image-rt-reklam
image-7backend

Daşkəsəndə 8 Noyabr – Zəfər Günü münasibətilə yığıncaq keçirilib

image-728x90
Yığıncaq iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət edərək gül dəstələri düzüb, əziz xatirələri ehtiramla yad etmişlər.
Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən toplantıda RİH-nin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və məsul işçiləri, hərbiçilər, müharibə iştirakçıları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yığıncağı Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov şəhid atalarını, şəhid analarını, qaziləri, veteranları və tədbir iştirakçılarını salamlayaraq 8 Noyabr – Zəfər Günü ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.
O, çıxışında vurğulamışdır ki, bu gün indiyədək görmədiyimiz, hiss etmədiyimiz, yaşamadığımız çox gözəl bir gündür. 8 Noyabr Zəfər gününü qeyd etmək üçün buraya toplaşmışıq. Eyni zamanda 9 Noyabr Bayraq günüdür. Hər iki bayramlar münasibətilə hər birinizi ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları fəxarətlə 44 günlük Zəfərin 3-cü ildönümünü bayram edir. Hər gününü sonsuz ümidlə, həyəcanla, sevinc və göz yaşları ilə yaşadığımız möhtəşəm 44 gün! İndi həmin günləri açıq ürəklə, açıq alınla yaşayır, qürur və fərəh hissi ilə xatırlayırıq. 44 günün hər günü xalqımızın şanlı tarixidir.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladığı həmin gündə dövlətimizin başçısı xalqa ilk müraciətini bu sözlərlə bitirdi: “Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq!”.
Hələ 2003-cu ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, özünün siyasi varisi cənab İlham Əliyevə dəstək göstərməyə çağırış etmişdi. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi dahi şəxsiyyət əmin idi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Tarix bu fikirlərin nə qədər doğru olduğunu bir daha sübut etdi.
İllər əvvəl Ulu Öndərin əminliyi bu gün milyonlarla azərbaycanlının sarsılmaz inamına çevrildi. Hərbi-siyasi qələbə ilə bitən bu savaş ilk növbədə bütün dünyaya Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik qüdrətini nümayiş etdirmiş oldu.
Bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə Ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunması Prezident cənab İlham Əliyev siyasətinin şah əsəridir.
Azərbaycan dövlətinin müstəqil varlığı əbədiyaşar Ulu öndər Heydər Əliyev sayəsində mümkün olubsa, son 200 ildə itirilən torpaqlarımızın qaytarılması, ərazi bütövlüyünün təmin edilməsində qazandığımız Zəfər qalibiyyəti Müzəffər Ali Baş Komandanın ardıcıl, məqsədyönlü siyasəti və uğurlu diplomatiyası sayəsində mümkün olmuşdur.
Məhz uzaqgörən və dahi siyasətçi cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti və qəhrəman əsgərlərimizin igidliyi nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi. Yəni, Azərbaycan heç bir beynəlxalq norma və prinsipləri pozmadan, humanizm göstərərək ədalətli və həm də ləyaqətli müharibə apardı. Biz həm də ləyaqətli müharibə aparmaqla dünyaya yeni humanizm prinsiplərini aşıladıq. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi hərbi terrora cavabımız yalnız döyüş meydanında oldu.
Qarabağda hərbi-texnoloji inqilab nəticələrinin tətbiq edildiyi hərbi əməliyyatlar qlobal ekspert cəmiyyətləri tərəfindən “5-ci nəsil müharibə”, “XXI əsrin müharibəsi” kimi səciyyələndirildi.
Ən müasir hərbi texnologiya ilə silahlanan Ordumuzun rəşadəti, “Azərbaycanın müharibə və qələbə modeli” mövzusu bu gün də dünya miqyasında, hərbi və siyasi analitiklər tərəfindən hərtərəfli müzakirə edilir və öyrənilir.
Ali Baş Komandan, Prezident cənab İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaldarkən çıxışında demişdir: “Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”.
V.Məmmədov çıxışına davam edərək qeyd etmişdir ki, ötən əsrin 80-ci illərinin sonları 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş və həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatları, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri və bu təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın Müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, “yeni torpaqları üçün yeni müharibə” çağırışı münaqişənin sülh yolu ilə həlli imkanlarını sarsıtdı.
2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam qurğularını yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın və Ordumuzun gücü ilə Vətən müharibəsi Zəfərlə sona çatdı. Son iki əsrlik tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində görünməyən nadir bir hadisə – işğal edilmiş torpaqların hərb yolu ilə geri qaytarılması baş verdi. Dövlətçilik tariximizin Müstəqilliyin Bərpası, Dövlət Bayrağı və Milli Dirçəliş günləri kimi şərəf salnamələri sırasına ən möhtəşəmi, hər xalqa nəsib olmayan yeni əlamətdar tarixi gün – Zəfər Günü yazıldı.
Prezident cənab İlham Əliyev bununla bağlı deyib: “44 günün hər günü bizim şanlı tariximizdir. Vətən müharibəsi ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi”.
Dövlətimizin başçısının pandemiyanın tüğyan etdiyi, fövqəladə mürəkkəbliyə malik geosiyasi labirintləri, qlobal və regional maraqların kəsişdiyi nöqtələri diplomatik dühası ilə hesablaya, müqəddəs Vətən müharibəsinə başlamağı məqamında bəyan edə bildi. Prezident İlham Əliyevin on illərlə davam edən münaqişəni həll etməyin məqamını, siyasi qrosmeysterə xas olan riyazi dəqiqliyi ilə hesablaması beynəlxalq ekspert təhlillərində də xüsusi vurğulanıb.
