“Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq”.
Ulusal.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib ki, universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq:
“Tədris sentyabrın 23-dən etibarən başlayacaq. Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq”.
Nazir qeyd edib ki, əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik:
“Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər”.