Global Firepower (GFP) beynəlxalq reytinq şirkətinin 2023-cü il üçün cədvəlində Ukrayna silahlı qüvvələri dünya orduları arasında 15-ci yeri tutub. Beləliklə, Ukrayna ordusu İsraili (18-ci yer), Vyetnamı (19), Polşanı (20), habelə Avstraliya (16) və İranı (17) geridə qoyub.
Ukrayna ötən il 145 ölkədən ibarət bu cədvəldə 22-ci yerdə idi. Rusiya bu reytinq cədvəlində ABŞ-dan sonra ikinci pilləni tutur.
Sonrakı yerlərdə Çin, Hindistan və Britaniya qərar tutub. Cədvəldə Yaponiya, Fransa və İtaliya 7-ci yerdə olan Pakistandan daha aşağı pillələrdir. Bu cədvəldə Türkiyə ordusu 11-ci, İran ordusu isə 17-ci yerdədir.
Cənubi Qafqazda ən güclü
GFP indeksində Azərbaycan ordusu da mövqeyini yaxşılaşdırıb və 63-cü pillədən 57-yə qalxıb. Bu, Cənubi Qafqazda ən güclü ordu deməkdir. 2023-cü ilin reytinqində Gürcüstan 85, Ermənistan 94-cü yerdədir.
Reytinq cədvəlində Azərbaycanın ardınca Serbiya 58, Bolqarıstan 59, Belarus 60, Özbəkistan 62, Qazaxıstan 63, Türkmənistan 82, Qırğızıstan 107, Tacikistan 120, Moldova 143-cü yerləri tuturlar.
GFP indeksinin tərtibatçıları bildirirlər ki, reytinqləmədə ölkənin silahlı qüvvələrə xərclədiyi vəsait, onun özünün iqtisadi vəziyyəti, xarici borcu, canlı qüvvə və və hərbi texnikasının kəmiyyəti kimi 60-dək faktor nəzərə alınır.
Məsələn, hesabatda bildirilir ki, Ukraynanın cədvəldə sıçrayışlı yüksəlişində onun Rusiyaya qarşı apardığı qeyri-bərabər müharibə, habelə ABŞ və başqa müttəfiqlərin Kiyevə göstərdiyi hərbi yardımlar əsas rol oynayıb.
Təkcə ABŞ 2022-ci ildə Ukraynaya 16 milyard dollarlıq hərbi yardım göstərib. Elə yanvarın 6-da Kiyev Vaşinqtondan daha 3 milyard dollarlıq yardım paketi alıb.