Hazırda dünyanın siyasi gündəmi BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 80-ci sessiyasına köklənib. Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə işgüzar səfər edib. Səfərinin ilk günü dövlətimizin başçısı Nyu Yorkda qarşı tərəflərin müraciətlərinə əsasən mühüm görüşlər keçirib. Prezident İlham Əliyev BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında İraq və Keniya prezidentləri, Yunanıstanın baş naziri və Avropa Şurasının Baş katibi ilə görüşüb.
Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı iştirakını müstəsna edən ayrı vacib məqamlar da var ki, bunlara mütləq toxunulmalıdır.
Məlumdur ki, Azərbaycan BMT ilə əlaqələrə hər zaman böyük önəm verib. 1992-ci il martın 2-dən bu quruma üzv olan respublikamızın BMT ilə əlaqələrinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyev BMT-nin müxtəlif sessiyalarında Ermənistan-Azərbaycan münaqişəsini dünya ictimaiyyətinin nəzərinə çatdırıb, ölkəmizin prinsipial mövqeyini ortaya qoyub. Eyni zamanda Prezident İlham Əliyev daim BMT ilə əlaqələrin inkişafının tərəfdarı olub. Qurumun əvvəlki sessiyalarında da iştirak edən Prezident İlham Əliyevin 20 sentyabr 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqi, həmçinin qurumun 75-ci sessiyasının ümumi debatlarında etdiyi çıxışları ölkəmizin həqiqətlərinin dünyaya bir daha çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin ifşası baxımından çox vacib əhəmiyyət daşımışdı.
Ancaq Azərbaycan Prezidenti bu dəfə Nyu Yorka vaxtilə BMT tribunasından dünyaya çatdırdığı və ədalətli həllini tələb etdiyi Qarabağ məsələsini məhz öz siyasi qətiyyəti ilə yoluna qoyan qalib lider kimi yollanıb. Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının onilliklər boyu kağız üzərində qalan məlum qətnamələri yerinə yetirilib və Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Dövlətimizin başçısı cəmi bir ay əvvəl ABŞ-yə işgüzar səfərə yollanmışdı. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə İlham Əliyevin Vaşinqtona səfəri bölgəmizdə dayanıqlı sülhün əldə olunması üçün atılan vacib addımlarla yadda qaldı. Bir sözlə, Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasına ədaləti təmin edən və sülh yaradan lider kimi qatılıb.
Dövlət başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı deyib ki: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”.
Bildirib ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Bununla da onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.
44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. “Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev hər zaman BMT Baş Assambleyasının sessiyalarında xüsusi ehtiram və hörmətlə qarşılanıb. Sessiya çərçivəsində ölkəmizin rəhbərinin etdiyi çıxışlar, keçirdiyi görüşlər böyük maraqla qarşılanıb. Dövlətimizin başçısının BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasının ən nüfuzlu qonaqları sırasında olması bu baxımdan təsadüfi deyil.
Prezident İlham Əliyev səfərinin ilk günündə Nyu Yorkda bir neçə tanınmış şirkət rəhbəri ilə görüşlər keçirib. Bunlar dünyanın alternativ investisiyalar sahəsində böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management”in baş icraçı direktoru Brüs Flətt, beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edən “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qreydir. Vurğulayaq ki, dövlətimizin başçısı ilə görüşlər məhz qarşı tərəflərin müraciətləri əsasında baş tutub ki, bu da adıçəkilən şirkətlərin ölkəmizə olan böyük marağından xəbər verir.
Ümumilikdə ölkə başçısının Nyu-Yorkda keçirdiyi bütün yüksəksəviyyəli görüşlər dünyada Azərbaycana olan böyük diqqət və marağın, Prezident İlham Əliyevin qlobal nüfuzunun göstəricisidir.
Metin Hüseynov – siyasi sərhçi, politoloq