İctimai platformalarda, internetdə Ermənistan hökumətinin hansısa kağıza imza atacağına dair həyəcan təbili çalınır. Sizi əmin etmək istəyirəm ki, əgər hansısa sənədi imzalamağa bir, iki və ya üç gün qalmış vəziyyətdəyiksə, bu, əslində pis xəbər deyil, çox yaxşı xəbərdir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında deyib.

Paşinyanın sözlərinə görə, sənədin imzalanması ilə bağlı yayılan məlumatlar danışıqlarda irəliləyişlərdən xəbər verir: “Bu o deməkdir ki, biz danışıqlar prosesində irəliləyiş və nəticə əldə etmişik, bu, arzularımızın nəticəsi deyil, uzunmüddətli sülhü, sabitliyi, inkişafı təmin edəcək amildir”.

Baş nazir həmçinin sözügedən sülh müqaviləsindən də bəhs edib: “Bəs sənəd varmı? Bilirsiniz ki, biz fevralın ortalarında mümkün sülh müqaviləsi layihəsinə münasibətimizi Azərbaycana çatdırdıq. İki-üç gün əvvəl layihəmizə Azərbaycanın cavabını aldıq. Həmin sənəd haqqında deyə bilərəm ki, istənilən halda biz müəyyən irəliləyiş görürük. Ancaq nə qədər çox irəliləyiş görürüksə, bir o qədər fundamental problemlər ortaya çıxır”.