“Ermənistanın son günlər sərhədyanı bölgədə təxribat və təhrikedici fəaliyyəti Azərbaycanı perspektivdə daha ciddi addımlar atmasına səbəb ola bilər. Azərbaycan Ermənistan tərəfindən törətdiyi təxribatlara uyğun cavablar istəyir. İstər Zəngilanda sərhədyanı bölgəyə ermənilərin artilleriya və PUA-larla hücumu, istərsə də Laçın buraxılış-nəzarət məntəqəsinə qarşı atılan atəşlər üçün onların siyasi hakimiyyəti hərbi siyasi hakimiyyətinə uyğun cavablar verməlidir. Çünki hər iki addım Ermənistan tərəfinin atdığı pozuculuq siyasətidir. Buna cavab kimi təbii olaraq Azərbaycan Laçın yolunu bağlayıb. Ermənistan tərəfi bu istiqamətdə orada yerləşən məntəqəyə edilən hücumla bağlı məsuliyyəti üzərinə götürüb. Cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasına qədər bu post bağlı qalacaq. Azərbaycan bildirir ki, rəsmi İrəvan bu hadisəyə görə məsuliyyət daşıyır”.
Bu sözləri Publika.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

O bildirib ki, Ermənistan sərhədyanı bölgələrə Avropa İttifaqının mülki müşahidə missiyası yerləşəndən sonra ərazidə daha çox təxribat və təhrikedici addımlar atır.
“Şübhəsiz ki, baş verənlər Azərbaycana öz ərazi bütövlüyü, sonra sərhədləri daxilində suveren hüquqlarını qorumaq üçün adekvat addımlar atmasına səbəb olacaq. Azərbaycan bu istiqamətdə həm anti-terror əməliyyatı həyata keçirə, həm qanunsuz silahlı birləşmələrə qarşı fəaliyyət göstərə, həm də qanunsuz silahlı dəstələrin yaradılmasına qarşı əməliyyat keçirə bilər. Nəzərə alaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgələrdə, ermənilər qanunsuz hərbi birləşmələr yaradırlar.
Odur ki, Azərbaycanın sözügedən bölgəlrədə, Laçın yolunda, Zəngilan istiqamətində, ümumiyyətlə, Ermənistanla sərhədyanı bölgələrdə istənilən istiqamətdə hərbi əməliyyatlar keçirməyə qanuni, həm də hüquqi əsasları var”, – o deyib.
S.Sultanın sözlərinə görə, Azərbaycan dəfələrlə sülh prossesi üçün ismarış verməsinə baxmayaraq, məhəl qoyulmayıb.
“Sərhədlərin delimitasiyası, demarkasiya müəyyənləşməsi üçün və 2020-ci il noyabr bəyanatının müddəalarının yerinə yetirilməsi üçün Azərbaycan tərəfi dəfələrlə Ermənistana beynəlxalq vasitəçilik etmək istəyən tərəflərə, habelə, Rusiyanın rəsmi İrəvanın pozuculuq fəaliyyəti ilə bağlı ismarışlar verib. Amma bu mesajlara nə vasitəçilər, nə Rusiya, nə də rəsmi İrəvan tərəfindən hələ də məhəl qoyulmur. Bu isə rəsmi Bakını ərazi bütövlüyünü qorumaq üçün və ölkə daxilində təhlükəsizliyin gücləndirilməsi və təmin edilməsi üçün anti-terror hərbi əməliyyatlar keçirməsinə əsas vermiş oldu”.




















