image-rt-reklam
image-1backend

Cavanşir Feyziyev: “2024-cü il sülh ili olacaq. Müqavilə bağlansa da, bağlanmasa da…”

image-728x90

Bizimyol.info Milli Məclisin deputatı Cavanşir Feyziyev ilə xüsusi müsahibəni təqdim edir.

image-media-cavansir_feyziyev-8gnlte7vacj60f5xskbm-620x450

Cavanşir Feyziyev

Cavanşir müəllim, hazırda Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri Ermənistanla normallaşma prosesidir. Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində bu problematikaya xüsusi və geniş yer ayırması da bunu bir daha göstərdi. Bütövlükdə prosesin gedişini və mümkün nəticələrini, eləcə də, ölkə Prezidentinin müsahibəsində bu məsələlərlə bağlı əsas məqamları necə şərh edərdiniz?

– Azərbaycanın keçən il bütün ərazisi üzərində suverenlik hüquqlarınını bərpa etməsi bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqlardan irəli gələn əsas vəzifələrdən biri və bəlkə də birincisi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və bölgə miqyaslı qarşılıqlı əməkdaşlığı canlandırmaqla Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpasını təmin etməkdir. Vətən müharibəsindən sonra beynəlxalq vasitəçilik yolu ilə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına edilən bütün cəhdlər nəticəsiz qaldı. Bunu əvvəldən də proqnozlaşdırmaq o qədər də çətin deyildi. Yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev bu barədə kifayət qədər açıq danışdı və Ermənistanla birbaşa dialoq aparmağın səmərəli ola biləcəyini vurğuladı. Biz inanırıq ki, iki ölkə arasında münasibətlərin tənzimlənməsinin ən qısa və səmərəli yolu məhz ikitərəfli birbaşa dialoqdan keçir.

Azərbaycan prezidenti sülh danışıqları ətrafında geosiyasi rəqabətdən danışdı. Ad çəkməsə də, məlumdur ki, söhbət ABŞ, Rusiya, Avropa İttifaqı haqqında gedirdi. Prezident Əliyev təklif edir ki, iki ölkə – Azərbaycan və Ermənistan öz aralarında danışlqlara üstünlük versin və vasitəçilərsiz özləri razılığa gəlsinlər. Bu, mümkündürmü?

– ​Aydındır ki, bölgədə sülhün bərqərar olması ilk növbədə bölgə ölkələrinin mənafeyinə xidmət edəcək. Sülh danışıqlarına patronajlıq etmək istəyən hər bir güc mərkəzi isə ilk növbədə bölgədə öz maraqlarını təmin etməyə çalışacaq. Digər tərəfdən, 30 il davam etmiş və dünyanın heç bir güc mərkəzinin həll edə bilmədiyi münaqişəni Azərbaycanın özü həll etməsi əslində mövcud qlobal idarəçilik sisteminin yarıtmazlığını sübut etdi və bu sistemi idarə edən böyük dövlətlərin təsir gücü haqqında poladlaşmış mifi dağıtdı.

Müharibədən 3 il keçməsinə baxmayaraq dünyanın böyük güc mərkəzləri, o cümlədən sizin adını çəkdiyiniz geosiyasi mərkəzlər hələ də bunu həzm edə bilmirlər. Sülh danışıqlarında iştirak etməyə və danışıqlara öz əlavə və düzəlişlərini etməklə onlar guya sülh prosesinə töhfə vermələri barədə təsəvvür yaratmağa çalışır və dünyaya göstərmək istəyirlər ki, torpaqlar onların iştirakı olmadan azad olunsa da, onların iştirakı olmadan bölgədə sülh yaradılması mümkün deyil. Bu da onların yaratmaq istədiyi yeni bir mifdir. Bu, sadəcə böyük güclərin bölgəmizdəki reallıqlara və Azərbaycanın qələbəsinə gecikmiş reaksiyasıdır. Amma məsələnin digər tərəfi də var. Böyük güc mərkəzlərinin öz aralarında da Cənubi Qafqazda sülh yaradıcılığında seçilmək və “həlledici mərkəz” kimi tanınmaq uğrunda qızğın rəqabət gedir. ABŞ, Avropa Birliyi və Rusiyanın hər biri Azərbaycan – Ermənistan münasibətlərinin tənzimlənməsində həlledici rolu öz adına yazdırmağa və nəticədə özləri haqqında “sülh mələyi” obrazı yaratmağa çalışır. Bütün deyilənləri birlikdə nəzərə alsaq, görürük ki, bölgədə real sülhün yaradılmasında ən çox maraqlı olan tərəflər məhz keçmiş münaqişə tərəfləridir, yəni Ermənistan və Azərbaycan. Ona görə də biz sülh prosesini kənar güclərin ixtiyarına verə bilmərik və ümumiyyətlə, onların bu proseslərə müdaxiləsini maksimum dərəcədə məhdudlaşdırmalıyıq. Son aylar ərzində Azərbaycanla Ermənistan arasında danışıqların davam etdirilməsi ilə bağlı Avropa və ABŞ təşəbbüslərinə Azərbaycanın laqeyd münasibəti də məhz bu reallığın dərkindən irəli gəlir.

