image-rt-reklam
image-1backend

Bu gün Bakı metrosu işçilərinin peşə bayramıdır

image-728x90

57 il bundan əvvəl noyabrın 6-da Bakı şəhəri tarixinin mühüm səhifələrindən birinə çevirən hadisə oldu: Bakıda metropoliten istifadəyə verildi.

Ulusal.az metro işçilərinin peşə bayramı münasibəti ilə “Bakı Metropoliteni” QSC-nin 57 illik fəaliyyətinə nəzər salır.

Bakı metropoliteninin yaranma dövrünü müxtəlif baxış və yanaşmalarla bir neçə hissəyə bölmək olar. Əslində tikinti-buraxılış mərhələləri hələ ilkin layihə işləri zamanı müəyyənləşdirilmişdi. Layihəçilər və inşaatçılar birlikdə tikintinin 4 növbədə aparılması barədə razılığa gəlmişdilər. Birinci növbənin uzunluğu 10,1 km olan birinci buraxılış sahəsinə indiki adlar ilə “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Nərimanov” və “Xətai” stansiyaları daxil idi. Birinci 5 stansiya 1967-ci il noyabrın 6-da, “Xətai” isə 1968-ci il fevralın 22-də istifadəyə verildi.

Bakı metropoliteninin tarixinə ictimai-siyasi aspektdən yanaşdıqda, onu üç mərhələyə bölmək olar: Heydər Əliyevdən əvvəlki dövr, Heydər Əliyev dövrü və İlham Əliyev dövrü. Metronun fəaliyyətinin 56-cı ilinin tamam olması ölkədə Ulu Öndərin 100 illik yubileyinin qeyd olunduğu bir vaxta təsadüf etdiyindən və ümumiyyətlə, metro tikintisi sahəsindəki əhəmiyyətli hadisələrin zənginliyini nəzərə alaraq, əsas diqqəti metronun inkişafının Heydər Əliyev dövrü üzərində cəmləşdirmək daha düzgün olardı.

Ötən əsrin yetmişinci illərində Heydər Əliyevin Azərbaycanın perspektivlərinə istiqamətlənən planlarından biri də nəqliyyat sisteminin, xüsusən Bakıda sərnişin nəqliyyatının problemlərinin həlli idi. Bu sahədə dünya təcrübəsinin ən mütərəqqi nümunələri, yerli şərait öyrənilir, müqayisəli təhlillər aparılmaqla doğru qərarlar, məsələnin ən optimal həlli yolları axtarılırdı. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi, vəziyyətdən ən yaxşı çıxış yolunu metropolitenin inkişaf etdirilməsində görür, Bakı metropoliteninin tikintisində yaxın illərə istiqamətlənən planların sürətlə reallaşdırılmasını başlıca vəzifə hesab edirdi.

O vaxt respublikada mühüm strateji əhəmiyyətli məsələlər Moskvadakı mərkəzi hökumət tərəfindən həll edilirdi. Bakı metropoliteninin tikintisi də bu qəbildən idi və respublika hakimiyyətinin belə məsələlərə nüfuz etmək imkanı geniş deyildi. Respublikada dəmiryolu tikintisi və sənayenin digər sahələrinin inkişafı ilə bağlı Moskvaya ezam edilən heyət qarşısına Heydər Əliyev mühüm vəzifələr qoyurdu. Lakin Bakıda metro tikintisinin gələcəyi ilə şəxsən özü məşğul olur, lazım gəldikdə Moskvada mərkəzi hökumətin səlahiyyətli nümayəndələri, vəzifəli partiya xadimləri ilə şəxsən görüşür, məqsədə yol açan qərarların verilməsinə nail olurdu. Bu heç də asanlıqla başa gəlmirdi.

Ümumiyyətlə, Bakı metrosunun tikintisi üzrə Moskvanın qarşıya qoyduğu tələblər perspektivə baxış sarıdan bəzi hallarda qüsurlu idi. Layihələrin maliyyə dəyərinin aşağı salınması tələblərinə qarşı çıxan yerli mütəxəssislərin belə halların gələcəkdə böyük problemlər yaradacağı barədə xəbərdarlıqlarına lazımi əhəmiyyət verilmirdi. Bakı metrosunun birinci buraxılış sahəsi üzrə layihələrin SSRİ Nəqliyyat Tikintisi Nazirliyində müdafiəsi zamanı nazir işlərin maliyyə həcmini aşağı salmaq üçün stansiyaların sərnişin platformalarının uzunluğunu ixtisar etməyi və bununla da daha az vaqonlu qatarların istismarını nəzərə almağı təklif etdi. O vaxt “Bakımetrolayihə” İnstitutunun direktoru Konstantin Sençixin nazirin bu təklifinin əsassız, hətta zərərli olduğunu tutarlı faktlarla sübut edib, bu təkliflə razılaşmadığını bildirdi.

Moskva Bakıda metro tikintisinin həddən artıq maliyyə vəsaiti tələb etdiyini səbəb gətirərək, tikintini respublikanın öz vəsaiti hesabına aparılmasını daha məqbul sayırdı. Xərclərin aşağı salınması barədə edilən təkliflərin çoxunu Heydər Əliyev qəbuledilməz sayırdı. Çünki bu təkliflər şəhərsalma prinsiplərində o dövr üçün problemlər, xüsusən sıx məskunlaşma sahələrində insanlar üçün münasib infrastrukturun qurulması, yaşayış rayonlarının salınması prinsiplərinə ziddiyyət təşkil edirdi. Buna görə 1970-ci illərdə də respublika rəhbərliyi Bakı üçün belə əlverişsiz təkliflərdən inadkarlıqla imtina etdi. “Nərimanov” stansiyasından sonrakı 2,2 kilometrlik yol və “Ulduz” stansiyası bu prinsipiallığın arzu olunan nəticəsi oldu.

“Ulduz” stansiyasının istifadəyə verlməsindən iki il yarım sonra metro xətləri inkişafda olan böyük yaşayış massivinə – “8-ci kilometr”ə qədər uzadıldı. Bakıda metronun açılmasının beşinci ildönümü günündə – 1972-ci il noyabrın 6-da “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər” stansiyalarının qapıları sərnişinlərin üzünə açıldı. Bu münasibətlə “Neftçilər” stansiyasının üzərindəki meydanda keçirilən mitinqdə çıxış edən Ulu Öndər metro inşaatçılarını, istismarçıları, bu rayonda yaşayan əhalini, bütün bakılıları əlamətdar və tarixi hadisə münasibətilə təbrik etdi. Metro inşaatçılarının fədakar əməyini yüksək qiymətləndirdi.

Müstəqilliyin ilk ağır illərində təchizatı keçmiş SSRİ respublikalarından asılı olan və itirilmiş iqtisadi əlaqələr zəminində tənəzzülə uğrayan Bakı metrosunun yeni dirçəliş dövrünün də memarı elə Heydər Əliyev özü oldu. Heydər Əliyev irsinin varisi cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra metronun yeni inkişaf xətti müəyyən edildi. Ən əsası, vaqon parkının yenilənməsi üzrə Heydər Əliyevin başladıgı işin davamı olaraq, 2011-ci ilə kimi metropolitenə 155 yeni vaqon gətirildi. 2006-cı ildən tikintidə də canlanma başladı. 2008-2011-ci illərdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları sərnişinlərin ixtiyarına verildi. 2011-ci il martın 18-də imzalanmış Sərəncamla “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”i təsdiq olundu.

Yeni dövr, yeni tələblər, yeni istiqamət bu konsepsiyanın əsas təməli idi. O, təkcə Bakı metrosunun yeni xətlərinin inşasını deyil, mövcud infrastrukturunun da müasir tələblər səviyyəsinə qaldırılmasını, Avropa və dünyanın innovativ yeniliklərinin sürətli tətbiqini nəzərdə tuturdu. Bu səbəbdən 2014-cü ildə tikinti və istismar sahələrinin vahid mərkəzdə birləşməsini özündə ehtiva edən Sərəncamla “Bakı Metropoliteni” QSC təsis edildi. Onun ilk bəhrəsi isə yeni nəsil qatarların 2015-ci ildə Bakıya gətirilməsi oldu. Ötən dövr ərzində bu qatarların sayı 30-a çatdırılıb. Onlardan 7-si məhz bu günlərdə – 2024-cü ilin noyabrında cənab Prezident İlham Əliyevin xeyir-duası ilə xəttə verildi. Bu dəfə xəttə buraxılan qatarların əsas yeniliyi ondan ibarətdir ki, onlar Bakıda yığılaraq komplektləşdirilib. Vaqonlar “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunub. Vaqonların yığılması prosesi digər metropolitenlər üçün nəzərdə tutulmuş standart layihə əsasında aparılmadı.

Belə ki, “Bakı Metropoliteni” QSC özü Avropa istehsalçıları ilə 9 müqavilə imzalayaraq, avadanlıqların birbaşa Bakıya gətirilməsini təmin etdi. Nəticədə, yüksək keyfiyyət standartları təmin edilməklə yığılması Bakıda tamamlanaraq vaqonlar xəttə buraxıldı. Özü bir ekoloji layihə kimi diqqət çəkən, ətraf mühitə ən az zərər vuran nəqliyyat növlərindən biri kimi seçilən metropolitenin yeni qatarlarında ekoloji mühit xüsusi yer tutur. Elektrik enerjisinə qənaət baxımından işıqlanma sisteminin 25 faizə qədər qənaəti, həmçinin qatarlarda enerjinin rekuperasiyası imkanları xüsusi qeyd edilə bilər. Həmçinin mikroiqlim və ultrabənövşəyi nəzarət sistemi də salonda mühitin təmizliyinin formalaşmasını təmin edir. Metro tikintisi də bu illərdə yeni dəst-xətlə aparılır. 2011-ci ildə müstəqillik tarixində metropolitenin ilk xəttinin inşası üzrə işlər 2016-cı il aprelin 19-da xəttin ilk iki stansiyası olan “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılıb. 44 günlük müharibədə Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərin şərəfinə “8 Noyabr” adlandırılan stansiya 2021-ci il mayın 29-da, “Xocəsən” stansiyası və eyniadlı depo isə 2022-ci il dekabrın 23-də fəaliyyətə başlayıb.

Yeni xətlər müasir dövrün standartlarına tam cavab verir, dünya standartlarına uyğun ən müasr idarəetmə sistemləri ilə təchiz olunub. Stansiyalarının sərnişin platformaları böyüyən Bakının tələblərinə uyğun 7 vaqonlu qatarların qəbulu üçün hesablanıb. Metropoliten ötən illərdə sürətlə yenilənib. “İçərişəhər”, “Sahil”, “28 May”, “Koroğlu”, “Xətai”, “Bakmil” və “Cəfər Cabbarlı” stansiyaları tamamilə yenidən qurularaq modernləşdirilib, infrastruktur müasirləşdirilib.

“28 May” və “Elmlər Akademiyası” kimi sərnişin axını əsaslı şəkildə çox olan dərin özüllü stansiyaların ikinci giriş-çıxışları istifadəyə verilib. Həmçinin “20 Yanvar”, “İnşaatçılar” stansiyalarının keçid və vestibülləri yenidən qurulub, müasir eskalatorlar istifadəyə verilib. “28 May”dan sonra “Xətai” və “Sahil” kimi dərin özüllü stansiyalarda eskalatorlar yenisi ilə əvəz olunarkən 3 əvəzinə 4 eskalatorun quraşdırılması sərnişin rahatlığı və təhlükəsizliyini yeni standartlar səviyyəsinə çatdırıb. Bu illərdə “İçərişəhər”,“Sahil”, “Gənclik”, “Elmlər Akademiyası” kimi stansiyaların elektrik yarımstansiyaları da yenidən qurulub. Bu xüsusda qatarların hərəkətini təmin edən dartı funksiyalı 5 yarımstansiyadan birinin əsaslı təmir edilərək modernləşdirilməsi enerji təhlükəsizliyinə töhfədir. Cari il də bu mənada xüsusi olub. Xətlərin kəsişdiyi nöqtədə yerləşən “28 May” elektrik yarımstansiyası rəqəmsal texnologiyalar və fərqli innovativ texnologiyaların tətbiqi ilə yenidən qurulub.

