Azərbaycanda yaşayan Böyük Vətən müharibəsi veteranlarının sayı açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 16 nəfər Böyük Vətən müharibəsi iştirakçısına əmək pensiyası ödənilir.
Qeyd olunub ki, hazırda ölkədə bu kateqoriyadan olan şəxslərə əmək pensiyası və birdəfəlik maddi yardımlar davam etdirilir.
“Hər il Qələbənin ildönümü münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə müvafiq şəxslərə birdəfəlik maddi yardımlar təqdim olunur. Bu il hər iştirakçıya 2500 manat məbləğində yardım ödənib.
Bundan əlavə, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə təltif olunmuş şəxslər, ordunun və donanmanın əməliyyat zonalarında xidmət göstərmiş xüsusi birləşmələrin işçiləri, Leninqrad müdafiəsi və mühasirəsi iştirakçıları 1250 manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.Cari ildə sözügedən kateqoriyalar üzrə ümumilikdə 2340 şəxsə yardım ödənib”.
Qeyd edək ki, Böyük Vətən müharibəsində təxminən 600 min azərbaycanlı iştirak edib. Onlardan 300 mindən çoxu döyüş meydanlarında həlak olub. Müharibədə göstərdikləri igidliyə görə 130-a yaxın azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.