Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri ilə təşkil olunan görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və rayonun mədəniyyət sahəsində çalışan məsul şəxsləri iştirak ediblər.
Görüşün məqsədi rayonun mədəniyyət müəssisələrinin mövcud vəziyyətini təhlil etmək, onların müasir tələblərə uyğun fəaliyyətinin səmərəliliyini artırmaq, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltməkdən ibarət olub.
İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın mədəniyyət siyasəti bu gün möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir, milli mədəniyyətimiz beynəlxalq miqyasda layiqincə qorunur, mədəniyyət işçilərinin peşəkar inkişafına xüsusi dəstək göstərilir, mədəniyyətimizin bütün sahələrində zəruri infrastruktur, şərait, maddi-texniki baza yaradılır.
Çıxış edən Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Daşkəsən şəhər Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva, Daşkəsən şəhər uşaq incəsənət məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Valeh Tağıyev, Daşkəsən şəhər uşaq kitabaxanasının müdiri Pərvanə Məmiyeva, Daşkəsən rayon Dövlət Rəsm Qalereyasının direktoru Afət Şamilova, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Alidə Mustafayeva və digərləri Daşkəsəndə mədəniyyət sahəsində görülən işlərdən danışıblar, qarşıda duran əsas vəzifələri diqqətə çatdırıblar. Eyni zamanda mədəniyyət işçiləri bir sıra məsələlərə dair münasibətlərini və fikirlərini səsləndiriblər.
İcra başçısı Orxan Abbasov irəli sürülən təklif və müraciətlər barədə fikirlərini bildirərək rayonun mədəniyyət müəssisələrinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması və digər məsələlərə dair müzakirələr aparıb, sualları cavablandırıb, aidiyyəti üzrə tapşırıqlar verib.
Daşkəsənli mədəniyyət işçiləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkilib.