2024-cü il sentyabrın 8-də Bakı İdman Sarayında Azərbaycan Respublikası Prezidentinə tabe olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) birgə təsis etdiyi “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya emalatxanalarına tələbə seçimi imtahanının ikinci mərhələsi – tətbiqi imtahan keçirildi.
2024-cü il iyunun 29-30-da keçirilən yazılı imtahan mərhələsində iştirak edən və Bakı şəhərindəki ümumi təhsil məktəblərinin 4, 5, 6 və 7-ci siniflərini bitirmiş təxminən 5000 şagirddən ən yüksək bal toplayan 431 şagird tətbiqi imtahanda iştirak etdi.
Tətbiqi imtahan zamanı namizədlər müəyyən olunmuş vaxt ərzində layihə tapşırığını verilən materiallardan istifadə etməklə hazırlayıb münsiflər heyətinə təqdim etdilər. Təqdimat zamanı problem həlli, orijinal düşüncə, yaradıcı və yenilikçi həllər tapmaq, özünü ifadə etmək kimi bacarıqlar qiymətləndirildi.
İmtahan nəticələri on gün ərzində açıqlanacaq. Hər iki mərhələdə ən yüksək nəticə göstərən ümumilikdə 80 tələbə 3 il müddətinə “Deneyap” texnologiya emalatxanalarında təhsil alma hüququ qazanacaq.
“Deneyap” texnologiya emalatxanalarında təşkil edilən təhsil proqramı, gələcəyin texnoloji istedadlarının yetişməsinə dəstək olmaqla ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Proqramı uğurla bitirən iştirakçılar “Deneyap” məzunları sırasına daxil olaraq mentor dəstəyi alma, təcrübə proqramlarında iştirak etmə, milli və beynəlxalq startup yarışmalarında iştirak etmək kimi imkanlar əldə edəcəklər.