Rusiyanın Ukraynadakı işğalçı ordusunun sıralarında Rusiya vətəndaşı olan Qafqaz xalqları nümayəndələrinin əhəmiyyətli çəkiyə malik olduğu heç kimə sirr deyil. Bu ədalətsiz müharbə təkcə ruslarla ukraynalılar deyil, ayrı-ayrı Qafqaz xalqları nümayəndələri arasına da nifaq salmaqda davam edir.
Ukrayna ordusu Baş Qərargahı işğal olunmuş ərazilərdə çeçen və dağıstanlı döyüşçülər arasında qanlı toqquşma olduğuna dair məlumat yayıb. Baş Qərargahın bu gün səhərə olan hesabatında deyilir ki, hadisə Zaporojye vilayətinin Mixaylovka yaşayış məntəqəsində baş verib.
Belə ki, Moskvadan gələn çəkiliş qrupu həmin ərazidə yerləşən “kadırovçular”ın komandiri ilə reportaj hazırlayıb. Lakin çəkiliş zamanı “kadırovçular” ilə dağıstanlı döyüşçülər arasında sözlü atışma baş verib. Qısa müddətdə mübahisə silahlı qarşıdurmaya çevrilib. Əvvəlcə mübahisədə iştirak edən şəxslərdən biri qətlə yetirilib. Ardınca münaqişə böyüyüb və Baş Qərargahın bildirdiyinə görə, tərəflər bir-birinə kütləvi şəkildə odlu silahdan atəş açmağa başlayıb: “Əvvəlcə qarşıdurma zamanı işğalçılardan biri ölümcül yara alıb. Bu, tərəflərin bir-birinə qarşı atıcı silahlardan, qumbaralardan, hətta minaatanlardan istifadə etməsinə gətirib çıxarıb”.
Məlumatda deyilir ki, bu “savaş” dağıstanlıların “qələbəsi” ilə yekinlaşıb və nəticədə tərəflərin hər birindən azı 20 nəfər həlak olub. Münaqişənin yaranmasında təqsirli bilinən “kadırovçular”ın komandiri isə ön cəbhəyə göndərilməklə cəzalandırılıb.“AzPolitika.info”