image-rt-reklam
image-1backend

BP İraqa 25 milyard dollarlıq investisiya qoyur

image-728x90

Böyük Britaniyanın enerji nəhəngi BP, İraqın şimalında yerləşən Kirkuk bölgəsindəki neft və qaz yataqlarının işlənməsinə 25 milyard dollara qədər sərmayə yatırmağı planlaşdırır. Bu barədə məlumatı Reuters agentliyi yayıb.

İraqın baş nazir müavini və neft naziri Hayyan Əbdül Ğani bildirib ki, razılaşmaya əsasən, ilkin mərhələdə gündəlik hasilat həcmi 328 min barrel səviyyəsində müəyyən olunub:

“Bu göstərici müqavilənin başlanğıc nöqtəsi olacaq. Ondan yuxarı hasilat isə əlavə layihələr hesabına təmin ediləcək.”

BP bu layihəni İraqın dövlət şirkətləri olan North Oil Company (NOC) və North Gas Company (NGC) ilə birgə həyata keçirəcək. Tərəflər Kirkuk yatağının Baba və Avanah strukturlarında, eləcə də qonşu Jambur, Bay Hasan və Habbaz yataqlarında hasilatı bərpa etməyi və genişləndirməyi planlaşdırır.

Kirkuk–Ceyhan neft kəməri yenidən aktivləşdirilə bilər

Sənaye mənbələrinin məlumatına görə, bu layihənin uğurla icrası, uzun müddətdir fəaliyyətini dayandıran Kirkuk–Ceyhan neft kəməri ilə nəqlin bərpasına yol aça bilər. Qeyd edək ki, 970 km uzunluğunda olan bu kəmər, Kirkuk yataqlarını Türkiyə ilə birləşdirən İraqın ən iri ixrac marşrutudur.

BP rəhbərliyində dəyişiklik və yeni kurs

Digər tərəfdən, Financial Times yazır ki, BP-nin yeni Direktorlar Şurasının sədri Albert Manifold, rəhbər vəzifəyə başladığı 1 oktyabr tarixindən etibarən şirkətin aktivlərinin satışı və biznes modelinin sadələşdirilməsi istiqamətində islahatlara start verib.

Manifoldun fikrincə, BP-nin qlobal strukturu “çox mürəkkəb” hal alıb və fəaliyyət portfelinin yenidən nəzərdən keçirilməsi vacibdir:

“Bəzi aktivlərimiz digər şirkətlər üçün daha dəyərli ola bilər. Amma elələri də var ki, onların ən yaxşı sahibi elə bizik.”

Məqsəd: 2027-yə qədər 20 milyard dollar aktiv satışı

BP 2027-ci ilə qədər 20 milyard dollarlıq aktiv satışından gəlir əldə etməyi və hazırda 26 milyard dollar olan xalis borc yükünü 14–18 milyard dollara endirməyi hədəfləyir.

Bu strategiya çərçivəsində şirkət artıq Castrol smazka məhsulları bölməsinin satışına başlayıb. Qeyd edək ki, Castrol 2025-ci ilin ilk yarısında 483 milyon dollar EBIT (faiz və vergi öncəsi mənfəət) əldə edərək ötən ilin eyni dövrü ilə müqayisədə 22% artım nümayiş etdirib.

Manifold həmçinin şirkətin aşağı gəlirlilik səviyyəsinə və yüksək borclanmasına da diqqət çəkərək, təcili islahatlara ehtiyac olduğunu vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90