Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təqvim ili ərzində təhsil müəssisələrində 14 layihə həyata keçirilib.
“Məktəbdə…”, “Yaşıl layihə: Təbiəti qoruyanlar”, “Ailəm və məktəbim”, “7-dən 17-yə vətənpərvər!”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, “Onlayn kitab klubu”, “Zərərli vərdişlərə birlikdə yox deyək”, “İdmansevərlər”, “Ədibin Evi”ndə”, “Valideyn-müəllim-şagird üçbucağı”, “Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi”, “Məktəblinin yay mütaliəsi” və “Məktəblinin yay istirahəti” adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
Eyni zamanda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllim və şagird heyəti Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus”, STEAM, “Məktəblərdə Məhəmməd Füzuli ayı” və “CEREBRY” layihələrində də fəal iştirak edib.
Həmçinin paytaxt məktəblərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilib. Layihəyə BŞTİ-nin tabeliyindəki 43 məktəb cəlb olunub.
Bakı məktəbliləri “Əlaçı”, “Yeddi şüşə” və “Qızıl açar” televiziya layihələrində mütəmadi olaraq iştirak edirlər.