“Bu qış abonentlər ötən illərlə müqayisədə daha rahat və təhlükəsiz şəkildə təbii qazla təmin olunacaq”.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər nəzərə alınsa, bunu təm əminliklə demək olar: “Heç vaxt bu qədər əminlik olmamışdı. Təbii ki, əgər bir ərazidə yaşayış və iş varsa, orada problemlər də olacaq”.
E. Vəliyev bildirib ki, bu gün qaz xətlərində kipliyin yoxlanmması ilə bağlı ciddi işlər aparılıb: “Azəriqaz”ın bütün daşıyıcı xətləri yoxlanılıb. Kipliklə bağlı problemlər yaranan boru xətlərində təmir işləri həyata keçirilib. İstismarda olan və müəyyən problemlər yaradan qaz xətlərinin təmiri və dəyişdirilməsi ilə bağlı bu il 60 min paqonmetrə yaxın qaz xəttinin çəkilişini yerinə yetirmişik və kipliklə bağlı ortaya çıxan problemlər tam aradan qaldırılıb”.
“Bu isə o deməkdir ki, qazın təzyiqlə verilməsinə baxmayaraq hər hansı sızmaların baş vermə ehtimalı çox azdır. Amma bu o demək deyil ki, qaz sızması olmayacaq. Olacaqsa da, bunun qarşısı dərhal alınacaq”, – şöbə rəisi bildirib.