image-2000x150
image-4backend

DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA MİLLİ İNTİBAH DÖVRÜ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

image-728x90

Əhəd ABIYEV: “Bütün ömrünü Azərbaycan dövlətinin qorunmasına və inkişafına həsr edən Ulu Öndərimiz Heydər Əliyev milli tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqını qazanmışdır”.
Aprelin 27-də Daşkəsən rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər planına uyğun olaraq “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Milli Məclisin deputatı Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans başlamazdan əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup ziyalılar və qazilər Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzərək dahi şəxsiyyətin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi-praktik konfransı giriş sözü ilə açan Əhəd Abıyev məruzəsində deyib:
– May ayının 10-da müasir və müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamını mühüm siyasi qərar kimi bütün Azərbaycan cəmiyyəti, habelə dünya azərbaycanlıları böyük razılıq və minnətdarlıq hissi ilə qarşılayırlar.
Hazırda respublikamızın bütün ərazi, bölgələrində olduğu kimi Daşkəsən rayonunda da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ictimai-siyasi, mədəni, humanitar və idman tədbirləri keçirilir. Ümummilli Lider Heydər Əliyevin ideyalarının, siyasi irsinin öyrənilməsi, təbliği, böyüməkdə olan nəsillərə çatdırılması baxımından bu tədbirlərin hər birinin mühüm ictimai əhəmiyyəti vardır.
Birmənalı olaraq bilməliyik ki, qazandığımız hər bir uğurun, qələbənin əsasında Ulu Öndərimizin ideyaları, vaxtilə müəyyən etdiyi strateji siyasi kurs dayanır. Bugünkü müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin möhtəşəm fəaliyyəti nəticəsində zamanın sərt və ən ağır sınaqlarından zəfərlə çıxmış, dövlətçiliyimiz möhkəmlənmiş, respublikamız dünyanın sivil demokratik ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Bütün ömrünü Azərbaycan dövlətinin qorunmasına və inkişafına həsr edən Ulu Öndərimiz Heydər Əliyev milli tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqını qazanmışdır.
Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə misilsiz idarəçilik qabiliyyəti və gərgin zəhməti sayəsində ölkəmiz qısa zaman ərzində həyatın bütün sahələrində böyük bir inkişaf yolu keçərək sovetlər birliyinin qabaqcıl respublikaları sırasına çıxmışdır. Bu illər ən yeni tariximizə yüksəliş dövrü kimi daxil olaraq xalqımızın milli şüurunun oyanışına güclü təkan vermiş, Azərbaycanımızın gələcək müstəqilliyinin möhkəm təməllərini formalaşdırmışdır.
Moskvada, İttifaq rəhbərliyində, sonralar blokada şəraitində olan Naxçıvanda fəaliyyət göstərdiyi illərdə də Ulu Öndər Heydər Əliyev Vətənimizin və xalqımızın xoşbəxt gələcəyi naminə qüvvəsini, bacarığını əsirgəməmişdir.
90-cı illərin əvvəllərində yaranmış əlverişli şəraitlə əlaqədar xalqımız əsrlərlə həsrətində olduğu azadlığına yenidən qovuşsa da, milli maraqlara xəyanət etmiş AXC-Müsavat cütlüyünün təcrübəsizliyi, səriştəsizliyi Vətənimizi öz müstəqilliyini itirməsi, ərazisinin işğalı, anarxiya, vətəndaş müharibəsi, iqtisadi böhran, dövlətçiliyinin məhv olması təhlükəsi ilə açıq-aşkar üz-üzə qoydu.
Ölkədə çıxış nöqtəsi görünməyən böyük miqyaslı belə bir ağır zamanda xalqın müxtəlif təbəqələrinin saysız-hesabsız müraciəti, təkidli tələbi və vəziyyətdən çıxış yolu tapmaqda aciz qalan ovaxtkı iqtidarın özünün inadlı xahişləri ilə Heydər Əliyev yenidən Azərbaycan hakimiyyətinin rəhbərliyinə gələrək qayıdışı ilə taleyüklü problemlərin hamısını qısa müddət ərzində böyük müvəffəqiyyətlə həll etdi. Ulu Öndərin siyasi müdrikliyi vətəndaş müharibəsinin, qardaş qırğının qarşısını aldı, ərazilərimizin parçalanması təhlükəsini birdəfəlik aradan qaldırdı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoydu, dayanıqlı ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin etdi.
