image-2000x150
image-2ae2acb9-c35e-4f58-80cb-b581596bd5c1backend

ÇOVDAROVDAN SONRA “BROKER ƏBÜLFƏZ”… – Məhkəmələrdən “korrupsiya qəhrəmanları” üçün “aç burax” kampaniyası

image-728x90

Səbail Rayon Məhkəməsinin “monopolist Əbülfəz” kimi tanınan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ev dustaqlığına buraxılmasına dair qərarı cəmiyyətdə haqlı olaraq, birmənalı qarşılanmadı. Azərbaycan reallıqları nəzərə alınsa, bu, o deməkdir ki, böyük ehtimalla Ə.Məlikova dair həbs qərarı seçilməyəcək və “şərti iş”, yaxud buna bənzər hansısa başqa bir hökm çıxarılacaq.

Xatırladaq ki, bu şəxs Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri əsasında, yəni, kifayət qədər ağır cinayətlərdə günahlandırılır. Məsələnin rəsmi tərəfi bir kənara, Azərbaycanda uzun illər “monoipoliyaya” haqq ödəmiş və bu zaman “Broker Əbülfəzi” tanımamış və onun “bayrağının altından keçməmiş” iş adamı demək olar ki, olmayıb. Yəni, hamı bilir ki, bu adam nə işlə məşğul olub, nələrə sahiblənib, “krışası” kimlər olub və sair.

Haşiyə çıxaraq onu da qeyd edək ki, sabiq millət vəkili və Gömrük Komitəsinin sabiq sədr müavini Cümşüd Nuriyev həmin bu Əbülfəzin Rusiyada yaşayan və Azərbaycanın ən qatı düşmənlərindən biri olan erməni milyarder Ara Abramyanla yaxın qohumluq əlaqəsində – “yeznə-qayın” olduğunu dəfələrlə açıq şəkildə mətbuata bildirib.

Nə Ə.Məlikovun özü, nə vəkilləri, nə də yaxınları bunu təkzib etməyiblər. Hansı ki, əgər bu deyilənlər həqiqətdirsə, ortada təkcə korrupsiya, oğurluq yox, ölkənin milli maraqlarını təhlükə altına alan daha ağır məsələlərə dair şübhələr yaranmış olur…

Bütün bunlara baxmayaraq, indi belə bir adama qarşı ədalət anlayışına hamımızın yaxşı bələd olduğu Azərbaycan məhkəmə sistemi “mərhəmət göstərərək” və daha çox Avropa, Amerika məhkəmələrinin geniş yayılmış təcrübəsindən çıxış edərək, ev dustaqlığı barədə qərar çıxarır.

Hansı ki, Azərbaycanda Əbülfəz Məlikovdan fərqli olaraq, ağır xəstəliyi, olduqca ağır, acınacaqlı ailə vəziyyəti, xəstə valideynləri, övladları olan və heç də “Broker Əbülfəz”in maddələrindən ağır maddələrlə mühakimə edilməyən minlərlə şəxs var ki, ev dustaqlığını heç ağlının ucundan da keçirə bilmir. Çünki belə müraciətlər dərhal rədd edilir. Çünki yaxşı bilir ki, bu cür “Avropa sayağı” qərarlar necə qəbul olunur və “humanistlik” də, “güzəşt” də, “mərhəmət” də kasıb-kusub üçün yox, korrupsiya, talançılıq, oğurluq hesabına varlananlar üçündür…

Bir müddət əvvəl təxminən eyni münasibət “MTN işi”nin ən əsas fiqurlarından biri, Azərbaycanda general rütbəsi səviyyəsində korrupsiya ilə quldurluğun və reketliyin sintezinin simvoluna çevrilmiş Akif Çovdarovun 10 milyonlarla dəyərində əmlakının geri qaytarılması işində özünü büruzə verdi. Açıq-aşkar, harın və nümayişkaranə şəkildə təkcə cəmiyyətə yox, Azərbaycanın məhkəmə, hüquq-mühafizə sisteminə, dövlətə meydan oxuyan bu adam hazırda Azərbaycan məhkəməsinin “ƏDALƏTİ” sayəsində məlum yollarla “qazandığı” on milyonlara yenidən sahiblənməkdə və həyatının qalan hissəsini kef-damaq içərisində keçirməkdədir.

Ali Məhkəmə sədrinin Çovdarovun əmlakları ilə bağlı qərara verdiyi müsbət rəy isə belələrinə necə himayədarlıq edildiyini ortaya qoymaqla yanaşı, yəqin ki, Azərbaycanın ədalət mühakiməsi tarixinə “qızıl hərflərlə” yazılacaq tarixi hadisə olacaq…

Əlbəttə, Azərbaycanda Çovdarovdan da “beş betər”, ondan qat-qat üstün vəzifələr tutmuş, milyonlar yox, yüz milyonlara, bəlkə də milyardlara sahiblənmiş, əli daha ağır cinayətlərə bulaşmış, Azərbaycanın milli maraqlarını, bugününü, gələcəyini satmış şəxslər var ki, nə heç olmasa görüntü xatirinə istintaqa cəlb olundular, nə mühakimə edildilər, nə həbsxana gördülər, nə də əmlakları, pulları əllərindən alınıb, dövlətə, büdcəyə qaytarıldı. İndi də şad-xürrəm həyatlarını davam etdirirlər. Eldar Mahmudovumu deyək, Zakir Qaralovumu deyək, Rüstəm Usubovumu deyək, Ramiz Mehdiyevimi deyək, Nəcməddin Sadıkovumu deyək – hansı birini deyək?

Yəqin, bu cür qərarları verən hakimlər və onlara tapşırıq verənlər yaxşı başa düşürlər ki, belə məhkəmə sistemi, ədalət anlayışı ilə bizi nəinki Avropaya, Qərbə, heç Yaxın və Uzaq Şərqə, hətta Afrikaya da buraxmazlar…

Adətən, əksər hallarda məhbuslar barədə “Allah qapısını açsın” deyirlər. Olsun. Lap “Broker Əbülfəz” kimilərin də qapısını açsın. Amma qoy, ilahi qüvvə ilk növbədə məhkəmələrimizin, hüquq-mühafizə, ədalət sistemimizin “vicdan qapısını” açsın… Açsın ki,ölkəni çapıb-talayan, vətəndaşlara quldur münasibəti göstərən məmurlar layiq olduğu şəkildə cəzalandırılsınlar! Açsın ki, əbülfəzlərə, çovdarovlara yandırılan “yaşıl işıq” günahsız olduğu halda məhkəmələrin, hüquq-mühafizə orqanlarının qapılarında süründürülən, hətta həbsə atılan vətəndaşlarımız üçün də keçərli olsun! Çünki belə görünür ki, yerdəki qüvvələr bunu bacarmır…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90