Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması xalqımız tərəfindən böyük sevinclə qarşılandı. 1990-ci illərin əvvəllərində Ermənistanın işğal etdiyi bu kəndlər may ayının 24-dən ölkəmizin nəzatərinə keçib. Tarixi ədalət bərpa olunub.
Qazax rayonunun kəndlərinin bir güllə atılmadan, qan tökülmədən işğaldan azad olunması Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin növbəti uğurudur, tarixi qələbəsidir. Hərb meydanında olduğu kimi, siyasət aləmində də Ermənistanı çıxılmaz vəziyyətdə qoyan rəsmi Bakı İrəvanı kəndlərimizi danışıqlar yolu ilə geri qaytarmağa məcbur etdi. Belə ki, Azərbaycan Prezidentinin hərbi, diplomatik həmlələri Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edir. Bu gün Ermənistanın düşdüyü hazırkı siyasi durum ona başqa addımlar atmağa imkan vermir.
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il aprelin 19-da əldə olunmuş razılaşma əsasında həyata keçirilən tədbirlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib. Artıq həmin kəndlərin əraziləri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Qazaxın 4 kəndini qaytarması ilə Azərbaycan öz suverenliyini daha da möhkəmləndirib.
Beynəlxalq vasitəçilərin iştirakı olmadan danışıqlar yolu ilə ilk dəfə olaraq Ermənistanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlməsi iki ölkənin sülhə xeyli yaxınlaşdığını bir daha göstərir. Bakı və İrəvan arasında bu cür qarşılıqlı razılaşmanın əldə olunması, ümumilikdə Cənubi Qafqazda sülhə və sabitliyə gedən yolda inamlı addımdır. Bütün bunlar bir daha göstərir ki, zaman Azərbaycanın xeyrinə işləyir.
Azərbaycan Prezidenti bu il yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibəsində kəndlərimizin Ermənistanın işğalı altında qalmasının qəbuledilməz olduğunu vurğulayaraq demişdir: “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”. Bəli, Prezidentin müsahibəsində dedikləri 3 aydan sonra reallığa çevrildi. Qazaxın azadlığa qovuşan 4 kəndində mayın 24-də Azərbaycan bayrağı qaldırıldı.
32 il əvvəl doğma ocaqlarından didərgin düşmüş kənd sakinləri yaxın günlərdə böyük sevinc içində dövlətimizin başçısına minnətdarlıq hissi ilə ata-baba yurdlarına qayıdacaqlar. Azərbaycan xalqı isə şərəf dolu bu tarixi anları, bu zəfəri heç vaxt unutmayacaq.
Təbiidir ki, Ermənistan cəmiyyətindəki səngiməyən narazılıqların fonunda rəsmi İrəvanın delimitasiya prosesi üzrə nümayiş etdirdiyi konstruktivlik heç də baş nazir Paşinyanın qanunlara hörmətindən, humanistliyindən irəli gələn amil deyil. Buna əsas səbəb Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində qazandığı möhtəşəm qələbəsidir. Ermənistan ordusunu tamamilə darmadağın etməsidir, diz çökdürülməsdir. Gec də olsa, artıq İrəvanda yaxşı başa düşürlər ki, beynəlxalq qanunlara əsaslanan Azərbaycan tələblərində haqlı və ədalətlidir. Bu tələblər yerinə yetirilməsə, ermənilər “dəmir yumruğ”u yenə də başlarının üstündə görəcəklər.
Qazaxın 4 kəndinin dinc yolla qaytarılması bir daha onu göstərdi ki, regionda yaradılmış yeni reallıqlar fonunda Azərbaycan diktə edən tərəfdir. Çünki o qalib dövlətdir, müharibədə düşmən üzərində tarixi Zəfər çalıb. Qaliblər həmişə diktə edən tərəf olur. Əminliklə demək olar ki, delimitasiya və demarkasiya prosesi çərçivəsində torpaqlarımizın əsl sahibinə qaytarılması 44 günlük Vətən müharibəsindəki və antiterror tədbirlərindəki qələbəmizin uğurlu davamıdır. Bu, həm də Cənubi Qafqazın tarixində yeni səhifədir. Azərbaycan qazandığı uğurları ilə hələ bundan sonra da tarixə yeni səhifələr yazacaq.
Metin Hüseynov – siyasi sərhçi, politoloq