləri başlanğıcını məhz Milli Qurtuluşdan götürdü. Milli Qurtuluşla yaradılan təməllər üzərində İlham Əliyev Azərbaycanı dünyada söz sahibi olan güclü dövlətə çevirib. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər də Milli Qurtuluş Günündən başlanan və möhtəşəm uğurlarla zəngin olan yüksəlişin qürurdoğuran məntiqi nəticəsidir.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı