“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır. Bu Qanun Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir.
Ulusal.az xəbər verir ki, yeni qanun layihəsi ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib. Deputat qanun layihəsi ilə bağlı fikirlərini bildirib və təkliflərini səsləndirib.
Tənzilə Rüstəmxanlının həmin çıxışını təqdim edirik:
“İndiyədək Azərbaycanda uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul edilib, beynəlxalq konvensiya və təşkilatlara qoşulmuşuq. Bununla belə, aradan xeyli vaxt keçib. Şərtlər dəyişilib. Bu baxımdan yeni yanaşmaları əks etdirən, müasir tələblərə cavab verə bilən qanunun qəbul edilməsi vacibdir.
Təqdim olunan qanun layihəsində bütün bunlar əksini tapıb və uşaqlara verilən “cismani cəza” anlayışına ilk dəfə olaraq ayrıca yer verilib. Uşaqlara qarşı zorakılıq əlamətlərini aşkar etdiyi halda bu barədə məlumat verməyən valideynlər, eləcə də uşaq müəssisələri məsuliyyət daşıyacaqlar.
Bundan başqa, uşaqların bir-birinə davamlı aqressiv davranışı zorakılıq forması sayılır və müvafiq müəssisələr bu halların qarşısının alınmasında məsuliyyət daşıyırlar.
Yeni qanun layihəsinin bir özəlliyi də dini inanclara münasibətində uşaqların və valideynlərin hüquq və vəzifələrinin müəyyənləşdirməsi, bu işə aydınlıq gətirməsidir.
Yeni qanun uşaqların erkən yaşda radikal dini qrupların təsirinə düşməsinin qarşısını almağa, ailə daxilində ekstremist düşüncələrin “tərbiyə” adı ilə ötürülməsinə hüquqi əngəl yaradılmasına xidmət edəcəkdir.
Qanun layihəsində uşağa valideynin mülkiyyəti kimi deyil, müstəqil hüquq subyekt kimi baxılır. Əks halda, ən mütərəqqi qanun belə uşaqların qoruyacağını vəd etsə də, real həyatda bunu bacara bilməyəcək.
Qanun layihəsi uşaq hüquqlarının qorunmasında yeni risk sahələrini də nəzərə alır. İnternet və informasiya şəbəkələri vasitəsilə yayılan təhlükəli əməllər uşaqlara qarşı zorakılıq forması kimi tanınır. Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və sosial müdafiəsi üçün xüsusi mexanizmlər nəzərdə tutulur.
Bizdə problem adətən “qanun yoxdur” şəklində yox, “qanun var, amma hamı öz bildiyini edir” şəklində özünü göstərir. Buna görə də uşaqları real olaraq qoruyan şikayət mexanizmlərinin işləməsi, nəzarət orqanlarının müstəqilliyi əsasdır.
Hörmətli millət vəkilləri! Uşaqlara qarşı zorakılıq haqqında özlərini mədəni, inkişaf etmiş sayan ölkələrdən dünyaya yayılan xəbərlər, yayılan görüntülər tarixin heç bir mərhələsində görünməmiş bir vəhşilik səviyyəsindədir.
Hətta bəzən ibtidai-icma quruluşunda olduğundan da artıq bir cəzasızlıq və əxlaq düşkünlüyü müşahidə edilir.
Belə bir zamanda, xalqımızın böyük təcrübəsi, yaratdığı əxlaq normaları, törələrimiz yeni məna və dəyər qazanır. Kimlərsə bəyənməyə bilər, lakin qədimdən bəri Azərbaycanda mövcud olmuş mənəviyyat mühiti, türk əxlaqı və ailə ənənələrimizdəki böyük məna, möhtəşəm insan sevgisi və müdriklik əslində insanlığın nicat yollarından biri sayılmalıdır.
Doğrudan da dövlətin əsası ailədir. Buna görə də düşmənlərimizin gizli əlləri ilk növbədə Azərbaycanda ailə bağlılığını pozmağa çalışır. Bu istiqamətdə böyük təbliğat gedir. Boşanmaların artması, nikahdankənar əlaqələrin artması sonrakı qanunsuzluqlara və faciələrə yol açır.
Uşağı qorumağın ən dəyişilməz qanunu ailə sevgisi, uşaqlarla valideyinlər arasında ömrün sonunadək davam edən bağlılıq, böyük-kiçik yerinin və ədəb-ərkanın qorunmasıdır.
Bunu unutsaq heç bir qanun uşaqlarımızın təhlükəsiz həyatını qoruya bilməz. Azərbaycanda valideyn-övlad bağlılığının ailə nizamının və milli əxlaqın əsasıdır. Bu, misilsiz bir örnəkdir. Bunu qorumalıyıq.
Millətimizin övlad yetişdirmə kimi çox böyük təcrübəsini və ənənəsini unutmamalıyıq”.






