Ulu Öndər Heydər Əliyevin fəal iştirakı ilə dünyada mövcud olan ən mütərəqqi hüquq normalarını özündə əks etdirən müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin demokratik dəyərlər üzərində qurulan möhkəm qanunvericilik bazasını yaratdı.
Neft yataqlarının istismarına dair dünyanın tanınmış neft şirkətləri ilə müqavilələr imzalandı, ölkəyə külli miqdarda investisiya cəlb edildi, əsaslı siyasi, iqtisadi və sosial islahatlar aparıldı, demokratikləşmə prosesi geniş vüsət aldı. Torpaq öz sahibinə verildi, özəlləşdirmə həyata keçirildi, milli valyuta möhkəmləndirildi.
Ulu Öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası təşəkkül tapmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı.
Müstəqilliyimizi ən böyük tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Liderimiz onun daimiliyini təmin etmək üçün azərbaycançılıq ideologiyasının formalaşdırılmasına, harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının bir ideya ətrafında sıx birliyinə çağırış etdi. Bundan çıxış edərək müstəqillik və dövlətçilik amalları naminə milli həmrəylik qayəmiz olan azərbaycançılıq ideologiyasını yaratdı.
Ulu Öndərimiz Heydər Əliyev özünün parlaq insani keyfiyyətləri, müdrikliyi, mənəvi paklığı, səmimiyyəti, mərdliyi və əzmkarlığı sayəsində xalqımızın tükənməz məhəbbətini qazanmışdır. Azərbaycanlılara xas olan müsbət keyfiyyətlər onun nurlu şəxsiyyətində birləşmişdir. Bütün həyatını Azərbaycan xalqına həsr edən, tariximizin ən şərəfli səhifələrini yazan, müstəqil müasir Azərbaycanın memarı, qurucusu Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürur duyduğu kimi, bizlər və dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da Onunla fəxr edir, qürur duyuruq.
Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, başlatdığı nəhəng işlərin icrası onun ən layiqli davamçısı və siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, müasir dövrün çağırışlarına və tələblərə uyğun daha da zənginləşdirilir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qalib və məğrur Azərbaycan xalqı Ümummilli Liderimizin həmişəyaşar ideyaları əsasında 44 günlük Vətən müharibəsində ermənilər üzərində tam qələbə çaldı, Azərbaycanın tarixi torpaqlarını işğaldan həmişəlik azad etdi. Möhtərəm Prezidentimiz, müzəffər sərkərdə cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirərək Azərbaycan xalqını Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında yenidən bir yumruq kimi birləşdirdi.
İndi ölkəmizin hər yerində tikinti-quruculuq işləri görülür. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda həyatın öz axarına düşəcəyi günlər uzaqda deyil. Bu gün ərazi bütövlüyümüz, tarixi coğrafiyamız bərpa olunur. Qərbi Azərbaycana da dönüşümüz möhtəşəm olacaqdır. Biz o yerlərə qayıdacağıq. Bütün bunlar Ulu Öndərimizin mənəvi irsinin layiqincə davam etdirildiyini, Azərbaycan xalqının öz seçimində yanılmadığını, müstəqil dövlətimizin taleyinin etibarlı əllərdə olduğunu təsdiqləyir. Qazanılmış nailiyyətlərin və inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlətdir və ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan siyasət daim xalqımızın maraqlarına xidmət edir.
