image-rt-reklam
image-1backend

Çoban Vəfanın “qoyun sürüsü”

image-728x90

Müğənni Vəfa Şərifovanı kimlərsə yamanca əsəbiləşdirib. Özündən çıxan müğənni üzünü xalqa tutaraq, onu tanıyan, bilən hər kəsi “qoyun” adlandırıb. İnsan kiməsə əsəbiləşə, özündən çıxa bilər. Ancaq bütöv bir xalqı qoyuna bənzədəcək qədər harınlamaq heç də yaxşı hal deyil.

Axı sən bütün izləyiciləri, səni adam yerinə qoyanları necə təhqir edə bilərsən? Bu ixtiyarı sənə kim verib? Sənin xətrinə dəyən bir-iki nəfərə görə xalqın nə günahı var? Necə olur ki, sən bu xalqın pulu ilə məşhurlaş, xalqın çörəyini ye, övladlarının xoş günlərində yuxarı başda otur, sonda da onları “qoyun” adlandır.

Əslində, günah Vəfada yox, ünvanına təriflər yağdırıb onu göylərə qaldıranlarda, “ulduz” edənlərdədir. Məhz həmin şəxslər sürü psixologiyası ilə davranır. “Baboş” kimiləri məşhur edib bütün Azərbaycana tanıtdıran, bu yolla onlara pul qazanmaqda yardımçı olan məhz onlardır. Bayramın tamaşasına doymayan, hər yerdə onun gözəlliyindən danışan da bu qəbildən olanlardır. Bəli, sürü psixologiyasının nəticəsində “Məmiş”in səviyyəsiz “Mamana demə” mahnısı gündəmə bomba kimi düşdü, onu bir anda məşhur etdi. Hələ “TikTok”da söyüşləri, açıq-saçıq geyimləri ilə məşhurlaşan qadınları demirəm…

Demək, iki gün araşdırma edib maarifləndirici mövzu üzərində işlədim, insanları saxtakar psixoloqlardan, dələduz falçılardan necə uzaq tutmaq lazım olduğunu izah etmək üçün mütəxəssislərin fikirlərini öyrəndim. Millət vəkili, din xadimi, klinik-psixoloq danışdırdım. Təxminən 9 min işarəlik bir yazı ərsəyə gəldi. Xəbər saytda çıxan günü təsadüfən müğənni Vəfanın üzünü xalqa tutaraq “görün siz neçə nəfərsiz, mən təm-təkəm. Sizi belə birləşmiş görəndə özümü çobana oxşadıram. Mən çobanam, siz də qoyun sürüsü” deyərək, paylaşdığı video qarşıma çıxdı. Bu hadisəyə nə qədər məyus olsam da, bir, iki cümlə yazıb onu da xəbər etdim. Nəticədə üstündə iki gün çalışdığım yazı bizə min, iki dəqiqəyə hazırladığım “yazı” isə on min oxucu qazandırdı. Buradan belə aydın olur ki, aramızda səviyyəsiz mahnılara qulaq asmağa, qeybət tipli verilişlərə baxmağa, şou xəbərlər oxumağa həvəslilər daha çoxdur.

Nə qədər ki, özümüzə dəyər verməyəcəyik, müstəqil qərar verməkdə çətinlik çəkəcəyik, beş qəpiyə dəyməyən adamlara on minlər verib toylarımıza gətirəcəyik, sosial şəbəkələrdə layk edib təriflər yağdıracağıq, bu cılızların arxasına düşüb gedəcəyik, elə o vaxta qədər də Vəfa kimilər özünü “çoban” bizi isə “qoyun” adlandıracaq.

Gülnar Süleymanova

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90