Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın sonunda Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmayacağını açıqladı. Klaar bildirib ki, görüşü təşkil etməyə çalışsalar da, nəticə olmayıb.
“Prosesin ləng getməsinə baxmayaraq, inanırıq ki, bu, sənəd imzalanması ilə nəticələnəcək”, – o qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında bu görüş oktyabrın 5-də Qranada şəhərində Avropa Birliyi Siyasi Sammiti çərçivəsində keçirilməli olan beştərəfli (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Almaniya, Fransa) görüşün iflasa uğramasından sonra gündəmə gəlib. Rəsmi Bakı Türkiyənin də həmin müzakirələrə qatılmasını tələb etmişdi və qəbul edilmədiyinə görə görüşə qatılmaqdan imtina etdi. Buna baxmayaraq, Azərbaycanın iştirakı olmadan qəbul edilən bəyanatda onun adı da qeyd olunub. Prezident İlham Əliyev oktyabrın 6-da Şarl Mişellə telefon danışığı apararaq Azərbaycanın qatılmadığı görüşdə onun adının Qranada bəyanatına salınmasına etirazını bildirmişdi.
İlkin razılıq olmasına baxmayaraq, Brüssel görüşünün alınmaması konkret səbəblərlə bağlıdır. Məlumdur ki, Azərbaycan tərəfi Avropa İttifaqının paytaxtına getmək istəməyib. Görünür, Şarl Mişel görüşə dair Bakının əvvəldən irəli sürdüyü tələblərini yerinə yetirə bilməyib. Bu tələblərə gəlincə, Azərbaycan Fransanın prosesdə bilavasitə və dolayı iştirakını rədd edir. Çünki Makron hökuməti birtərəfli, qərəzli şəkildə Azərbaycanı ittiham edir və Ermənistanı revanşist keçmişə qayıtmağa həvəsləndirir. Fransa Müdafiə Nazirliyi bugünlərdə Ermənistanın hava hücumundan müdafiəsindəki boşluqları öyrənmək üçün İrəvana missiya göndəriləcəyini və onu ehtiyacı olan hərbi avadanlıqlarla təmin edəcəyini bəyan edib. Rəsmi Bakı bu bəyanatı regionda yeni eskalasiya üçün hazırlıq kimi qiymətləndirir.
Fransa Qarabağdan ermənilərin kütləvi köçünü “etnik təmizləmə” adlandırır. Baxmayaraq ki, Prezident E.Makronun Qranadada imza atdığı bəyanatda etnik təmizləmədən söhbət getmir, sənəddə yalnız bölgədən ermənilərin kütləvi köçməsindən bəhs olunur. Öz imzasına hörmət etməyən Paris təmsilçiləri Avropa və BMT strukturlarında “etnik təmizləmə” ittihamını yaymağa çalışır. Gözlənilir ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddiasına baxdıqdan sonra Fransa “etnik təmizləmə” iftirasını yenidən BMT Təhlükəsizlik Şurası səviyyəsinə qaldırsın.
Bütün bunlarla bərabər rəsmi Paris Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını öz egidası altına keçirməyə cəhd göstərir. Bu kontekstdə Şarl Mişelin vasitəçiliyinin Qranada görüşünün davamı kimi təqdim olunmasına cəhd edilir. Rəsmi Bakının etiraz etdiyi əsas məqamlardan biri də budur.
Azərbaycan tərəfi təklif edir ki, Ş.Mişelin şəxsi təşəbbüsü ilə 2 il əvvəl başlamış dialoq daha konkret məzmunda davam etdirilsin, burada kənar təsirlər, xüsusilə Fransanın zərərli mövqeyinə rol verilməsin. Amma Mişel Qranada bəyanatına imza atmaqla Azərbaycanla münasibətlərində ciddi problemlər yaradıb. Bu da Prezident İlham Əliyev tərəfindən ona irad şəklində çatdırılıb.
