“Crocus City Hall”da törədilən terror aktı nəticəsində “Crocus Group”un zərərinin tam məbləği təqribən 150-200 milyon dollardır.
Bu barədə jurnalistlərə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov məlumat verib.
Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də Moskva ətrafındakı Krasnoqorskqda baş verib. Silahlı şəxslərdən ibarət qrup tədbir zamanı “Crocus City Hall”da konsert zalına basqın edib, odlu silahlardan tamaşaçılara atəş açıb və binanı yandırıb. Hücum nəticəsində 145 nəfər həlak olub, 550-dən çox insan yaralanıb.
Emin Ağalarov qeyd edib ki, konsert zalının dağıdılması nəticəsində birbaşa itkilərlə yanaşı, şirkət “Crocus City”nin digər obyektlərində ziyarətçilərin sayının xeyli azalması problemi ilə üzləşib. O, terror aktının ailəsi üçün şəxsi faciə olduğunu vurğulayıb və hadisənin bütün hallarını aydınlaşdıracaq təhqiqatın tezliklə başa çatacağına ümid etdiyini bildirib.
Terror aktı qurbanlarının xatirəsini anmaq üçün faciənin birinci ildönümündə – 2025-ci il martın 22-də “Crocus City” ərazisində memorialın açılışı planlaşdırılır.