Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya uduzduqdan sonra (0:5) mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib.
Ulusal.az Belçika mətbuatına istinadən xəbər verir ki, italiyalı ona verilən “Azərbaycandan getdikdən sonra jurnalistlər üçün darıxacaqsız?” sualını belə cavablandırıb:
“Əlbəttə, yox. Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Heç nə bilmirlər, ancaq axmaq suallar verirlər və axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar “FIAT 500” ilə “Ferrari”yə qalib gələ bilməyəcəyimizi görməyə qadir deyillər”.
Canni tərcrüməçisi Fərid Abdullayevdən xahiş edib ki, həmin fikirləri tərcümə etsin və belədə, belçikalı jurnalistlər də bunu başa düşsünlər. Daha sonra mətbuat konfransını tərk edib. Ancaq Abdullayev onun sözlərini Azərbaycan dilinə tərcümə etməyi lazım bilməyib. Amma De Byazinin konfransında iştirak edən meydan sahiblərinin xanım tərcüməçisi belçikalı həmkarlarımız üçün deyilənləri nəql edib. Yalnız “Nieuwsblad.be” saytı italiyalı mütəxəssisin sözlərini dərc edib.
Azərbaycan idman mətbuatı onun sözlərindən hadisədən bir müddət sonra həmin sayt vasitəsiylə xəbər tutub. Elə AFFA rəhbərliyi də yaşananları həmin vaxt öyrənib. Federasiyanın baş katibi Sərxan Hacıyev üzr istəyib. Ancaq nə fayda?!
Canni de Byazi ilk dəfə deyil ki, media nümayəndələrini təhqir edir, onlara yuxarıdan aşağı baxır. 3 il ərzində dəfələrlə belə çıxışlar edib. Əksər hallarda Fərid Abdullayev onun sözlərini tərcümə etməyib. Elə buna görə də özünü yekəxana aparan italyan yerindəcə layiq olduğu cavabı almayıb. Belçikada olduğu kimi.