Bu mövqe həmin geosiyasi mərkəzlərdə necə qəbul olunacaq? Ermənistan da bu təklifə razılaşsa, tərəflərə beynəlxalq təzyiq arta bilərmi?

– 30 il ərzində torpaqlarımız işğal altında olanda, BMT TŞ Ermənistan qarşısında konkret tələblər irəli sürəndə həmin geosiyasi mərkəzlər işğalçı dövlətə heç bir təzyiq göstərmədilər. əksinə, “bu münaqişənin hərbi yolla həlli yoxdur” deməklə əslində Azərbaycan təzyiq göstərdilər. Geosiyasi mərkəzlərin təzyiqi o zaman mümkün olur ki, münaqişə tərəflərinin müzakirə predmeti barədə mövqeyi diametral şəkildə bir-birinin əksi olsun. İşğal dövründə Qarabağın taleyi ilə bağlı məsələdə Azərbaycanla Ermənistanın mövqeyi məhz bu şəkildə fərqli idi. İndi isə Qarabağın taleyi birdəfəlik həll olunub və ortadakı müzakirə mövzusu tamamilə fərqlidir. İndi söhbət artıq torpaqların azad olunmasından və ya hansısa statusdan getmir. İndiki müzakirə mövzusu yalnız iki ölkə arasında sülh müqaviləsinin bağlanmasından və qarşılıqlı şəkildə düşmənçiliyə son qoyulmasından gedir. Və sülhün zəruriliyi haqqında hər iki tərəfdən verilən bəyanatlardan görürük ki, tərəflərin mövqeyi eynidir. Hər iki tərəf sülh istəyir. Deməli, geosiyasi mərkəzlərin təzyiq imkanları da ən azı əvvəlki qədər deyil və ümumiyyətlə, çox məhduddur. Ona görə də birbaşa dialoq daha səmərəli hesab olunmalıdır. İkitərəfli münasibətlərin birbaşa dialoq vasitəsilə həlli hər iki ölkəni bu təzyiqlərdən kənarda saxlayacaq.

Bəzi dövlətlər, xüsusilə, Fransa Ermənistanda revanşist əhvalı körükləməyə çalışır. Ermənistana siyasi dəstəyini artırır. Silah satır. Eləcə də, Hindistan və sair ölkələr. Bu, bölgədə yeni qarşıdurmaya səbəb ola bilərmi? Yoxsa, bütün bunlara baxmayaraq 2024-cü il sülh ili olacaq? Proqnozunuz necədir?

– II Dünya müharibəsindən sonra Fransa həmişə özünün Avropa Birliyində liderlik mövqeyini nümayiş etdirməyə çalışıb, amma heç zaman buna tam şəkildə nail ola bilməyib. Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı Minsk Qrupu həmsədrliyində ciddi cəhdlə yer alması da məhz onun heç bir əsası olmayan böyüklük iddiası ilə bağlı idi. Minsk Qrupunun fəaliyyətinin iflasa uğraması qrupun digər həmsədrləri kimi Fransanın da nüfuzuna ciddi xələl gətirib. Digər tərəfdən, son illərdə Qərbi Afrikadan qovulması, Makron hökümətinin ölkə daxilində həyata keçirdiyi islahatların uğursuzluğu, müstəmləkə ərazilərində canlanmaqda olan müstəqillik mübarizəsi Fransanı aciz duruma gətirib. Ölkədə daxili ictimai-siyasi-sosial gərginlik pik həddə çatıb. Bu fonda Makron Fransanın guya dünya miqyaslı problemlərin həlli ilə məşğul olması və məhz beynəlxalq səviyyədə qətiyyətli və uğurlu siyasət aparması haqqında Fransa xalqında yanlış təsəvvür yaratmağa və bununla da öz hökümətinə qarşı artan daxili təzyiqləri azaltmağa çalışır. Digər tərəfdən, Fransa erməni lobbisinə yarınmaqla ölkə daxilində də ermənilərdən daha çox siyasi dəstək almağa cəhd göstərir. Onun Ermənistana silah satması və ya Ermənistana beynəlxalq səviyyədə göstərmək istədiyi uğursuz siyasi dəstək bölgəmizdəki reallıqları dəyişmək iqtidarında deyil. Hindistanın Ermənistana verdiyi siyasi dəstək və hərbi-texniki əməkdaşlıq da heç bir şəkildə Ermənistanın düşdüyü pat vəziyyətindən çıxmasına xidmət etmir. Bu yardımlar Ermənistana yeni qarşıdurma yaratmaq və mövcud reallıqları dəyişmək üçün heç bir üstünlük qazandırmır, əksinə onun sülh barədə Azərbaycanla dialoquna maneçilik törədir. Nəticədə Ermənistana hava və su kimi lazım olan sülhün əldə olunması ləngiyir. Ona görə də 2024-cü ilin sülh olacağına heç şübhəm yoxdur. Ancaq bu ilin sülh ili olması haqqında dediyim məhz sülh müqaviləsinin bağlanması demək deyil. Sülh müqaviləsi bağlansa da, bağlanmasa da Ermənistanın hələ uzun onilliklər ərzində bölgədə sülhü pozmağa cürət edəcək dərəcədə gücü olmayacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90