“Təcavüzə və işğala son qoyan Azərbaycan dövləti artıq 3 ildir ki, müasir, sosial-iqtisadi inkişafının ən vacib prioriteti kimi müəyyən etdiyi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesini sürətlə davam etdirir”.
Ulusal.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, 2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, büdcənin əlavə gəlirləri də quruculuq işlərinə yönəldilib:
“İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manatdan çox vəsait xərclənib. Cari ilin sonuna bu xərclərin 12 milyard manata çatması gözlənilir. Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük infrastruktur layihələri tamamlanaraq istifadəyə verilib”.
S.Şərifov əlavə edib ki, ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi xərclərinin yüksək səviyyədə saxlanılması növbəti il üçün də əsas prioritet kimi qəbul edilib.