image-rt-reklam
image-ilhambackend

Daha böyük uğurlara çatacağımıza inanırıq

image-728x90

Bugün biz böyük qürur və məsuliyyətlə deyə bilərik ki, Azərbaycan öz tarixinin ən şanlı səhifələrindən birini yaşamaqdadır. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü dövlət qura bilmişik. Ölkəmiz möhkəm əsaslar üzərində uğurla inkişaf etməkdədir.

Bugün Azərbaycan düşünülmüş siyasət, unikal iqtisadi islahatlar təməlində uğurla inkişaf edir. Dünyada gedən proseslər və mürəkkəb geosiyasi vəziyyət fonunda əldə edilmiş nəticələr və iqtisadi göstəricilər onu deməyə əsas verir ki, hər keçən il iqtisadiyyatımız daha uğurla inkişaf edir və ən mühüm amillərdən biri olan sabitliyini qorumağa müvəffəq olur. İqtisadi inkişaf tempimiz isə xüsusi diqqət cəlb edir. Son illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticələrini verir. Hesab edirəm ki, düşünülmüş islahatların məntiqi nəticəsi olan qeyri-neft sektorundakı artıma nəzər salmaq bu fikri əsaslandırmaq üçün kifayətdir.
Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə nəzər saldıqda, qazanılmış iqtisadi artımın və iqtisadi resursların insan kapitalının inkişafına və sosial layihələrin reallaşdırılmasına yönəldilməsinin şahidi oluruq. İqtisadi rəqabət qabiliyyətliyimizin günü-gündən artması, siyasi müstəvidəki uğurlarımızın artması üçün əsaslardan biridir. Torpaqlarımızın işğaldan azad edilməsində də iqtisadi potensialımızın güclü olmasının nə qədər önəmli olduğunun bir daha şahidi olduq. Keçən 20 il ərzində baş verən hadisələr bir daha sübut etdi ki, qazanılan heç bir uğur təsadüfi xarakter daşımır, hər birinin əsasında doğru qurulmuş və ölkəmizin parlaq gələcəyinin formalaşdırılmasına yönəlmiş addımlar və siyasi iradə dayanır.

Cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidməti sözsüz ki, 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsidir. Azərbaycan öz torpaqlarını öz gücü hesabına azad etdi. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsindən əvvəl hər fürsətdə biz dünya ictimaiyyətini ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə məlumatlandırmışdıq, lakin onlar təcavüzkarı cəzalandırmaq əvəzinə, ikili standartlarına davam etmək yolunu seçdilər.Bütün bunlara rəğmən, cənab Prezidentimizin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində sonda ədalət Zəfər çaldı. Münaqişənin hərbi yolla həlli olmadığını və işğalla barışmalı olduğumuzun qaçılmazlığını bizə təlqin etməyə çalışanların isə bu Zəfərlə barışmaqdan başqa heç bir çarələri qalmadı. 44 günlük Vətən müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, iradəsini və Azərbaycan dövlətinin gücünü göstərdi.

Tam əminliklə demək olar ki, Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, isə İkinci Qarabağ müharibəsinin və Azərbaycanın möhtəşəm Zəfərinin doğurduğu nəticədir. Azərbaycana qarşı bütün ədalətsizliklərə və ikili standartlara rəğmən isə, mövcud reallıq ondan ibarətdir ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda separatçılığa birdəfəlik son qoyuldu və suverenliyimizi və ərazi bütövlüyümüzü əbədi olaraq bərpa etməyə nail olduq. Qürurla deyə bilərik ki, qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımlarına məruz qalmış bir xalq öz lideri ətrafında birləşərək tarixi ədaləti bərpa etməyi bacardı və sadəcə Azərbaycanın deyil, region ölkələrinin təhlükəsiz gələcəyini formalaşdıraraq Cənubi Qafqazın tarixində parlaq bir səhifə yaratdı. Bu isə özlüyündə bütün dünyada həll olunmayan kimi görünən münaqişələrin həlli üçün yeni bir model yaradaraq bütün bəşəriyyətə töhfə vermiş oldu. Həm ölkəmizdə, həm də bütün dünyada yaşayan hər bir azərbaycanlı ölkəsi ilə, müzəffər prezidenti ilə qürur duyur. 2024-cü il fevral ayının 7-də baş tutan prezident seçkiləri də nümayiş etdirdi ki, xalq qalib prezidenti yekdilliklə dəstəkləyir və yeni tarixi mərhələdə ölkəmizin gələcək inkişafının, yeni milli hədəflərə çatılmasının yalnız cənab İlham Əliyevin sayəsində mümkünlüyünə inamını ifadə etdi.