Son illərdə müasir tələblər səviyyəsində sürətlə yeniləşən “Nərimanov” elektrik deposunda da iki elektrik yarımstansiyası artan tələbatı qarşılayır. Depoda metro tarixində ilk dəfə əvvəllər ölkə xaricində təmir edilən vaqonların orta və əsaslı təmiri üçün sex inşa olunub. Müasirliyin standartı isə elektrik mühərriklərinin əsaslı təmiri sexləri olub. Artıq burada vaqon, nasos, ventilyator, eskalator və s. sahələrinin hər növ elektrik mühərrikləri ən yüksək standartlarla təmir edilir. Qatarların cari təmiri sexi isə ən müasir standartlarla təmin edilməklə, hətta yeni nəsil vaqonların da bütün növ təmirinə qadir səviyyəyə çatdırlıb. Bunun üçün ən müasir iş yerləri qurulub, dəzgah, avadanlıq və tərtibatlar alınıb. Baxış-qulluq sahələrinin tən yarısı da yenilənib və burada qatarların xidməti zamanı bir sıra təmir işlərini aparmaq qatarların xəttə verilməsi üçün ən müasir kommutasiya sistemləri, eləcə də yeni nəsil qatarların kondisoner sisteminə qulluq üçün şərait yaradılıb.

Depo tarixinə bu il də innovasiyalar ili kimi düşəcək. Burada icra olunan layihələr məhz 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və dünyanın ən mötəbər tədbirinin – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransının (COP29) ruhuna uyğun olaraq həyata keçirilib. Qatarların təmirinin avtomatlaşdırılması kimi unikal rəqəmsal layihə illərlə qalaq-qalaq jurnal və kağızlarda qeydiyyatı aparılan prosesi tam elektron vəziyyətə gətirib. Artıq maşinistin jurnalda qeydinə, təmir sahəsinin təmir işini bu qeydləri əldə edərək aparmasına, bütün bunların hər bir vaqon üçün böyük sənədlərdə yığılaraq arxivlənməsinə lüzum qalmır. Əvəzinə maşinistin və ya planlı təmirin elektron qeydini dərhal monitorunda görən təmir sahəsinin çevik işi təmin ediləcək. Qatarların xətlərdə qət etdiyi məsafə mexaniki qaydada ölçülmədən hər bir qatarda və stansiya yollarında quraşdırılmış cihazla avtomatik qeydə alınacaq. Bütün bunlar qatarlarda təmirin daha düzgün proqnozlaşdırılması, vaxtında aparılmasını təmin edir. Ən əsası, ehtiyat hissələrinin satınalınması ilə bağlı, o cümlədən materialların silinməsi ilə əlaqədar böyük zəhmət və vaxt tələb edən prosedurları aradan qaldırılır. Bütün layihənin məğzi ondan ibarətdir ki, bu proseslər nəticəsində məhz Azərbaycanın sahibkarlıq subyektləri ilə əməkdaşlıq şəraitində həyata keçirilməklə həm vəsaitə qənaət edilir, həm də dünya səviyyəsində trendə çevriləcək informasiya-kommunikasiya texnologiyası məhsulu ərsəyə gətirilir. Yaşıl dünyamıza daha bir dəstəyin nümunəsi Bakı metrosunda qatarların yuyulması prosesinin yenidən qurulmasıdır. Bu zaman suyun yenidən emalı və dövriyyəyə qaytarılması, yumadan sonra emala yaramayan suların belə ekoloji standartlar səviyyəsində təmizlənməsi xüsusi qeyd edilə bilər. Lakin ən mühüm texnoloji yenilik metro tarixində ilk dəfə vaqonların üfürülməsi prosesi çərçivəsində vaqonaltı avadanlıqların da yuyularaq təmizlənməsi ilə bağlıdır. Bu isə o deməkdir ki, bu proseslərin hər biri tam ekoloji standartlar səviyyəsində həyata keçirilir. Burada istifadə edilən sular da Bakı metropoliteninin daha bir ekoloji layihəsidir. Bu məqsədlə depo ərasizində qrunt sularının təmizlənərək vahid mənbədə toplanması və daha sonar tərkibi yoxlanılaraq texniki su kimi istifadəyə yararlı vəziyyətə gətirilməsi xüsusi qeyd oluna bilər. Su sayğaclarının tətbiqi ilə bütün sahələrdə aparılmış monitorinqlər əsasında həyata keçirilən daha bir layihə ilə suyun istifadəsində əsaslı qənaətə də nail olunub.

