Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli, çoxtərəfli münasibəti var. Bu münasibətlər həm siyasi, həm də iqtisadi, mədəni əlaqələri əhatə edir. Belə əlaqələr türkdilli dövlətlərlə daha sıxdır.
Azərbaycanla Qazaxıstan arasında siyasi münasibətlər etibarlı əməkdaşlığa əsaslanır və dinamikliyi ilə xarakterikdir. Son iki ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanda dörd dəfə, Qazaxıstan Respublikasının Prezidenti Azərbaycanda üç dəfə səfərdə olub. Bu fakt ikitərəfli əlaqələrin qarşılıqlı inam, etimad əsasında davam etdiyinin təsdiqidir.
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə qonaq qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdı. Bu iştirak üzv dövlətlərin Azərbaycana etimadının göstəricisi kimi tarixləşdi.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxış etdi. Bu çıxış tədbirin mahiyyəti ilə səsləşməklə bərabər, Azərbaycanın belə bir mötəbər görüşə hansı səviyyədə münasibəti olduğunun göstəricisi hesab edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Bu gerçəklikləri iştirakçı dövlətlərin dünyanın nizamı baxımından qiymətləndirəcəkləri şübhəsizdir.
Dövlətlərarası beynəlxalq tədbirlərdə hər çıxış, müəyyən mənada, bu və ya digər dövlətin xarici siyasətinin konturlarınnın göstəricisi olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 4-də Astanada çıxışı da bu baxımdan diqqəti çəkdi: “Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi. Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu”.
Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüş dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malik olacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bu əhəmiyyətin istiqamətlərinin müəyyənləşdirilməsində ciddi siyasi arqumentlərdəndir.
Səbinə XASAYEVA,
VI Cağırış Milli Məclisin deputatı