“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü bu dəfə Şuşada keçiriləcək. Görüşün Şuşada keçirilməsi özü tarixi bir hadisədir. Dünyanın bütün türk liderləri işğaldan azad olunmuş türk torpağında ilk dəfə bir araya gələcəklər. Rəmzilikdən də başqa belə bir görüş mühüm praktik əhəmiyyət daşıyır. Dünyada gedən geopolitik proseslər fonunda türk xalqlarının gələcəyini müəyyənləşdirmək baxımından türk dövlət başçılarının intensiv şəkildə görüşməyə, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi və mədəni- humanitar əlaqələrin inkişaf etdirilməsi bağlı məsləhətləşmələr aparmağa ehtiyacı var”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, qeyri-rəsmi görüşlərdə müzakirə olunan məsələlər bir qayda olaraq daha sonra qarşılıqlı əməkdaşlın dərinləşdirilməsinə yönəlmiş sənədlərin rəsmi görüşlərdə imzalanması ilə nəticələnir: “Bu gün qlobal siyasi sistem kifayət qədər kövrəkdir. Avrasiya hüdudlarında davam edən açıq və gizli qarşıdurmalar regional və qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Mövcud Qlobal Təhlükəsizlik arxitekturası dağılmaq və ya ən azından ciddi dəyişikliklərə uğramaq ərəfəsindədir. Məhz ona görədir ki, yeni dünya düzəninin formalaması zərurəti haqqında tələblər daha yüksəkdən və tez-tez səslənir. Belə bir şəraitdə yaxın perspektivdə qurulacağı ehtimal olunan yeni dünya düzənində hər bir türk dövlətinin öz layiqli yerini tutması və eləcə də bütövlükdə türk dünyasının bu proseslərdən necə faydalana biləcəyi günümüzün ən aktual siyasi problemlərindən biridir”.
Millət vəkili qeyd edib ki, belə bir zamanda Türk dövlətləri başçılarının müntəzəm görüşü olduqca vacibdir və əhəmiyyətlidir: “Bütün bunlarla yanaşı Azərbaycan COP tədbirlərinə sədrlik edir. Qlobal İqlim dəyişikliyi də dünyanın gündəliyində duran və bəşəriyyətin gələcəyi ilə bağlı olan çox ciddi bir təhdid və çox zəruri bir mübarizə meydanıdır. Türk dövlətlərinin belə qlobal problemlərin çözülməsində yer və rol alması qlobal siyasi sistem üçün onların qlobal miqyasda geopolitik əhəmiyyətini artırır. Bu baxımdan Azərbaycan COP 29- a ev sahibliyi edən ölkə kimi bütün türk dünyasını təmsil edir və türk təşəbbüskarlığının ən səmərəli bir örnəyini dünyaya təqdim edir. Şübhə yoxdur ki, bütün bu məsələlər Şuşada keçiriləcək Zirvə görüşündə müzakirə mövzusu olacaq”.