image-rt-reklam
image-media-cavansir_2-lt16i5r79kow4vzbmach-620x460backend

Cənubi Qafqazda iki müharibə: iki fərqli tale  

image-728x90

Bu gün Rusiya-Gürcüstan müharibəsindən 16 il keçir.

2008-ci ilin 8 avqustunda Rusiya Gürcüstanı “Cənubi Osetiyaya qarşı aqqresiyada” təqsirləndirərək “sülhü təmin etmə əməliyyatı” adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma keçmiş, Cənubi Osetiya və Abxaziya ərazilərini tam nəzarətə götürdükdən sonra 12 avqustda əməliyyat başa çatdırılmışdı.
Gürcüstanda baş vermiş hadisələrdən 12 il sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə nail olacağını heç kim proqnozlaşdırmırdı. Azərbaycandan və Azərbaycanlılardan başqa.

Bu gün 2020-ci ilin Vətən müharibəsini xatırlayanda Cənubi Qafqazda baş vermiş bu iki hərbi-siyasi hadisədə nəticələrin müqayisəsi geopolitika baxımından olduqca maraqlıdır.
Belə ki, hər iki ölkədə müharibə başlayana qədər həmin ölkələrdəki separatçılar açıq və gizli şəkildə üçüncü tərəfdən dəstəklənirdi. Gürcüstanda separatçılara bu dəstək yalnız Rusiyadan verildiyi halda Azərbaycan ərazisindəki sepratçılıq Rusiya və Ermənistan tərəfindən birlikdə dəstəklənirdi. Hər iki ölkə beynəlxalq birliyin ədalətli yanaşmasına ümid edərək beynəlxalq təşkilatlardan və xüsusilə böyük güc mərkəzlərindən dəstək gözləyirdilər. Beynəlxalq birlik isə sözdə dediklərini əməldə təsdiq etməyə tələsmirdilər. Azərbaycan və Gürcüstan tərəfindən problemin həlli üçün bütün mümkün addımlar atılır, lakin həmin dövr üçün formalaşmış status-kvonu dəyişmək mümkün olmurdu. Əvvəllər düşünülürdü ki, beynəlxalq sistemin qəti addımlar atmağa siyasi iradəsi çatmırdı və sonradan aydın olduğu kimi, beynəlxalq sistem heç belə bir iradə ortaya qoymağı da düşünmürmüş.

Bununla belə Qərb müharibə qaçılmaz olduğu halda Gürcüstana hər cür dəstək veriləcəyi ilə bağlı Mixeil Saakaşviliyə söz vermişdi. Qərbin vədlərinə etimad göstərən Mixeil Saakaşvili avqustun 7-dən 8-ə keçən gecə özünü müstəqil dövlət elan etmiş Cənubi Osetiyaya qoşun yeritdi. Ertəsi gün Rusiyanın o zamankı prezidenti Dmitri Medvedev Rusiya qoşunlarını münaqişə zonasına yeritməklə faktiki olaraq Cənubi Osetiya tərəfində Gürcüstana qarşı müharibəyə qoşuldu. Nəticədə cəmi bir neçə gün ərzində Rusiya qoşunları separatçı qüvvələrlə birlikdə Gürcüstan ordusunu Cənubi Osetiya və Abxaziya bölgələrindən çıxardı və üstəlik Gürcüstanın həmin bölgələrə bitişik bəzi ərazilərini də zəbt etdi.
Bu qısa müddətli müharibə böyük miqyaslı geopolitik nəticələr doğurdu və bu nəticələr Gürcüstanın siyasi-hərbi, iqtisadi və mənəvi həyatında silinməz izlər qoydu. 4 günlük müharibə başa çatdıqdan cəmi iki həftə sonra Rusiya Cənubi Osetiyanı və Abxaziyanı “müstəqil dövlətlər” kimi tanıdı. Gürcüstanın Qərb strukturlarına inteqrasiyası iflasa uğradı. Hər vəchlə Gürcüstanı Rusiya ilə münaqişəyə təhrik edən Qərb Rusiyaya qarşı hər hansı bir sanksiya belə tətbiq etmədi. Məhz həmin hadisələr zamanı Qərbin nümayiş etdirdiyi ikiüzlülük 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsinə və daha sonra Ukraynaya geniş miqyaslı təcavüzə başlamasına stimul verdi.

