image-rt-reklam
image-1backend

Dava, həbs, “qayınanalıq”… – Milli Məclis üzvləri daha nəyə görə mandatdan məhrum olub?

image-728x90
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Milli Məclis üzvü Ramil Həsənin deputata səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılacaq.

Qanunvericiliyə əsasən, deputatların şəxsiyyəti səlahiyyət müddəti ərzində toxunulmazdır. Səlahiyyət müddəti ərzində, cinayət başında yaxalanma halları istisna olmaqla, onlar məsuliyyətinə cəlb edilə bilməz.

Deputatın toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Yəni haqqında cinayət işi başlanılıbsa, qətimkan tədbiri, o cümlədən, həbs qətimkan tədbiri yalnız parlamentin razılığı ilə seçilə bilər. Məhkəmə hökmü çıxdıqdan sonra isə parlament ayrıca olaraq onun deputat fəaliyyətinə xitam verir.

“Yeni Sabah” bu günədək səlahiyyətlərinə xitam verilən deputatları araşdırıb:

Eldəniz Səlimov

Parlamentin səlahiyyətlərini itirimiş deputatlarınadan biri Eldəniz Səlimovdur. Onunla bağlı 2021-ci ilin iyulunda Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi açılıb.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunub. Ardınca Milli Məclisin üzvü Eldəniz Səlimovun deputatlığına xitam verilib. O, təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mübariz Qurbanlı

IV çağırış Milli Məclisin üzvü olmuş Mübariz Qurbanlı 21 iyul 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edildikdən sonra Mərkəzi Seçki Komissiyası onun deputat səlahiyyətlərinə xitam verib.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, mandatdan məhrum edilməsinə qərar verməlidir.

Gülər Əhmədova

Mandatdan məhrum edilmiş keçmiş deputatlar sırasında Gülər Əhmədova da var. O, deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciətini aidiyyəti üzrə baxılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərib.

2012-ci ilin sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videolarda (həmin videoda deputat özünü “Qayınana” adlandırır) əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb. Elə həmin il G.Əhmədovanın məsələsi MSK-da səsverməyə çıxarılıb, nəticədə onun deputat mandatı ləğv edilib.

Asəf Hacıyev

Deputat mandatı ləğv edilmiş eks-parlamentarlarilərdən biri də Asəf Hacıyevdir. Onun deputatlıq fəaliyyətinə 2015-ci ildə xitam verilib.

Asəf Hacıyev 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilib. Bundan sonra könüllü olaraq, deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət edib. Asəf Hacıyev IV çağırış Milli Məclisdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edib.

Rafael Cəbrayılov

2019-cu ildə Rafael Cəbrayılovun deputat mandatı əlindən alınıb. MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Milli Məclisinin deputatının səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda bildirilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib. Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov mandatdan könüllü imtina etməyib, o buna məcbur olub. Onun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həbsdə olan R.Cəbrayılov 2021-ci ilin sentyabrında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib.

Hüseyn Abdullayev

Keçmiş deputat Hüseyn Abdullayev də vaxtilə mandatı əlindən alınanlar sırasındadır. O, 2005-ci ildə Milli Məclisə deputat seçilib. 2007-ci ilin martında Milli Məclisin iclasında hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava olub.

Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınıb, özü isə həbs olunub. Sonradan isə o azadlığa buraxılıb. 2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, namizəd kimi qeydə alınmayıb.

Hikmət Atayev

110 saylı dairədən deputat seçilmiş Hikmət Atayev avtomobil qəzasında həlak olduğuna görə onun mandatı ləğv edilib.

Fikrət Sadıqov

Fikrət Sadıqovun adı 2005-ci ilin parlament seçkiləri zamanı gündəmə gəlib. Həmin ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd ittihamı ilə bir sıra yüksək rütbəli məmurlar həbs edilib. Onların sırasında iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının işlər müdiri Akif Muradverdiyevlə yanaşı, Milli Məclisin deputatı Fikrət Sadıqov da var idi.

Milli Məclis dövlət çevrilişinə cəhddə ittiham olunan deputatı Baş Prokurorluğun parlamentə müraciətindən sonra toxunulmazlıq hüququndan məhrum edib. F.Sadıqov bir müddət ev dustağı edildikdən sonra ictimai diqqətdən kənarda qalıb.

İqbal Ağazadə

2003-cü ildə keçirilən prezident seçkiləri zamanı baş verən qarşıdurmanın nəticəsi Milli Məclisin deputatı İqbal Ağazadənin mandatın məhrum edilməsi ilə yekunlaşdı. Seçkilərdən sonra, 15-16 oktyabr 2003-cü ildə baş verən vətəndaş qarşıdurması ciddi fəsadlara gətirdi. Həmin vaxt müxalifət blokunda təmsil olunan deputat İqbal Ağazadəyə “kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açıldı və o həbs olundu. Parlament onun toxunulmazlıq hüququnu əlindən aldı və deputatlıq mandatı ləğv olundu.

2005-ci ilə qədər həbsdə qalan eks-deputat sonradan prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdı.

Əli Əhmədov

Deputat səlahiyyətlərinə xitam verilmiş şəxslərdən biri də 19 saylı Nərimanov birinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əli Əhmədov olub. 2013-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi postunu tutan Əli Əhmədov oktyabrın 22-də prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin edilib.

Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Ona görə də 2013-cü ilin noyabrın 12-də Mərkəzi Seçki Komissiyası deputat Əli Əhmədovun mandatına xitam verib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90