image-rt-reklam
image-21_06_46_17199385835333748762_1200x630backend

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

image-728x90

Bu gün ölkəmizdə bərqərar olan yüksək ictimai-siyasi sabitliyə görə Azərbaycan polisinə minnətdar olan hər bir vətəndaşımız milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirir.

Gündəlik həyatımızda kriminal elementlərlə qarşılaşmadığımız üçün polisin fəaliyyətini qabarıq şəkildə görməyə bilərik. Amma hər bir Azərbaycan vətəndaşı bu fikirlə həmrəydir ki, bugünkü əmin-amanlığımız, bizi əhatə edən təhlükəsizlik mühiti həm də polisin gözəgörünməz, önləyici fəaliyyətinin nəticəsidir. Bu gün ölkəmizdə ictimai asayişin və ictimai qaydanın keşiyində mətanətlə, ayıq-sayıq dayanan Azərbaycan polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında böyük fədakarlıq göstərir.

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Polisi Günü ilə əlaqədar AZƏRTAC-a açıqlamasında söyləyib.

Deputat xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanına əsasən, iyulun 2-si Azərbaycan Polisi Günü elan edilib. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyulun 2-də Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanları təsis edilib.

Azərbaycan polisinin 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində dayandığını, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində ictimai asayişin qorunmasında polisin fədakar əməyini vurğulayan Cavanşir Feyziyev xüsusilə diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Həmin dövrdə Heydər Əliyev böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib.

Deputatın sözlərinə görə, şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizdə inkişafın yeni mərhələsinə qədəm qoyulduğunu vurğulayan C.Feyziyev deyib ki, dövlətimizin başçısının lider mövqeyi ilə yanaşı, bölgədə ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Prezidentin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü.

O bildirib ki, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.

Vətən savaşında qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının – Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələrinin müstəsna xidmətləri olub. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını böyük şücaətlə yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr endirməklə onun yüzlərlə canlı qüvvə və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar.

Vətən müharibəsinin ilk saatlarında Murovdağ istiqamətində olan əlverişli nöqtələr, o cümlədən Murov zirvəsi əməliyyatları zamanı “Pələng” və “Şahin” Xüsusi Təyinatlı Dəstələri savaşıb, şəxsi heyətdən 7 hərbi qulluqçu Murovdağ döyüşlərində şəhid olub.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Vətən müharibəsində, ümumilikdə 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb, 4 hərbçisi isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimada daha bir nümunədir. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

“Son zamanlar müxtəlif dövlətlər və onların strukturları, Azərbaycana münasibətdə daim təxribatçı mövqe tutan, daxildə iğtişaşlar törətmək, ictimai-siyasi sabitliyi pozmaq üçün səylər göstərirlər. Azərbaycan polisi silahlı yolla mütəşəkkil cinayətkar qrupların Azərbaycanın konstitusion quruluşuna çıxanlara qarşı qətiyyətlə mübarizə aparır.

Bu gün biz Azərbaycanın gənc nəslini narkotik vasitələrlə zəhərləməyə çalışanların və ifrat düşmənçilik tendensiyaların şahidi oluruq. İmanını, dinini itirən belə şəxslərin Azərbaycana gətirməyə çalışdığı “ağ ölüm”lə mübarizə istiqamətində Azərbaycan polisinin əməyi olduqca təqdirəlayiqdir.

Bütün bu dəyərləndirmələri ilə yanaşı Cavanşir Feyziyev daha bir məqamı xüsusi diqqətə çatdırıb ki, Laçın-Xankəndi yolunda təşkil olunan ekofəalların aksiyasında Azərbaycan polisi nümunəvi xidmət göstərdi. Polis əməkdaşları aksiya iştirakçılarının təhlükəsizliyini və mühafizəsini yüksək səviyyədə təmin etdi.

Statistika da göstərir ki, Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, bir sıra aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir. Belə ki, ölkəmizin kriminal indeksi Litva, İspaniya, Macarıstan kimi Avropa İttifaqı ölkələrindən daha aşağıdır.

Beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan yaradır.

DİN-in şəxsi heyəti cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qoruyur və respublikada ictimai asayişin, əmin-amanlığın keşiyində mətanətlə və ayıq-sayıq dayanır.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.

Bu gün ölkəmizdə hökm sürən yüksək ictimai-siyasi sabitliyə görə Azərbaycan polisinə minnətdar olan hər bir vətəndaşımız milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə ürəkdən inanır”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90