image-rt-reklam
image-1backend

Çin-Azərbaycan münasibətlərinin dərinləşməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir

image-728x90

Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq prinsiplərini rəhbər tutan Azərbaycan Çin Xalq Respublikası ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki respublika arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur.
Çin Xalq  Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Belə ki, ÇXR 1991-ci il dekabrın 27-də  Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Çin dünya ictimaiyyəti ilə birlikdə problemin sülh yolu ilə həll edilməsi üçün səylərini göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəklədiyini ifadə edib.
Azərbaycanla Çin arasında  diplomatik münasibətlər 1992-ci il, aprel ayının 2-də qurulub. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycanda, 1993-cü ilin sentyabr ayında isə Azərbaycanın Pekində səfirliyi açılıb.
Azərbaycanla Çin münasibətlərinin inkişafı Ümummilli  lider Heydər Əliyev hakimiyyətə gələndən sonra daha da güclənib. 1994-cü ilin 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olub. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanıb. Çin Xalq Respublikasının Sədri Heydər Əliyevlə danışıqlarda bildirib ki, Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın  daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də digər ölkələrlə bərabər Çinlə də əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibədə qeyd  edib ki, 2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə xüsusi olaraq qeyd edilib ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlıq bir çox səmərəli nəticə verib. Bununla yanaşı İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığı gələcəkdə də genişləndirmək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etmək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etmək barədə razılığa gəlindiyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 22-23-də Çin Xalq Respublikasına dövlət səfəri iki dövlət arasında münasibətlərin daha inkişafı və möhkəmlənməsində növbəti addım olacaqdır. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub. Gürüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu. Görüşdə Azərbaycanın və Çinin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı “Vahid Çin” siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.
Cənab Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi.
Görüşdə Hökumətlərarası Komissiyanın sonuncu iclasına toxunuldu, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu. Ticarət dövriyyəmizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirildi. Strateji tərəfdaşlığa dair Birgə Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirildi, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunulub.
Pekində keçirilən görüşdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Azərbaycan Prezidenti ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışında qeyd edib ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. İkitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir.
Çin Xalq Respublikası bu gün Azərbaycanın  ən böyük ticarət tərəfdaşlarından birinə çevrilib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlıq genişləndirilir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.
Son illərdə Azərbaycanla səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Belə ki, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı investisiyanın həcmi 920 milyon dollara çatıb. Eyni zamanda Azərbaycanın Çinə sərmayə qoyuluşu bundan təqribən 2 dəfə çoxdur. Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir.
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.
Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.
Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, bu səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90