Brüssel görüşünün alınmamasının səbəbələrini həm də Azərbaycan və Ermənistanın xarici siyasətində getdikcə daha aydın nəzərə çarpan diametral ziddiyətlərdə axtarmaq olar. Oktyabrın 16-da Avropa Parlamentində çıxış edən Nikol Paşinyan Ermənistanın “Qərb nə qədər istəyir, o həddə” inteqrasiyada maraqlı olduğunu bəyan edib. Ermənistan hərbi-siyasi müttəfiqi Rusiya ilə münasibətlərdə ciddi problemlər yaradıb, Azərbaycanla danışıqlar mövzusundan Moskvanı birmənalı şəkildə çıxarıb. Nəticədə 44 günlük müharibədən sonra mövcud olan üçtərəfli format demək olar ki, dağılıb. Paşinyan sülh danışıqları üçün Azərbaycana ancaq Ermənistanın dəstəkləndiyi Qərb platformasını təklif edir.
Rəsmi Bakı isə prosesə daha geniş baxır, Prezident İlham Əliyev bəyan edir ki, ədalətli sülhün əldə olunması üçün bütün platformalar məqbuldur. Azərbaycanın xarici siyasətində regional müstəvi daha cəlbedici görünür. Bu baxımdan, Prezident İlham Əliyevin Tiflisə səfəri, Baş nazir İrakli Qaribaşvili ilə danışıqlarda Ermənistanla sülh müzakirələrinin Gürcüstan paytaxtında aparılmasının gündəmə gəlməsi təsadüfi deyil. Bakı həmçinin regionda bütün məsələlərin, o cümlədən Ermənistanla problemin hərtərəfli həlli üçün 3+3 formatının yaxşı müstəvi olduğunu bəyan edir. Amma Paşinyan hökuməti Tiflisdə danışıqlara müsbət baxmır, habelə bu günlərdə Tehranda xarici işlər nazirlərinin sülh layihəsi ilə bağlı müzakirələr üçün bir araya gəlməsinə mandat verməyib. Nazirlər – Ceyhun Bayramov və Ararat Mirzoyan qeyri-formal fikir mübadiləsi aparmaqla kifayətləniblər.
Azərbaycan-Ermənistan sülh danışıqlarının təxirə düşməsinin səbəblərindən bir də Yaxın Şərqdə baş verən qanlı toqquşmaların beynəlxalq gündəmi dəyişməsi ilə bağlıdır. Hazırda ABŞ, Avropa Birliyi, böyük dövlətlər İsraillə HƏMAS arasında davam edən qırğının regionu ağuşuna alacaq böyük müharibəyə çevrilməsinin qarşısını almağa çalışırlar. Bu kontekstdə artıq müharibənin bitdiyi Cənubi Qafqaz mövzuları arxa plana keçib.
Azərbaycan rəsmiləri bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünü tanıyır, Zəngəzur dəhlizi məsələsi müharibəsiz, danışıqlar yolu ilə həll olunacaq. Fransanın bütün cəhdlərinə baxmayaraq, Avropa İttifaqı və ABŞ üçün Bakının bu mövqeyi qaneedicidir. Sülh danışıqlarının necə və harada davam etdiriləcəyini indidən proqnozlaşdırmaq çətindir. Fransanın ucbatından Azərbaycanın Qərb platformasına marağı itib, Ermənistan isə Rusiya ilə münasibətləri korlayıb, alternativ variantları da yaxına buraxmır. Yalnız ABŞ prosesi yenidən, qaldığı yerdən tərpətmək iqtidarındadır, Dövlət Departamentinin Cənubi Qafqaz üzrə müşavirlərinin regionla bağlı açıqlamaları yaxın zamanlarda diplomatik fəallığın bərpa olunacağını deməyə əsas verir. O zaman xarici işlər nazirləri yenidən Vaşinqtonun yolunu tuta bilərlər…“AzPolitika.info”