Sabah aprelin 28-də Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur. “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Prezident cənab İlham Əliyev Sərəncam imzalamışdır. Akademik Zərifə xanım Əliyeva bütün ömrü boyu Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin həyatına tam mənası ilə dəstək vermiş, ömür-gün yoldaşı olaraq onun fəaliyyətində böyük silahdaş nümunəsi göstərmişdir. Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini biz daşkəsənlilər dərin sevgi və ehtiramla yad edirik.
Mən bir ictimai-siyasi xadim kimi çox xoşbəxtəm ki, dahi rəhbər Heydər Əliyevin parlaq izi mənim də taleyimdə əbədi həkk olunmuşdur. Qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevin bilavasitə məktəbini, siyasi kursunu keçən millət vəkili olmuşam, Onun ideyalarına, Yeni Azərbaycan Partiyasının yaradılmasında sədaqətlə xidmət etmişəm. Heydər Əliyevin rəhbərliyi altında çalışaraq Onun dühasının canlı şahidi olmuşam. Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. O dövrdə elə ciddi, yaxın məqamlar olub ki, mən indi də onları açıqlayıb danışa bilmərəm. Onunla hər görüş, verdiyi tapşırıq və tövsiyələr yaddaşımda işıqlı xatirə kimi qalıb. Ümummilli Liderimizin bütün fəaliyyəti birmənalı olaraq müstəqil Azərbaycanın qorunmasına, xalqımızın rifahına və mənafeyinə xidmət göstərirdi.
Birmənalı olaraq bildirmə istəyirəm ki, Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi bu ötən illərdə Daşkəsən rayonunda yeni dağ-mədən sənayesi komplekslərinin yaradılması ayrıca diqqət mərkəzində saxlanılmışdır və tezliklə bu məqsədə nail olunması istiqamətində çox böyük ardıcıl işlər görülür. Dağ-mədən sənayesi rayonu kimi tarixi şöhrətini bir daha bərpa edən Daşkəsən rayonu indi yenidən regionun sənaye mərkəzinə çevrilir. İstər fəaliyyətini uğurla davam etdirən “Çovdar” filiz emalı sahəsi, istərsə də tezliklə işə salınacaq “Daşkəsən Dəmir Filiz” MMC, habelə yenidən fəaliyyətə başlaması üçün müvafiq işlərin aparıldığı Daşkəsən Alunit İstehsalat sahəsi iqtisadiyyatımıza xaricdən valyuta gətirəcək və Daşkəsən regionda pilot bir rayona çevriləcəkdir.
Eyni zamanda, Prezident cənab İlham Əliyevin tapşırığı və qayğısı ilə Daşkəsən rayonunda son illər kompleks abadlıq, quruculuq işləri həyata keçirilmiş, yeni və möhtəşəm infrastruktur layihələri icra olunmuşdur. Daşkəsən rayonunda gedən inkişaf və quruculuq işləri davamlı və sürətlidir. Əminik ki, rayonumuz “Heydər Əliyev İli”ni də yeni nailiyyətlərlə başa vuracaqdır. Bütün görülən bu işlər Heydər Əliyev ideyalarının təntənəsi, Onun uğurla davam etdirilən siyasətinin nəticəsidir.
Biz daşkəsənlilər Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Daşkəsənlilər həmişə olduğu kimi, bundan sonra da Ulu Öndər Heydər Əliyevin Azərbaycanda daim yaşayan və qalib gələn ideyalarına sədaqət, inam və etimad nümayiş etdirəcək, əvəzolunmaz qüdrətli siyasi lider Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək ölkəmizin hərtərəfli davamlı inkişafı üçün var qüvvələrini sərf edəcəyik. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi biz daşkəsənlilərin qəlbində daim yaşayacaqdır.
Yaşasın Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları və onun siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev!
Millət vəkili Kamran Bayramov çıxışında bildirib ki, nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyev xalqımız və müstəqil dövlətimiz üçün elə xidmətlər göstərib ki, hər bir nəsil onun gördüyü işləri nümunə kimi götürməli, tövsiyələrini heç vaxt unutmamalıdır. Ölkəmizdə bərqərar olan sabitlik, həyatımızın bütün sahələrində qazanılan uğurlar Ümummilli Lider Heydər Əliyev siyasətinin və ideyalarının təntənəsidir.
Konfransın yekununda “Ulu Öndər Heydər Əliyev” adlı sənədli film nümayiş etdirilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

image-2 image-3 image-4 image-5

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90