Ölkəmizin son illərdə beynəlxalq arenada qazandığı uğurlar xüsusilə diqqətəlayiqdir. Beynəlxalq arenada oynadığımız fəal rola verilən dəyər və ölkəmizə göstərilən dərin hörməti COP29 kimi mühüm və genişmiqyaslı bir tədbirin ev sahibliyinin təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana verilməsində özünü göstərir. COP29 kimi bir tədbirə uğurlu ev sahibliyi Şimalla Cənubun, Şərqlə Qərbin qovuşduğu Azərbaycanın dünya ölkələri arasında siyasi, mədəni, enerji, ticari, nəqliyyat və digər sahələrdə inamlı əlaqələrin qurula bilməsində mühüm rol oynadığını bir daha sübut etdi. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 Azərbaycanın tarixindəki ən irimiqyaslı beynəlxalq tədbir olmaqla yaddaşlara həkk olundu. Bu qədər genişmiqyaslı bir tədbirə uğurla ev sahibliyi etməklə Azərbaycan böyük bir uğura imza atmaqla yanaşı, dünya üzərindəki hər bir kəsin həyatına yaxından təsir edən iqlim dəyişikliyi ilə mübarizəyə də böyük töhfə verdiyini bütün dünyaya nümayiş etdirdi.

Bir gənc olaraq hesab edirəm ki, ölkəmizdə böyük uğurla həyata keçirilən gənclər siyasətinə də toxunmaq məqsədəuyğun olardı. 1993-cü ildə Ulu Öndərin xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəlməsindən sonra mövcud reallıqlarda bütün çətinliklərə baxmayaraq diqqət yetirilən əsas sahələrədən biri də məhz gənclər siyasəti olmuşdur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti günümüzdə cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Cəmiyyətin dinamik qüvvələrinin, xüsusilə gənclərin enerjisinin ümummilli məqsədlərə yönləndirilməsi üçün sistemli fəaliyyət aparılır. Bugün ölkəmizdə həyata keçirilən gənclər siyasətinin ən mühüm istiqamətləri gənclərin cəmiyyətin müxtəlif sahələrində yüksək fəallığının təmin olunması və onların milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Cənab Prezident tərəfindən gənclərə göstərilən bu yüksək etimad və diqqət eyni zamanda, Azərbaycanın parlaq gələcəyini inşa edir.

Cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çoxşaxəlidir, misilsizdir və tarixidir. Qarşıda isə daha böyük hədəflər, daha böyük uğurlar dayanır. Azərbaycan xalqı öz Prezidenti, öz Müzəffər Ali Baş Komandanı ilə fəxr edir. Həmçinin, xüsusi vurğulamaq lazımdır ki, ölkəmizin effektiv dövlət obrazının formalaşmasında və dünyada yaxından tanıdılmasında ölkə Prezidenti ilə yanaşı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da ciddi töhfələri var. Ölkəmizdə həyata keçirilən sosial, humanitar və mədəni siyasətin keyfiyyətində birbaşa Mehriban xanim Əliyevanın dəsti-xətti vardır. Beləliklə, bu gün hər birimiz ölkəmizin ərazi bütövlüyü ilə yanaşı həm də milli qürurumuzu bərpa edən Prezidentimizlə fəxr edirik və bundan sonrakı mərhələdə daha böyük uğurlara çatacağımıza inanırıq.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90