Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu təkcə coğrafiya ilə bağlı deyil: “Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”. Azərbaycan Prezidentinin bu fikirlərini, COP29 sammiti real nəticələrlə təsdiq etmiş oldu”.
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, bir il bundan öncə COP29-un Bakıda keçirilməsi barədə qərar qəbul edilən andan anti-Azərbaycan qüvvələr tərəfindən ölkəmiz əleyhinə kütləvi qarayaxma, böhtan kompaniyası başlanıldı:
“Konfransların keçirildiyi ərəfədə kompaniyası daha da şiddətləndi. Məsələnin kökündə, bəzi qlobal güclər üçün Azərbaycanı təsir və təzyiq altında saxlamaqla, öz geosiyasi maraqlarını təmin etmək, ermənipərəst qruplar üçün isə, Bakı həbsxanasında cəzalarını çəkən separatçıların ,,liderlərinin,, həbsdən azad olunmasına nail olmaqdır. Hər iki qrup, məqsədlərinə çatmaqdan ötrü pulla satın alınmış siyasətçilərin, jurnalistlərin imkanlarından maksimum istifadə etdilər. Boykot çağırışlarından tutmuş, nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə piar-kampaniyaya qədər, tərəflər arasında razılaşmaların baş tutmaması üçün əllərindən gələni etdilər. Bu gün biz qürurla deyə bilərik ki, COP29-da əldə olunan nəticələr, həmin qüvvələri məyus etdi. 200-ə yaxın ölkədən 70 mindən artıq nümayəndə heyəti, 80 ölkədən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri Sammitin işində iştirak etdi. İki həftədən artıq müddətdir ki, Bakı dünyanın ən iri kütləvi informasiya vasitələrinin, rəsmi qurumların müzakirə predmetinə çevrildi. Bakı sammiti, nüfuzlu televiziya kanallarının, çox milyonluq tirajla çıxan qəzet və jurnalların xəbər portallarında əsas yerləri tutdu. Dünya, bir daha Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, diplomatik gücünü, beynəlxalq nüfuzunu gördü”.
Deputat vurğulayıb ki, müstəqillik illərində paytaxtımız bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdi:
“Lakin, tam məsuliyyətlə deyə bilərəm ki, COP29-da olduğu qədər, heç zaman belə iri miqyasda təbliğ olunmamışdır. COP29 əldə olunmuş nəticələri ilə tarixə düşdü. 10 ildən artıq bir müddətdə müzakirə və mübahisə predmetinə çevrilmiş Paris sazişinin 6.2, 6.4 və 6.8 bəndləri bir-birinə əks qütblərə məxsus, böyük dövlətlər tərəfindən razılaşdırıldı. İlik dəfə 2035-ci ilə qədər, illik 300 milyard ABŞ dolları ayrılması ilə bağlı öhdəlik götürüldü. Baxmayaraq ki, ilkin hədəf 200 milyard dollar idi. İnkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar həcmində iqlim maliyyəsini təmin etmək üçün Bakı Maliyyə Məqsədi razılaşması elan edildi. Müqayisə üçün, Dubayda keçirilən COP28-də cəmi 100 milyard dolların ayrılması planlaşdırılmışdı. ABŞ prezidenti Co Bayden COP 29 sammitinin uğurla nəticələnməsi ilə bağlı təbrik bəyanatı göndərdi. Mühüm razılaşmaların əldə olunmasında, yüksək səviyyəli təşkilatçılıqda, Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu və qlobal müzakirələr mərkəzinə çevrilməsini xüsusi rolunu qeyd etməsi isə, bədxahlara verilmiş cavabdır. COP29 müstəqil Azərbaycan tarixinə əlamətdar hadisə kimi düşdü. Ölkəmizlə fəxr etməliyik. Azərbaycan şərəfli tarix yazmaqda davam edir”.