image-rt-reklam
image-1backend

Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatı

image-728x90

İyulun 22-də Azərbaycan Milli Mətbuatının yaranmasının 149 yaşı tamam olur. Bu, əslində, tək mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bayramıdır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev mətbuatımızın yubileyinin ümummilli səviyyədə qeyd olunması ilə bağlı imzaladığı sərəncamlar bir daha Azərbaycanda mətbuata dövlət qayğısının daha bir parlaq təzahürü kimi dəyərləndirilməlidir. Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan Milli Mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması, əslində, ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən, maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır.
Milli mətbuatımızın bünövrəsi 1875-ci il, iyulun 22-də “Əkinçi” qəzetinin ilk sayının nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli ədibləri olan bu şəxsiyyətlər “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər.
Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən “Bakinski listok” olub. 1876-cı ildə ikinci rusdilli qəzet “Bakinskiye izvestiya” nəşrə başlayıb. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş “Kaspi”nin 1897-ci ildən etibarən naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdu.
Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndər hələ dövlət təhlükəsizliyi orqanlarında çalışdığı illərdə, xüsusən də, Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən, mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Dahi şəxsiyyət Heydər Əliyev sovet dövründə olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması – bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənib. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan, qəzet və jurnalların sayı durmadan artır. Prezident İlham Əliyevin 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yarandı. 31 iyul, 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” kimi mühüm bir sənəd təsdiq olundu. Konsepsiyaya uyğun olaraq, 22 may, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və jurnalistika günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130, 2010-cu ildə 135, 2020-ci ildə isə 145 illik yubileylərinin keçirilməsi ilə bağlı müvafiq sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi respublikamızda jurnalistlərin stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdəndir. Bütün bunlar jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyərin göstəricisidir.
Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük rəğbətlə qarşılandı. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan vəsait hesabına 2 ədəd çoxmənzilli yaşayış binası tikilərək jurnalistlərə verilib. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə Azərbaycan mətbuatı üçün növbəti sınaq oldu. 44 gün ərzində Azərbaycan jurnalisti həm ön, həm də arxa cəbhədə yorulmadan çalışdı. Müharibə zonasından canlı bağlantılar, Azərbaycan Ordusunun hər gün artan uğurlarına dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı. Media müharibə günlərində xüsusi aktivlik nümayiş etdirərək əsl vətənpərvərlik mövqeyini ortaya qoydu. Jurnalistlər çevik kommunikasiya vasitələrini, müasir tendensiyaları fəaliyyətlərində bacarıqla tətbiq etdilər. Bu dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mətbuatın bir nömrəli vəzifəsinə çevrildi. 2021-ci il iyunun 4-də Azərbaycanın 2 jurnalistinin – Məhərrəm İbrahimov və Sirac Abışovun xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Kəlbəcərdə minaya düşərək həlak olması Azərbaycan mətbuatına ağır itki olsa da, bu hadisə və həmin jurnalistlərin keçdiyi həyat yolu Azərbaycan jurnalistinin cəsarətini, qorxmazlığını və vətənpərvərliyini bütün dünyaya bir daha sübut etdi.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Əlbəttə, digər sahələrdə olduğu kimi mediada da geniş islahatlara başlanacağı gözlənilən idi. KİV orqanlarında keyfiyyət dəyişikliyinə ciddi şəkildə ehtiyac yaranmışdı. Bu istiqamətdə yeniliklərin tətbiqi zəruri hesab olunurdu. Ölkə başçısının Fərmanı medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında böyük rol oynayır. 2022-ci il dekabrın 14-də söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək “Media haqqında” qanun layihəsi Milli Məclisin  plenar iclasında birinci oxunuşda təsdiq edildi. 9 fəsil, 78 maddədən ibarət sözügedən qanun layihəsi 20 dekabrda ikinci, 30 dekabrda isə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq səsvermədən sonra qəbul edildi.
Bu gün müstəqil Azərbaycan dövləti hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti Milli Mətbuatımıza daim diqqət göstərir və onun inkişafına yönələn tədbirlər həyata keçirilir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90