Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən toplantısında çıxış edərək üzv dövlətlər arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini xüsusi vurğuladılar. Prezident İlham Əliyev “ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir” deyərək, “bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir” fikrini önə çəkdi.
Hər bir dövlətin gücünü müəyyən edən başlıca amillərdən biri onun hərbi potensialı və müdafiə qabiliyyətidir. Azərbaycan Respublikası bu sahədə mühüm nailiyyətlər əldə edib. Güclü iqtisadiyyatı ilə yanaşı, NATO standartlarına uyğunlaşmış müasir ordusu ilə də fərqlənir. Ordu dövlətin sütunudur, onun təhlükəsizliyinin əsas dayağıdır. Məhz sabitlik, dinamik inkişaf və güclü ordu quruculuğu bu günün Azərbaycanının əsas xüsusiyyətlərini formalaşdırır.
Yaxın günlərdə keçirilən Vaşinqton görüşü də Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu bir daha göstərdi. Görüşdə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, regional əməkdaşlıq imkanları və təhlükəsizlik məsələləri müzakirə olundu. Azərbaycan nümayəndə heyətinin iştirak və çıxışları ölkəmizin real hərbi-siyasi gücü fonunda daha inandırıcı və prinsipial mövqedən təqdim olundu.
Azərbaycanın hərbi-siyasi qüdrəti Vaşinqtonda həm beynəlxalq tərəfdaşlar, həm də region dövlətləri tərəfindən diqqətlə izlənildi. Hərbi sahədə əldə edilən uğurlar ölkəmizin diplomatik masada daha inamlı və balanslı şəkildə çıxış etməsinə imkan yaratdı. Bu gün artıq Azərbaycan diplomatiyasının əsas dayaqlarından biri də məhz güclü ordudur. Əgər diplomatiya sülhün dilidirsə, hərbi güc onun təminatıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsidir. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiq qalmaqla yanaşı, öz müdafiə potensialını da daim gücləndirir.
Dövlətimizin mövqeyi aydındır: güclü ordu sülhün təminatçısıdır. Hərbi qüdrətimiz yalnız və yalnız Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumağa yönəlib. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir və regionda sabitliyin əsas dayaqlarından birinə çevirir.
Bakı Qızlar Universiteti tələbəsi Nurcan Talıblı
Nəsimi rayon gənci.