Məhz hərbi-strateji təfəkkür sayəsində, dövlətimiz formalaşmaqda olan nadir tarixi fürsəti milli Zəfərin əzəmətinə çevirməyi bacardı.
Dövlətimizin başçısının diplomatik və hərbi strateq dühasının təntənəsi noyabrın 10-da sülh razılaşması ilə bağlı bəyanat və Ermənistanın təslimçiliyi, Ağdam, Laçın və Kəlbəcər rayonlarının bir güllə atılmadan alınması oldu.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Beynəlxalq qurumların illər ərzində edə bilmədiyini Azərbaycan əsgəri cəmi 44 günə etdi, bizlərə Böyük Qələbə sevinci qazandırdı. Bu gün ata-babalardan miras qalan əzəli və əbədi torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır və o bayraq yurdundan ayrı düşən soydaşlarımızın quruculuq işləri başa çatdıqca öz yurduna Böyük Qayıdışının uzaqda olmadığının işarəsidir.
Minlərlə qəhrəman oğullarımız var ki, gənclərimiz üçün əsl vətənpərvərlik nümunələridirlər. Ömrünün bahar çağlarında daxilindəki vətənpərvərlik hissi ilə düşmənin üzərinə atılıb, torpaqlarımızı yağılardan təmizləyən, ərazi bütövlüyümüzü canı və qanı bahasına bərpa edən oğullarımız tariximizin şanlı səhifəsi olan “Dəmir yumruq” əməliyyatının əsas memarlarındandırlar.
Vətən Müharibəsi Azərbaycanın yeni tarixinə Qarabağla bağlı iki simvol bəxş etdi: Xarı bülbül və Dəmir Yumruq. Bunlardan birincisi Şuşanın, bütün Qarabağımızın azadlığının, bu yolda canından keçən şəhidlərimizin, ikincisi isə Zəfərin əsasında duran Liderin, Xalqın, Dövlətin, Ordunun birliyinin rəmzinə çevrildi və bu sarsılmaz birlik öz məqsədinə çatdı!
Qələbədən sonra isə “Dəmir Yumruq” həm də Azərbaycanın öz maraqlarını, sərhədlərini, ərazi bütövlüyünü müdafiə etmək əzmkarlığının simvoluna çevrilib. Ölkə rəhbərinin də qeyd etdiyi kimi: “Bizə kəm gözlə baxan hər kəs bilməlidir ki, Dəmir Yumruq yerindədir!” Artıq biz şəhər və kəndlərimizin işğal tarixini deyil, azad edildiyi tarixləri – şəhər günlərini qeyd edirik.
30 ilə yaxın dağıdılan, talan edilən Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən dirçəlir, məcburi köçkünlərimizin həsrəti bitmək üzrədir. Çox tezliklə vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaq, hər birimiz Qarabağa gedəcəyik!
İşğaldan azad olunan ərazilərimiz bu gün sürətlə, fasiləsiz olaraq yenidən qurulur. Bu prosesə bütün imkanlar səfərbər edilir, sərmayələr qoyulur. Cənab Prezidentin dediyi kimi, yeganə rəqibimiz zamandır. Lakin həm də ərazilərin minalanması bu prosesi ləngidir.
Cənab Prezidentin işğal olunmuş ərazilərə etdiyi səfərlər, təməl qoyma mərasimləri, işğaldan azad olunmuş şəhərlərin baş planının hazırlanması, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni-dini irsimizi yenidən bərpa etməsi- bütün bunlar hamımızı sevindirir, yüksək əhval-ruhiyyə yaradır. Dünya görür ki, bu torpaqların əsl sahibi kimdir.
İndi Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır. Bu səhifələr xalqımızın milli-mənəvi birliyi, ordumuzun igidliyi, rəşadəti, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılır. 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız bu gün yeni dövrə qədəm qoyur, Qarabağ, Şərqi Zəngəzur öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir. Xalqımız hər zaman olduğu kimi, milli birliyi davam etdirəcək, ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir.
Xanın kəndində bayrağımızı ucaldan Möhtərəm Prezident cənab İlham Əliyev xalqa müraciətində dedi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqiq. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Ümummilli lider Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilib, nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Bu gün bütün Azərbaycan ərazilərində üçrəngli bayrağımız qürurla dalğalanmaqdadır. Suverenliyini tam təmin etmiş Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə daha möhtəşəm zəfərlərə doğru inamla addımlayır.
Bu möhtəşəm günləri bizlərə yaşadan şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyir, qəhrəman əsgər və zabitlərimizə, Ali Baş Komandanımıza öz dərin minnətdarlığımızı bildiririk.
Bu Qələbənin müəlliflərinə bizim bir ömürlük təşəkkür və minnətdarlıq borcu var var.
Çox sag olun, Cənab Prezident, çox sag olun əziz şəhidlər, qazilər, veteranlar, qəhrəman əsgərlər və zabitlər!…
Xan Zəfərimiz mübarək!
Eşq olsun Ulu öndər Heydər Əliyevin ideyalarını reallığa çevirən Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevə!
Eşq olsun Qalib Rəşadətli Azərbaycan Ordusuna!
Yaşasın Azərbaycan!
Yığıncaqda şəhid anaları Qızbəs Abbasova, Aybəniz Abdullayeva, şəhid atası İlham Cabbarov, qazilər Ceyhun Əliyev, Orxan Babayev və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Daşkəsən rayon Şöbəsinin sədri Seymur Tağıyev çıxış edərək bu möhtəşəm gün münasibətilə xalqımızı təbrik etmiş, onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90