image-2000x150
image-1backend

Borrel və Makronun xam xəyalları iflasa məhkumdur  

image-728x90

44 günlük İkinci Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antirerror aksiyasından sonra Azərbaycan öz ərazi bütöblüyünü bərpa etdi, işğaldan azad edilən şəhərlərimizdə ölkəmizin Dövlət bayrağı ucaldıldı. Beləliklə, Azərbaycanın  yaratdığı yeni reallıqlar Cənubi Qafqazda sülhün bərqərar olunmasına zəmin yaratdı. Azərbaycan sülh prosesinə sadiqdir. Ona görə də İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Ölkəmiz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırlayaraq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdi.

Azərbaycanın qələbəsi, onun regionda güc mərkəzinə çevrilməsi isə təəssüflər olsun ki, bir sıra dövlətləri narahat etməyə başlamışdır. 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olmasına, Xocalı soyqırımına, 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşməsinə göz yuman, bölgədə sülhün bərqərar olması üçün heç bir iş görməyən həmin dövlətlər Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa eməsinə və Qarabağda separatizm yuvasını dağıdılmasına mənfi reaksiya verdilər. Məhz bundan sonra ölkəmiz müxtəlif istiqamətlərdə, Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılaraq hücumlara məruz qalıbdır.

Bunu fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib. “Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib.  Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Cənab Prezidentin vurğuladığı kimi: “Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”. Bildirilib ki, Aİ-nın rəsmisi Borrel və Fransa prezidenti Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.

Son vaxtlarda Azərbaycan-Ermənistan şərti sərhəddində qarşı tərəfin təxribatları həm də ona dəlalət edir ki, Ermənistan havadarlarının əli ilə  danışıqlar formatını dəyişdirmək niyyətindədir.  Bununla da onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlamaq istəyirlər. Amma bu, onların xam xəyallarından başqa bir şey deyil. Rəsmi İrəvan anlamalıdır ki,  bu kimi əməlləri regionda sülhün əsas təşəbbüskarı kimi çıxış edən Azərbaycanı haqq yolundan döndərə bilməyəcək. Onların hər dəfə törətdikləri təxribat və şantajlar da artıq effektli şəkildə beynəlxalq aləmdə ifşa olunur. Haylar son 3 ildəki acı məğlubiyyətdən, ötən il keçirilmiş birgünlük antiterror tədbirlərindən, eləcə də bu ilin fevralın 13-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində atəşkəsin pozulmasından sonra Azərbaycanın həyata keçirdiyi  “qisas əməliyyat”ından nəticə çıxarmalıdır.  Unutqanlıq Ermənistana heç də yaxşı şeylər vəd etmir. Bütün bunlar isə o deməkdir ki, bundan sonra da Azərbaycana qarşı hər hansı bir təhlükə mənbəyi olsa, o, dərhal məhv ediləcək. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, bundan sonra təcavüzkar niyyətli, işğal niyyətli hər hansı bir qüvvə Ermənistanda baş qaldırsa, o başı necə lazımdırsa, əzəcəyik. Yəni, Azərbaycan Ordusu öz ərazi bütövlüyü və suverenliyinə qarşı bütün təhdidlərə ən sərt formada cavab verəcək. Yaranmış gərgin vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın, həmçinin bölgədə vəziyyəti gərginləşdirməkdən əl çəkməyən Fransanın rəhbərliyinin üzərinə düşəcək.

Metin Hüseynov  –  siyasi sərhçi, politoloq

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90