image-2000x150
image-1backend

Cayılın diz çökərək “Belmondo”dan üzr istəməsi olayı

image-728x90

Bir neçə gün öncə dalaşan, daha dəqiqi, təktərəfli qaydada çırpılan məşqçinin başına gələn pəstəhada iştirak edən idmançıları bağışlaması yadıma uzun illər öncə Kirovabadda (indiki Gəncə) baş verən bir hadisəni saldı.

Çox maraqlı və ibrətamiz əhvalat olduğundan onu burada yerli-yataqlı şəkildə yazım, sonra mətləbə keçərəm.

Düzü, həmin hadisə mənim tələbə olmağımdan bir il əvvəl baş verib, özüm bilavasitə şahidi olmamışam. Amma yuxarı kurslarda oxuyan otaq yoldaşlarım “Qasım kişinin obşiteli” kimi məşhurlaşmış 3 saylı yataqxananın sakinləri olan hadisə iştirakçılarını mənə göstərmiş və hadisəni də təfərrüatı ilə danışmışdılar.

O zamanlar tələbə şəhərciyinə yaxın məhəllələrin uşaqları ilə tələbələrın davası tez-tez düşürmüş. Məhəllə uşaqları tələbələri təkləyib, “bajıma niyə elə baxdın, ə,” motivi ilə döyürmüşlər. Tələbələr də institutdan qovulmağın qorxusundan lazımi müqavimət göstərmir, hətta şikayətçi də olmurmuşlar. Çünki milis bölməsinə düşən tələbə dərhal ali məktəbdən xaric edilirmiş. Ancaq bir gün “dölmə uşaqları” bir qaxlı tələbəni təkləyib bərk döyürlər və bu, dönüş nöqtəsi olur.

O tələbəni mənə göstərmişdilər: boyu 2 metrə yaxın, enlikürək, bir suyu fransız aktyoru Jan Pol Belmondoya oxşayan oğlan idi. Sanki bir az da yaşlıydı (23-24 yaş). Çox da sakit, hətta fağır deyilə biləcək biriydi. Yerli gənclər onu heç bir günahl olmadan, indiki dildə desək, sırf mırta, yəqin ki, boy-buxununa görə döymüş, xəsarət yetirmiş, qara-qançır etmiş, ağız-burnunu dağıdıbmışlar.

Gəncin otaq yoldaşları, yerliləri qızışıb davaya getmək istərkən, Qaxdan olan başqa bir yuxarı kurs tələbəsi özünü zərərçəkənin yanına yetirib və deyib ki, heç bir davadan söhbət gedə bilməz, məsələ mənlikdir.

Həmin yuxarı kurs tələbəsini də mənə göstərmişdilər, Fikrət adlı bəstəboy, kurs nümayəndəsi olan, deputat Bəxtiyar Əliyevə tam bənzəyən oğlan idi.

Demək, Fikrət zərərçəkən “Belmondo”nu (onun adı yadımda qalmayıb) da götürüb gedir milis şöbəsinə, şikayət ərizəsi verir, milislər oradan onları məhkəmə-tibb ekspertizasına yönəldir, yetirilmiş xəsarətlərə dair lazımi sənədi alır, işə tikirlər. “O yankı rayonlardan gəlmiş eşşək boyda tələbə”ni necə döydükləri ilə fəxr eləyən “dölmə uşaqları” ənənəvi yerlərində – tində durub küçənin namus-qeyrətinə nəzarət edərkən milislər gəlir və onları maşına basaraq içəri aparırlar. Orada tezliklə tələbənin döyülməsinin əsas təşəbbüskarı məlum olur.

Yaxası ələ keçən şəxsin hadisədən xəbər tutan qohum-əqrəbası yığılır, məşvərət edir, bir şeylər toplayıb milisə verirlər ki, oğlan türməyə düşməsin. Əslində milislər də adi bir məhəllə davasına görə cavan uşağı bədbəxt eləmək istəmirlər. Amma ortada şikayət var axı. Barışıq lazımdır. Ağsaqqal-qarasaqqal yığılıb zərərçəkənin yataqxanadakı otağına minnətə gəlirlər. “Belmondo”dan olsa, onu döyənləri tez bağışlayacaqmış. Amma Fikrət deyir, elə şey yoxdur, pəhləvan boyda oğlanı təkləyib döymək nakişilik olub, ona görə də o gədə türmədə yatmalıdır.

Uzun yalvar-yaxardan sonra milislər və zərərverənin qohum-əqrəbası Fikrəti bir balaca yumşaldırlar. Fikrət deyir, bağışlanma bir şərtlə olacaq: məhlə cayılı Qasım kişinin yataqxanasının qabağındakı çarhovuzun yanında döyüləndən üzr istəyəcək. Qarşı tərəf tez razılaşır. Fikrət üzrxahlıq prosedurunun detallarını izah edir: döyən 10 metr aralıda diz üstə çökəcək, dizin-dizin gələrək hovuzun yanında dayanan döyüləndən üç dəfə onu bağışlamağı xahiş edəcək.

Ağsaqqallar bir az baxışırlar, görürlər, qaxlı tələbələrin 23 yaşlı “ağsaqqalı” çox tərs adamdır, deyirlər, yaxşı, buna da razıyıq.

Beləcə, 2 və 3 saylı yataqxanaların ortasında tamaşa qurulur, bütün tələbələr eyvana çıxıb məhəllə dəliqanlısının dizin-dizin gələrək, “Belmondo”dan üzr istəməsinin şahidi olurlar. Bununla da barışıq əldə olunur.

Bu hadisənin əsas xeyri o oldu ki, ondan sonra bir daha şəhər uşaqları ilə tələbələr dalaşmadılar.

İndi saytlarda oxuyuram ki, təklənib döyülmüş məşqçi Həsən Əzizov onu döyənləri tezcənə bağışlayıb. Bəs o nə intervüydü, a qardaş? Özün heç. Bəs o idmançıların səndən sonra neçə adamı o günə qoyacaqlarını düşünmədinmi? Hələ ortada bir hadisə də olmuşdu axı, qayışını açıb şalvarını çıxarmaq istəmişdilər (əgər çıxarmamışdılarsa), döşəmədə sürütmə etmişdilər, yəni bütün bunlar bir günün içində necə bağışlana bilər?

Söz yox, barışıq olmalıydı. Bir davaya görə cavan uşaqlar gedib türmədə yatmamalıydılar. Amma bu barışıq prosesi bir az ağır getməliydi və axırda elə bir ibrətamiz prosedur olmalıydı ki, “sportzal uşaqları” bir daha tatamidən başqa qeyri yerdə kiməsə əl qaldırmasınlar, kimisə təhqir etməsinlər.

İndi biz o prinsipial oğlanı – Fikrəti haradan tapaq? Adam bir prosedurla tələbə şəhərciyi ətrafında qalıcı sülh bərqərar etmişdi.

Samir SARI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90