Depoda 2024-cü ilin daha bir uğurlu tarixi layihəsi də rəqəmsal texnologiyalara söykənir. Bakı metrosunda təkər cütlərinin vaqon altından çıxarılmadan yonulması məqsədilə Türkiyə istehsalı olan avadanlıq quraşdırılıb. Yenicə istifadəyə verilən bu qurğu 3-5 gün ərzində həyata keçirilən təmir prosesini, itkisiz olmaqla, bir neçə saata qədər azaldıb. Rəqəmsal texnologiyalartəkər səthinin yonulma həddini belə normativlərə uyğun müəyyən edir. Başqa sözlə, metropoliten burada nəinki vaxt və keyfiyyətdə uğur əldə edir, eyni zamanda elektrik enerjisi, qatarların manevri, işçi əməyi də daxil olmaqla, bu yenilik son illərdə qatarların xətlərdə intensive hərəkətinin təşkilində ehtiyatın daha da möhkəmlənməsinə daha bir töhfə verir.

Ekoloji layihələrdən danışarkən metroda son illərdə həyata keçirilən layihələrin hər birində enerjiyə qənaət prinsipinin yeni texnologiyalarla həyata keçirilməsi xüsusi yer tutur. Tunel və stansiyalarda, eləcə də vaqonlarda işıqlanma sisteminin təkcə müasir standartlara uyğunlaşdırılması ilə bağlı deyil, həm də ekoloji töhfəsi olan layihələr həyata keçirilib. 1 kVt elektrik enerjisinin orta hesabla 0,23314 kq karbon emissiyası atması əsas götürülərsə, bu, il ərzində stansiyalarda 375,355 kq karbon dioksid emissiyası deməkdir. Təkcə tunellərdə istifadə üçün 10 min 20 Vt gücündə LED lampalar quraşdırılıb. Bundan öncə istifadə edilən lampalar 100 Vt və 60 Vt gücündə olub. 10 min 20 Vt-lıq LED lampanın istifadəsi nəticəsində qənaətin verdiyi xeyir 100 kq-dək karbon dioksid emissiyası qədərdir. Eyni zamanda vaqonlarda LB tipli salon işıqlarının yeni LED tipli lampalarla əvəz olunub. Gözləntilərə əsasən LED lampalar sayəsində 876 min kVt saat elektrik enerjisinə qənaət edilir. Bunlar həm ekoloji layihə, həm də qənaət deməkdir. Əvvəllər antisanitariya vəziyyətinin hökm sürdüyü tullantılar və bataqlıq ərazidə olan “Xocəsən” elektrik deposunda 2000-dən çox çinar, şam və zeytun ağacları əkilib. İndi qəsəbənin ekomühiti bu depo ilə dəyişib. Üstəlik, deponun 2-3 ha-lıq yaşıllıq ərazisində damcı suvarma sistemi quraşdırılıb. Bu sistem eroziya və torpaq itkisinin qarşısını alaraq ekoloji mühitə fayda gətirir və torpağın daha az sərtləşməsi müşahidə olunur. Eləcə də buxarlanma zamanı su itkisi minimuma endirildiyi üçün suyun istifadəsində 50 faizə qədər azalma müşahidə olunur. Metropolitendə yaşıllaşdırma aksiyaları müntəzəm olaraq təkcə iki depo ərazisində deyil, həmçinin Bakı metropoliteni stansiyalarında, şaxtalarında və digər obyektlərində də müntəzəm aparılır.

Son illərin ən böyük uğurlarından biri kimi dəmir-beton blokların tətbiqi də həm yeni texnoloji inkişafın, həm də ekoloji standartların yeni tətbiqi mərhələsindən də bəhs etmək olar. Artıq dəmir-beton blokların qatarların hərəkətini dayandırmadan belə həyata keçirmək mümkündür və belə bir layihə “İçərişəhər” stansiyasının yolunda uğurla tamamlanıb. Dispetçer mərkəzlərinin işinin optimallaşdırılması, təlim-tədris mərkəzində yeni layihələrin başlanması, gənc kadrların daha sürətlə inkişafı və yüksəlişi ilə bağlı innovativ proqramlar, nasos sahəsində yenidənqurma zamanı qənaətcil müasir sistemlərin tətbiqi, təbii havalandırma imkanlarının genişləndirilməsi məqsədilə 6 dampfer qurğusunun tətbiqi və s. yeniliklər dövrün tələbləri ilə səsləşir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90