Çinin Quandonq əyalətində çikungunya qızdırması səbəbindən COVID-19 pandemiyası dövrünü xatırladan sərt sanitar məhdudiyyətlər yenidən tətbiq olunub. Xəstəliyin yayılma mərkəzi Foşan şəhərində təxminən 10 min yoluxma halı qeydə alınıb. Şəhərin ümumi əhalisinin 10 milyon nəfər olduğu nəzərə alınarsa, mütəxəssislər kütləvi təşviş üçün səbəb görmürlər.
Çikungunya qızdırması — yalnız Aedes növündən olan yoluxmuş ağcaqanadların dişləməsi ilə ötürülən virus xəstəliyidir. Ölüm halları nadir olsa da, xəstəlik qızdırma, səpgilər və oynaq ağrıları ilə müşayiət olunur. İsti, rütubətli və yağışlı hava komarların çoxalması və virusun yayılması üçün əlverişli şərait yaradıb.
Rəsmi məlumatlara görə, yoluxanların 95%-i yeddi gün ərzində sağalır və əksər hallarda xəstəlik yüngül keçir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, virus hava-damcı yolu ilə keçmir və xəstəliyi keçirənlərdə təkrar yoluxmaya qarşı immunitet formalaşır. Ağır hallara əsasən azyaşlı uşaqlar və yanaşı xəstəlikləri olan yaşlı şəxslərdə rast gəlinir.
Bununla belə, Çin hökuməti ehtiyat tədbirləri kimi kütləvi testlər, dərman satışına nəzarət, vətəndaşların səfər tarixçəsinin yoxlanılması, ərazilərin dezinfeksiyası və durğun suların aradan qaldırılması tədbirlərini gücləndirib. Standartlara əməl etməyənlər üçün 1 400 dollara qədər cərimələr nəzərdə tutulur. Həmçinin su hövzələrinə ağcaqanad sürfələrini yeyən balıqlar buraxılır, ictimai yerlərdə təmizlik tələblərinə əməl olunması ciddi şəkildə yoxlanılır.
Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət yeni pandemiya təhlükəsi deyil, sadəcə böyükmiqyaslı lokal epidemiya olub, oktyabr ayına qədər komarların fəallığının azalması ilə birlikdə səngiyəcək.
Həkimlər həmin bölgələrə səfər edənlərə aşağıdakı tövsiyələri verir:
Dəriyə ağcaqanad əleyhinə sprey və ya krem çəkmək;
Qolu və ayağı örtən geniş geyimlərdən istifadə etmək;
Durğun suların yaxınlığında istirahətdən çəkinmək;
Şübhəli simptomlar yaranarsa, dərhal həkimə müraciət etmək. Hazırda təşviş üçün ciddi əsas yoxdur, lakin fərdi qoruyucu tədbirlərə əməl etmək tövsiyə olunur.