Azərbaycan da elə Gürcüstanla eyni vaxtda, müstəqilliyimizin bərpası ərəfəsində eyni problemlə üzləşmişdi. Bu gün Gürcüstan hadisələrini xatırlayarkən bir daha 2020-ci ildə Azərbycanın əldə etdiyi qələbənin nə qədər möhtəşəm olduğunu dərk etməmək mümkün deyil.

Gürcüstandan fərqli olaraq Azərbaycanın ərazi bütövlüyü Qərb tərəfindən birmənalı şəkildə dəstəklənmirdi. Qərbin bir çox siyasi liderləri Qarabağı “mübahisəli ərazi” adlandırmaqla Azərbaycanı qeyri- müəyyən və hətta çıxılmaz vəziyyətdə qoyurdular. Beləliklə, həmin dövrdə Azərbaycan Grcüstana nisbətən daha ağır durumda idi.
Azərbaycan qarşısında duran sadəcə separatçılar deyildi. Qarşımızda separatçıları birbaşa dəstəkləyən Ermənistan dövləti, dünya boyunca Ermənistanın işğalçı maraqlarına “insan haqları” donu geyindirərək ona dəstək qazandıran qlobal erməni lobbisi, Ermənistanı silah-sursatla gen-bol təmin edən Rusiya hərbi sənaye kompleksi, separatçılara maddi və mənəvi dəstək göstərən İran və Vatikan kimi ölkələr və nəhayət, bütün bunlara asanlıqla göz yuman kollektiv Qərb dayanırdı.

Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ uğrunda nəinki Ermənistanla, hətta bütün dünya ilə savaşmağa hazırlaşırdı. Prezident seçilərkən İlham Əliyev işğal altında olan torpaqlarımızı son qarışınadək azad etməyi özünün başlıca missiyası elan etmişdi. Ermənistanı dəsətəkləyən bütün qüvvələrin neytrallaşdırılması üçün illər keçdi. İlham Əliyev isə sadəcə “nəyi nə vaxt etməyin lazım olduğunu bildiyini” deyirdi. Prezident siyasi, iqtisadi, diplomatik və hərbi sahələrdə Azərbaycanın mövqeyinin gücləndirilməsinə illər sərf etdi və nəticədə dünya güc mərkəzlərinin belə mümkün hesab etmədiyini gerçəkləşdirdi. BMT-nin 4 məlum Qətnaməsini Azərbaycan öz gücünə yerinə yetirdi və ərazi bütövlüyümüz təmin edildi. Dünyanın aparıcı dövlətlərinin xəbərdarlıqlarına baxmayaraq Prezident İlham Əliyev öz xalqına lazım olanı etdi. 44 günlük müharibə zamanı heç bir şantaja və davamlı təhdidlərə boyun əymədi. O, Azərbaycan xalqının birliyinə, onun qəhrəman ordusuna arxalandı və təkcə separatizmə yox, onu dəstəkləyən bütün qüvvələrə birlikdə qalib gəldi. Döyüş cəbhəsində ordumuzun əldə etdiyi qələbələri Prezident Əliyev diplomatik və informasiya cəbhələrində təkbaşına təmin etdi. Nəticədə Azərbaycan qalib gəldi.
Bu günümüzdən geriyə baxanda Azərbaycan və Gürcüstan xalqlarının tarixində yaşanmış eyni dramın iki fərqli sonluğunu görürük. Torpaq itkilərinə məruz qalmış və hələ də mənəvi sarsıntılar içərisində çırpınan, Qərb tərəfindən taleyin hökmünə buraxılmış gürcü taleyi ilə Vətən müharibəsində qazanılmış zəfərin qürurunu yaşayan Azərbaycanlıların məğrurluğu müqayisə olunarkən Azərbaycan siyasətinin nəyə qadir olduğunu anlamaq o qədər də çətin deyil. Ona görə biz bu qələbəmizlə həmişə öyünməliyik. Bu gün də, sabah da, on iilər və hətta yüz illər sonra da biz tarixi zəfərimizin qiymətini bilməyə borcluyuq.

Cavanşir Feyziyev

fəlsəfə üzrə fəlsəfə doktoru.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90