Milli Məclisin deputatı Ceyhun Məmmədov
Hər il olduğu kimi bu il də ölkəmizdə 28 may – Müstəqillik günü qeyd olunur. Müstəqillik günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Bu tarixi gün, təkcə Azərbaycanda deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür.
Qeyd etmək lazımdır ki, 28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Bu gün Azərbaycan, Xalq Cümhuriyyətinin ənənələrini qoruyur.
Ulu Öndərimiz dəfələrlə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”.
28 May – Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir. Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
1918-ci ildə Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu. Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yeni, müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formalaşdırılması istiqamətində çox vacib işlər gördü.
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir. O dövrdə müstəqillik ideyalarının carçısı və qurucusu olan insanların ideyaları, arzuları bu gün yaşayır və həyata keçirilir. Sözün əsl mənasında müstəqil Azərbaycan Heydər Əliyev ideyaları əsasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən qoyulmuş ideyaları möhkəmləndirdi, inkişaf etdirdi.
Müstəqil dövlətimiz XXI əsrin ən uğurlu gənc dövlətlərindən biri kimi özünü təsdiq edib. Bütün sahələrdə böyük uğurlar qazanır. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir, iqtisadi inkişaf dünyada etiraf olunur. Demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib”.
Bu gün Azərbaycan tarixinin ən şərəfli və qürurlu günlərindən birini yaşayır. Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı mövqeyi, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi.
Azərbaycan Vətən Müharibəsində qələbə qazanaraq tarixi ədaləti bərpa etdi, SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxardı. Bütün bunlar tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri zəruri etdi. Yeni reallıqlar nəzərə alınaraq Prezident İlham Əliyevin tarixi Fərmanı ilə yeni iqtisadi zonalar – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı.
Hazırda qarşıda çox mühüm vəzifələr durur. Qələbəni daha da möhkəmləndirmək, Azərbaycanın yaratdığı yeni reallıqların bütün dövlətlər tərəfindən qəbul edilməsinə nail olmaq bu vəzifələr sırasına daxildir.
Bizim qarşımızda duran ən önəmli məsələ müstəqilliyimizi daima qorumaq və möhkəmləndirməkdir.
Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə güc birliyi arzulayırıq. Respublika Gününüz mübarək!